Əsas Səhifə > Gündəm, Manşet > MƏKTƏB DİREKTORU EHTİYAT TƏDBİRİNƏ ƏL ATIB

MƏKTƏB DİREKTORU EHTİYAT TƏDBİRİNƏ ƏL ATIB


25-07-2012, 12:44
MƏKTƏB DİREKTORU EHTİYAT TƏDBİRİNƏ ƏL ATIB

NAZİRLİKDƏN QAYNAQLANAN KORRUPSİYA MAŞINI TƏHSİLİN EVİNİ YIXIR

DİA.AZ: - Neçə müddətdir ki, Bakıdakı orta məktəblərlə bağlı monitorinqlər apararaq, birinci siniflərə qəbul prosesini izləməkdəyik. Əvvəlki məlumatlarımızda da bildirmişik ki, ən acınacaqlı durum paytaxtın mərkəzi rayonlarında hökm sürməkdədir. Belə ki, Səbayel və Nəsimi rayonlarında orta məktəblərin birinci siniflərinə şagird qəbulu zamanı əməlli-başlı bazar açılıb ki, bunun da birbaşa olaraq təhsil nazirliyindən qaynaqlandığı söylənilir.

DİA.AZ-ın apardığı araşdırmalardan da aydın olur ki, 2010-cu ildə məktəb-təhsil kompleksi adını alaraq, birbaşa qaydada təhsil nazirliyinin tabeçiliyinə verilən 132-134 saylı kompleksin rəhbərliyi hətta özünün tariflərini də müəyyən edib: Azərbaycan dili bölməsinə birinci sinifə qəbul üçün 1000-1500 manat, rus dili bölməsinə isə 3000 manat pul tələb olunur.

Qeyd edək ki, bu məlumatlarımızdan sonra məktəbin direktoru Sara Xanlarova ehtiyat tədbirlərinə əl atıb və hətta dünən birinci sinfə qəbul etdiyi şagirdlərin valideynlərindən əlavə «şirinlikləri» almağa da ehtiyatlanıb. Bu barədə redaksiyamızı bilgiləndirən valideynlərdən birinin sözlərinə görə, Sara Xanlarova ona pul vermək istəyən valideynlərə «bizi prezident İlham Əliyev maliyyələşdirir və bizim kiminsə puluna ehtiyacımız yoxdur» deyərək reaksiya verib: «Mənim böyük övladım da həmin məktəbdə oxuyur və bu il ikinci sinfə keçib. Amma keçən il sinfə qəbuldan əlavə, Sara Xanlarovaya 100 manat şirinlik də vermişdim ki, onu da aldı. İndii isə mətbuatın diqqətindən ehtiyatlandığından belə deməyə məcbur olub».

Amma bir başqa mənbəmiz isə bildirdi ki, Sara Xanlarova xırda «şirinlik»lərdən imtina etsə də, qəbul üçün nəzərdə tutulan böyük pullardan vaz keçə bilmir. Bu barədə məlumatı verən məktəbdəki mənbəmiz iddia edir ki, bu işi artıq Sara xanımın əvəzinə ayrı-ayrı dəllallar həyata keçirir: «Məktəb direktorunun araçıları var və onlar valideynlərdən pulu özləri alırlar və sonra direktora çatdırırlar».

Hər halda, DİA.AZ-ın apardığı monitorinqlərin bir məktəbin direktorunu bu şəkildə ehtiyatlı davranmağa vadar etməsinin özü belə müsbət göstəricidir. Yerdə qalanı isə müvafiq dövlət qurumlarının boynuna düşür. Çünki söhbət korrupsiya faktından gedir. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt