Əsas Səhifə > Ölkə > RAMİL USUBOVUN ADI TİCARƏT MƏRKƏZİ QALMAQALINDA

RAMİL USUBOVUN ADI TİCARƏT MƏRKƏZİ QALMAQALINDA


24-07-2012, 18:12
RAMİL USUBOVUN ADI TİCARƏT MƏRKƏZİ QALMAQALINDA

NAZİR KİMİ YALNIZ 3 GÜN HƏBSDƏ SAXLAYA BİLİB?

Bakı sakini Arifə Əliyeva deyir ki, sahibi olduğu ticarət mərkəzi saxta müqavilə əsasında Bakı şəhər 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarı ilə əlindən alınıb.

Arifə Əliyevanın bildirməsinə görə, şəxsi vəsaitləri hesabına Nəsimi rayonu S. Rəhimov küçəsi 192-də inşa etdikləri Ticarət Mərkəzi «Xudafərin-AN» MMC-ə təhkim edilib. Həmin MMC isə 1994-cü ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaranmış «Xudafərin» kiçik müəssisəsinin hüquqi varisidir.

Arifə Əliyeva deyir ki, 2010-cu il avqustun 5-də işlətdikləri ticarət obyektində naməlum şəraitdə yanğın baş verib. Onun bildirməsinə görə, yanğından 4-5 gün sonra Mehman Həsənov adlı şəxs gəlib bildirib ki, obyekti təmir edib yenidən işlətmək istəyir. Bağlanan müqaviləyə əsasən, Mehman Həsənov hər ay Arifə Əliyevaya icarə haqqı olaraq 3000 manat ödəməli imiş. Mehman Həsənov sonradan müqavilə əsasında razılaşdırılmış icarə haqqını ödəməkdən imtina edib.

«DEDİ Kİ, MƏNİM ARXAMDA RAMİL USUBOV DURUR»

Arifə Əliyeva deyir ki, ötən il fevral ayında ticarət mərkəzinə gedərək Mehman Həsənovdan ya icarə haqqını ödəməyi, ya da obyekti tərk etməyi tələb ediblər:

«Dedi ki, mənim arxamda Daxili İşlər naziri Ramil Usubov durur. Bu dəqiqə polisləri bura çağıracağam. 15 dəqiqə keçmədi 25 nəfərə yaxın polis işçisi Mehmanın qohumları ilə birgə üstümüzə basqın etdilər. Xəstə yoldaşımı, özümü, qızlarımı döyərək təhqir etdilər. Zorakılığa məruz qalmış həyat yoldaşım və qızlarım müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya göndərildi. Bu azmış kimi, bizdən polisə şikayət etdilər. BŞBPİ-də bizə qarşı cinayət işinin açılmasına nail oldular».

Arifə Əliyeva deyir ki, bu hadisədən sonra Ramil Usubova müraciət ediblər və həmin cinayət işinə xitam verilib.

«NAZİR DEDİ Kİ, MEHMAN HÜSEYNOV FIRILDAQÇIDIR»

Arifə Əliyevanın bildirməsinə görə, 2011-ci ilin noyabr ayında Ramil Usubovla şəxsən görüşə bilib:

«Nazir dedi ki, Mehman Həsənov fırıldaqçıdır və onun adından öz məqsədləri üçün bir neçə dəfə istifadə edib. Göstəriş verdi ki, Mehmanı həbs edib cəzalandırsınlar. Lakin, Mehman cəmi üç gün həbsdə qaldı. Himayədarları onu üç gün sonra buraxdırdılar. Bundan sonra Mehman saxta müqavilə və saxta smeta sənədləri düzəldərək iddia etdi ki, guya obyektin təmirinə 250 000 manat vəsait qoyub».

Arifə Əliyeva deyir ki, Mehman Həsənov həmin saxta sənədlərlə Bakı şəhər 1 saylı İnzibati – İqtisad Məhkəməsinə müraciət edərək ona qarşı iddia qaldırıb. 2012-ci il iyunun 25-də iqtisad məhkəməsi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 29 yanvar 1994-cü il tarixli 96 saylı Sərəncamın icrasının dayandırılması haqda qərar çıxarıb. Arifə Əliyeva deyir ki, məhkəmənin qərarına əsasən, onun həmin obyektlə bağlı bütün hüquqları əlindən alınıb.

«YUXARILARDA HEÇ BİR QOHUMUM YOXDUR»

Məsələyə münasibət öyrənmək üçün Mehman Həsənovla əlaqə saxladıq. O, haqqında deyilənləri rədd etdi:

«Mənim yuxarılarda heç bir qohumum yoxdur. Yalan deyir, məni heç kim həbs elətdirməyib. Nazir ikimizi birlikdə qəbul elədi və mənim haqlı olduğumu bildirdi. Onun obyekti yanmışdı. Müqavilə bağladıq ki, həmin obyekti mənə satacaq. Obyekti təzədən tikəndən sonra dedi ki, yox, satmıram. Məndən icarə haqqı istədi. Mən də məhkəməyə müraciət etdim, məhkəmə də ədalətli qərar çıxardı. Mən heç kimi də döyməmişəm».

DİN Mətbuat Xidmətinin rəhbəri Orxan Mənsurzadə isə bildirdi ki, Arifə Əliyeva onlara yazılı müraciət etsə, məsələni araşdıracaqlar.

«BU QƏRAR ÇOX ABSURD QƏRARDIR»

Arifə Əliyevanın vəkili Xaliq Bağırov isə Bakı şəhər 1 saylı İnzibati – İqtisad Məhkəməsinin qərarını sifarişli sayır:

«Mehman Həsənov məhkəmədə iddia qaldırıb ki, obyektə xərc qoyduğuna görə işə mahiyyəti üzrə baxılana qədər icra hakimiyyətinin qərarı ləğv edilsin. Məhkəmə də qərar çıxararaq bu iddianı təmin etdi. Bu qərar çox absurd qərardır. Obyektin sərəncamı 1994-cü ildə verilib. Qanuna görə, sərəncamda 30 gün müddətində şikayət vermək olar. Həmin sərəncamın verilməsindən 20 ilə yaxın vaxt keçib. Qanuna görə, Mehman Həsənovunun iddiasının təmin olunması mümkün olmayan bir məsələdir...».

Geri qayıt