Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIMIZ “QUYRUĞU ƏLƏ VERİB”
MƏMURLARIMIZ “QUYRUĞU ƏLƏ VERİB”19-07-2012, 12:51 |
«BANK HESABLARINA QADAĞA» TƏHLÜKƏSİNİ NAZİRLƏR NECƏ ÖNLƏYİB? DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, ABŞ və Avropa azərbaycanlı məmurlara qarşı müxtəlif sanksiyalar tətbiq etməyə hazırlaşır ki, bu əsnada da nəzərdə tutulanı ayrı-ayrı məmurlarmızın bank hesablarına qadağaların qoyulması və onlara vizaların verilməməsi kimi tədbirlərdir. Onu da xatırladaq ki, bu məsələ ilə əlaqədar ABŞ-ın rəsmi dilləri də öz mövqelərini ortaya qoydular. «Hələlik Azərbaycan məmurlarına qarşı ABŞ hökuməti tərəfindən viza məhdudiyyətlərini ifadə edən hər-hansı məxsusi qərar yoxdur». Bildirək ki, bu ifadə Amerikadakı çox nüfuzlu məmurlardan birinin anonim açıqlamasında yer alıb. “Lakin məsələnin bu cür qoyuluşu ümumiyyətlə doğru olmazdı”, deyən həmin şəxs əlavə edib ki, Vaşinqtonda viza üçün müraciət edənlərin işlərinə “fərdi” yanaşırlar. “İnsan haqlarının kobud pozuntusunda adı hallanmış şəxslərin əməlləri heç zaman diqqətimizdən yayınmır. Biz onların cəzalandırılmasına nail olmaq üçün dünyanın hər yerində çalışırıq. Elələrinə viza verilməsindən imtina edilməsi üçün də kifayət qədər hüquqi əsas və qanunlar mövcuddur", deyə amerikalı məmur qeyd edib. Konkret olaraq Azərbaycan məmurlarına viza verilməsi qadağasına gəlincə isə, Administrasiya ilə Konqres arasında bu barədə heç bir razılaşma yoxdur. Əgər Rusiyaya münasibətdə nəzərdən keçirilən Magnitski qanunu nəzərdə tutulursa, o sənəd hələ Senat tərəfindən qəbul edilməyib və senatorlar qanuna onun mümkün presedentlərini ifadə edə biləcək əlavə-düzəliş gətirmək, yaxud mövcud layihəni dəyişmək səlahiyyətlərini özlərində saxlayırlar, deyə mənbə qeyd edib. Bununla o, bu və ya digər məmura qarşı sanksiya qərarının istənilən an qəbul edilə biləcəyinə eyham edib. Xatırladaq ki, iyulun 11-də Vaşinqtonda dialoqlar aparmış Rusiya Dumasının yüksək səviyyəli üzvləri Administrasiyanı Senatda müzakirə olunan qanun layihəsini geri götürməyə çağırıblar. Lakin bu xahişə məhəl qoyulmayıb. Bildirək ki, bu arada DİA.AZ-a çox ilginc məlumatlar daxil olub. Hökumət içindəki mötəbər mənbələrdən sızan informasiyaya görə, son günlər beynəlxalq qurumların Azərbaycanın demokratikləşdirilməsi ilə bağlı siyasətlərində daha israrlı mövqe nümayiş etdirmələri əslində çox ciddi siqnal olaraq qəbul edilməlidir. Mənbə bildirir ki, məsələ tək bununla bitmədiyindən daha konkret addımların atılması da nəzərdə tutulub. Xatırladaq ki, ayrı-ayrı dövlət məmurlarının xarici banklardakı hesablarına əl qoyulacağı və hətta bu hesablardan bəzilərinin artıq dondurulması ilə bağlı məlumatlar az öncə dövrü mətbuatımızda da yer almışdı. Bu dəfə isə mötəbər qaynaq çox ilginc məqamlara toxunur: «Konkret olaraq 2 nazirin gizli bank hesabları beynəlxalq konsorsium tərəfindən deşifrə olunub. Hələlik həmin hesablarla bağlı hansısa tədbir görülməsə də, gələcəkdə bu fakt da hakimiyyət üçün başağrısına çevrilə bilər». Mənbəmiz bildirir ki, hər iki bank hesabında ümumilikdə olaraq 800 milyon avroya yaxın pul saxlanılır: «Məlum olur ki, hesablardan biri əslən Bakıdan olan və hazırda İsraildə yaşayan xırda miqyaslı dövriyyəsi olan bir yəhudi iş adamına məxsusdur». Mənbəmizə görə, faktı İsrailin xüsusi xidmət orqanları aşkarlayıb və onlar hesabında külli-miqdarda vəsait olan xırda yəhudi sahibkarının fəaliyyətini son 3 ay ərzində təqibə alıblar və bundan sonra əsl məqamı aşkarlaya biliblər. Məlum olub ki, həmin hesaba bir neçə ünvandan - Rusiyadan, Türkiyədən və Azərbaycandan pul yatırılır: «Lakin sənədlərdə adı Viktor Alekseyeviç İsakov olan həmin şəxsin hər üç ünvanla hansısa formada nə işgüzar, nə də məişət əlaqələrinin olmadığı aşkarlanıb. Və bundan sonra İsrailin xüsusi xidmət orqanları təqiblərə qərar veriblər». Bu bank hesablarından hansı formada istifadə olunacağına gəlincə isə mənbəmiz onu bildirdi ki, yaxın günlərdə Azərbaycanın məmurlarına məxsus məhz gizli bank hesabları ilə bağlı ciddi hərəkətlənmə gözlənilir: «Elə həmin ərəfədə bu bank hesabının da taleyi müəyyən olunacaq». Geri qayıt |