Əsas Səhifə > Gündəm, Manşet > KƏMALƏDDİN HEYDƏROVA QARŞI KƏNDLİ ÜSYANI

KƏMALƏDDİN HEYDƏROVA QARŞI KƏNDLİ ÜSYANI


22-07-2012, 13:13
KƏMALƏDDİN HEYDƏROVA QARŞI KƏNDLİ ÜSYANI

ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏN ZAQATALALILAR BAKIYA YÜRÜŞ ETMƏK İSTƏYİR

DİA.AZ: - Bu ilin may ayının 7-də Zaqatalada baş verən güclü yeraltı təkanlar əslində, tək bir bölgəmizin deyil, bütünlükdə olaraq Azərbaycanın bu kimi fəlakətlərə hazırlıqsız olmasını təsdiqlədi.

Xatırladaq ki, zəlzələ nəticəsində 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Bildirək ki, əslində hər il milyonlarla manatın xərcləndiyi fövqəladə hallar nazirliyinin Zaqatalada çətin duruma düşməsi də fəlakətin ardından ən çox danışılan məsələlərdən biri oldu. Belə ki, konkret olaraq iki kəndin sakinləri bir həftə ərzində heç bir dövlət qayğısını müşahidə etmədilər. Yerli icra strukturları isə bu zaman günahı üzərlərindən ataraq bütün məsuliyyətin Bakıda - fövqəladə hallar nazirliyində olmasını irəli sürdülər.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Zaqatala zəlzələsi də Kür daşqınları kimi məmurlarımız üçün əslində bir yeyinti yeridir və bundan özgə bir əhəmiyyətə malik deyil. Belə ki, redaksiyamıza müraciət edən bir qrup Gözbarax və Mamrux, Güllük kəndlərinin sakinlərinin sözlərinə görə, dövlətin ayırdığı 20 milyon manatdan onların kəndlərinə 20 manatdan artıq pul xərclənməyib.

Belə ki, hələ də hər üç kənddəki orta məktəbin tikintisinin alayarımçıq aparıldığını bildirən narazı vətəndaşlar, dağılmış evlərin qarşılığında da insan həyatı üçün yaşanılması təhlükə hesab olunan tikililərin quraşdırılmasına start verildiyini bildirirlər: «Açıq-aşkar yeyinti üçün çalışdıqları aydındır. İcra başçısı Mübariz Əhmədzadəyə dəfələrlə müraciət etsək də, şikayətlərimiz qulaqardına vurulur. Bizim üçün tikilən evlər indidən qəzalı vəziyyətdədir. Bir daha zəlzələ olsa, sağ çıxma şansımız sıfıra bərabərdir».

Onu da bildirək ki, Zaqatalaya ayrılan 20 milyon manatlıq vəsaitin xərclənməsi (oxu «yeyintisi» -red.) bir kimsəyə yox, elə Kəmaləddin Heydərova məxsus olan “Gilan-İnşaat” MMC-yə tapşırılıb. Elə məsələyə bu istiqamətdən baxdıqda, zaqatalıların nədən narazı olmalarını müəyyən etmək çox asandır.

Qeyd edək ki, narazı vətəndaşlar gələn həftə fövqəladə hallar nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını da redaksiyamıza söyləyiblər.

Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin…


Geri qayıt