Əsas Səhifə > Ölkə > İCRA BAŞÇISI NARAZI CAMAATI QOVDU
İCRA BAŞÇISI NARAZI CAMAATI QOVDU23-07-2012, 14:00 |
SABİRABADDA DAHA BİR AKSİYA KEÇİRİLDİ Bu gün saat 11:30 radələrində Kür daşqınlarından əziyyət çəkən Sabirabad rayonunun Bala Həşimxanlı, Qasımbəyli və Yuxarı Axtaçı kəndlərinin 100-dən çox sakini Sabirabad Rayon İcra Hakimiyyətinin binasının qarşısına yığışaraq aksiya keçiriblər. Bu barədə gozetci.az portalına sakinlər məlumat verib. Onlar daşqına görə dövlət tərəfindən verilən kompensasiyaların ədalətsiz bölgüsünə etiraz edirlər. Sakinlərin dediyinə görə, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov onları qəbul edib, şikayətlərini dinləmək əvəzinə, onları qəbul etməkdən imtina edərək kobud davranıb və sakinləri oradan qovub. Sakinlər onu da əlavə etdi ki, ora gələn polis əməkdaşları da sakinlərə hədə-qorxu gəlib. Bundan sonra sakinlər oranı tərk ediblər. Sakinlər dedilər ki, 1993-94 cü illərdə Haramı düzündə ermənilərlə döyüşdə döş qəfəsindən güllə yarası alan Bala Həşimxanlı kənd sakini Rafael Murad oğlu Pənciyev hələ də ikiotaqlı, çiyi kərpicdən tikilmiş və qəzalı vəziyyətdə olan evdə ailəsi ilə qorxu içində yaşamasına baxmayaraq ona heç bir diqqət yoxdur. Onun qardaşı Nəsimi Pənciyevin də eyni vəziyyətdə yaşadığı bildirilir: “Azacıq imkanı olan kənd sakinləri rüşvət verərək istədikləri kompensasiyanı alır və ev tikdirirlər. Amma Pənciyevlərin imkanı olmadığından rüşvət verə bilmirlər və bu səbəbdən də onlara heç bir yardım edilmir”, -deyə sakinlər bildirib. Qeyd edək ki, bir neçə gün öncə Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov da prezident İlham Əliyev tərəfindən təltif edilib. Dövlət başçısı Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nazim Mehdi oğlu İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb. Nazim İsmayılovun 60 yaşı tamam olur. O, 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun, istilik energetik mühəndisi fakültəsini bitirib. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub. 31.05.1994 – 19.04.2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının müavini, 19.04.2001 – 07.07.2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısı vəsifəsində çalışıb. Sonradan iş yeri dəyişdirilən N.İsmayılov 07.07.2006 – 21.04.2011-ci il aralığında Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı postunu tutub. Prezident İlham Əliyevin 21 aprel 2011-c il tarixli sərancamına əsasən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elə həmin gün onun Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalanıb. Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə hazırıq. \ gozetci.az \ Geri qayıt |