Əsas Səhifə > Cəmiyyət, Manşet > OLİQARXLARIN İÇ SAVAŞI
OLİQARXLARIN İÇ SAVAŞI26-10-2011, 16:28 |
FHN ŞEFİ PA RƏHBƏRİNƏ QARŞI DİA.AZ: - Hələ bir müddət əvvəldən məlumat verərək bildirmişdik ki, YAP sədrinin müavini və partiyanın icraçı katibi postunu tutan Əli Əhmədov hakimiyyətin bəzi fiqurları tərəfindən hədəfə alınıb. Onu «vuran» qrup hələ keçən ilki parlament seçkiləri ərəfəsindən aktivləşib. Həmin zaman Əli Əhmədovu mandatsız qoymağa çalışsalar da, onu AMİP-çi keçmişi ilə belə şantaja qalxsalar da, sonda Əli Əhmədov əvvəlki dairəsindən mandatını əldə edə bildi. Bu isə öz növbəsində ona qarşı kampaniyanın səngiməsi ilə nəticələndi. Amma son zamanlar hakim partiyanın icraçı katibi yenidən hücum hədəfinə çevrildi. Hətta onun əlindəki obyektlərlə bağlı da mətbuata məlumatlar ötürüldü. Bildirildi ki, Əli Əhmədov öz obyektlərini ayrı-ayrı dövlət qurumlarına baha qiymətə icarəyə verir və bu biznesindən külli miqdarda gəlir əldə edir. Və bildirək ki, bu məlumatlar bir neçə gün dövrü mətbuatda işlənildi və nəhayətdə Əli Əhmədov cinahı da proseslərə cəlb olundu. Hətta Əli Əhmədova bu məsələdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dəstək də verildi. Belə ki, FHN şefinin nəzarətində olan media qurumları YAP-ın icraçı katibinin müdafiəsinə qalxdılar. Bütün bunları xatırladan mənbəmiz vurğulayır ki, Əli Əhmədovu hədəfə alan prezident administrasiyası rəhbərliyi artıq bu işdən vaz keçməli olub: «Bu günlərdə birbaşa olaraq prezidentin bu məsələyə müdaxilə etdiyi bildirilir. Hətta prezidentin Əli Əhmədovu daha böyük mənsəblərə layiq olduğunu söylədiyi haqda da söhbətlər dolaşmaqdadır». Mənbə bildirir ki, bundan sonra antiƏhmədovçu qrup fəaliyyətini durdurmaq məcburiyyətində qalıb. Bu hadisəni eyni zamanda YAP-ın icraçı katibinin qələbəsi kimi təqdim edən məlumatlı qaynaq iddia edir ki, yaxın günlərdə Əli Əhmədov yüksək posta təqdim oluna bilər. Bildirək ki, Əli Əhmədovu zərərsizləşdirməyə çalışan qrupa birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev başçılıq etməkdədir və keçən parlament seçkiləri ərəfəsində də mətbuatda bu qarşıdurma ilə bağlı silsilə materiallar dərc olundu. Həmin ərəfədə mətbuatın yazdıqlarından belə məlum olurdu ki, Əli Əhmədov Ramiz Mehdiyevin yerinə hazırlanır və hakimiyyətin içindəki müəyyən qruplar bu təyinatda maraqlıdırlar. Bu məsələni də xatırladan məlumatlı mənbələrin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) verdiyi məlumata görə, Əli Əhmədovun ən böyük dəstəkçilərindən biri elə FHN şefi Kəmaləddin Heydərovdur. Kəmaləddin Heydərov hətta Əli Əhmədovun PA-ya gətirilməsi üçün nəzarətində olan mətbuatda bir müddət əvvəl təbliğat xarakterli materialları da intensivləşdirmişdi. Bundan xəbər tutan Ramiz Mehdiyev isə rəqibinin bu şəkildə təbliğatının qurulmasından narahat olaraq proseslərə müdaxilə etməli oldu. Nəticədə Əli Əhmədovun «reklam kampaniyası»na ara verildi. Redaksiyamıza daxil olan son məlumatlara görə, Ramiz Mehdiyev artıq Əli Əhmədovdan əl çəkirmiş kimi görünür: «Çünki artıq məsələyə prezident səviyyəsində reaksiya verilib. Kəmaləddin Heydərov buna da nail oldu. Onu da qeyd edək ki, hal-hazırda Kəmaləddin Heydərov FHN ilə yanaşı daha iki mühüm dövlət qurumunu nəzarətində saxlayır. Həm Vergilər Naziri Fazil Məmmədov və həm də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Kəmaləddin Heydərovun adamlarıdır. Əgər FHN şefi Əli Əhmədovu PA-ya rəhbər gətirdə bilərsə, bu zaman o, hakim komandada şəriksiz liderə çevrilə bilər və bu hadisə Kəmaləddin Heydərovun bu vaxta qədər əldə etdiyi ən böyük qələbəsi olacaq. Geri qayıt |