Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HƏDƏFDƏ YENƏ MİSİR MƏRDANOVDUR

HƏDƏFDƏ YENƏ MİSİR MƏRDANOVDUR


12-07-2012, 13:02
HƏDƏFDƏ YENƏ MİSİR MƏRDANOVDUR

MÜƏLLİM TƏHSİL NAZİRLİYİNİ İTTİHAM EDİR

“Orta məktəblərdə vakant yerlərə müəllim qəbulu prosesində ədalətsizlik var. Mən bunu faktlarla sübut edərəm. Hansı haqla ötənilki imtahanların obyektivliyindən və uğurlardan danışırlar, anlamıram”. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəmşad Ağayev “Media forum” saytına şikayət məktunda belə yazır.

Şəmşad Ağayev qeyd edir ki, ötən il müəllimlərin vakant yerlərə qəbulu zamanı özü də ədalətsizliklə qarşılaşıb: “Ötən il vakant yerlərə keçirilmiş imtahanda iştirak etdim. Sentyabrın 9-da imtahan verdim. Bakı və Bakıətrafı rayonlarda müəllim işləmək istəyənlər imtahanda 28 suala düzgün cavab verməli, 80 faiz bal toplamalı idi. Mən imtahanda 30.49 bal topladım. Bu da az qala 90 faiz deməkdir. Amma seçdiyim məktəblərə məni işə qəbul etmədilər. Elektron səhifəmə - “Şəxsi kabinet”imə bildiriş gəldi ki, guya topladığım bal yetərli deyil. Dedim yəqin ki, həmin məktəbləri yüksək bal toplayanlar tutub. Ancaq sonradan bəlli oldu ki, Suraxanı rayonu 118 saylı məktəbə heç kəs göndərilməyib”.

Şəmşad Ağayevin sözlərinə görə, təhsil naziri bu işi nazirliyin kadrlar şöbəsinin müdiri Fərzəli Qədirova həvalə edib. O da maraqlarına uyğun şəkildə istədiyi adamı müəllim təyin edib: “Nazirə bir neçə dəfə müraciət etdim, ancaq cavab gəlmədi. Fərzəli Qədirov isə ümumiyyətlə mənimlə görüşmək istəmədi. Sonra ikinci tura getdim. Gördüm ki, 118 saylı məktəb də vakant yerlərə salınıb, halbuki mən o məktəbi birinci sırada seçmişdim. Bu gün də sənədlər əlimdədir. İstənilən vaxt təqdim edə bilərəm”.

Müəllim bildirir ki, bu ədalətsizliyə etiraz etsə də, heç bir nəticəsi olmayıb: “Etirazımı bildirdim ki, əgər bu məktəbə kimsə getməyibsə və ortada topladığım bu qədər bal varsa, niyə bu məktəbi vakant yerlərə salmısınız? Nazirliyin ümumi şöbəsinin müdiri Xəyyam Fərəcov dedi ki, get otur evində, sənin etirazlarına əhəmiyyət verilməyəcək. Bundan sonra Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovla əlaqə saxladım, o da təxminən eyni cavabı verdi”.

Müəllim yazır ki, nazirlə görüşmək mümkün olmayıb, onu nazirin köməkçisi Rasim Süleymanov qəbul edib: “Mən problemi nazirin köməkçisinə danışdım. Sənədlərə baxıb bildirdi ki, haqqını heç kəs əlindən ala bilməz, mən məsələni nazirə çatdıracam, bir az səbirli ol. Ancaq bir müddət keçdi, səs çıxmadı”.

Şəmşad Ağayevin sözlərinə görə, bu ilin yanvar ayından nazirlikdən ona yalan vədlər verilir, ancaq problem həll olunmur: “Dedilər ki, yanvar ayından yaşlı müəllimləri təqaüdə göndərərik, onda sizi də işlə təmin edərik. Bu da quru vəd oldu. İyulun 9-da yenidən nazirin qəbuluna yazıldım. Köməkçisi Rasim Süleymanov məni qəbul etdi və bildirdi ki, problemi nazirə çatdıracaq. Ayın 11-də Rasim Süleymanova zəng etdim, dedi ki, kadrlar şöbəsinin sənə verdiyi cavab qanunidir. Nazir deyir ki, həmin cavabı yeni bir ərizəyə tikib göndərsin bizə. Başa düşmürəm, kadrlar şöbəsi mənə nə vaxt obyektiv cavab verdi ki, qanuni də olsun?”

Geri qayıt