Əsas Səhifə > Gündəm, Manşet > TƏHSİL NAZİRİ POSTUNA KİMİ TƏYİN EDƏCƏKLƏR?

TƏHSİL NAZİRİ POSTUNA KİMİ TƏYİN EDƏCƏKLƏR?


12-07-2012, 12:44
TƏHSİL NAZİRİ POSTUNA KİMİ TƏYİN EDƏCƏKLƏR?

İDDİALILAR SIRASINDA TN-DƏN QOVULMUŞ ELMAR QASIMOVUN DA ADI VAR

DİA.AZ: - Təhsil sistemindəki özbaşınalıqlara nəhayət ki, hakimiyyətin bir əncam qılacağı haqda məlumatlar almışıq. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynağın sözlərindən belə məlum olur ki, son zamanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində təhsil sistemindən ortaya çıxan biabırçı faktlar yuxarı dairələrin də diqqətini cəlb edib.

Bu barədə TN-dəki bilgili qaynağın söylədikləri: «Artıq məsələ prezident İlham Əliyevin səviyyəsində müzakirə olunmaqdadır». Məlumat üçün bildirək ki, dünənə qədər bir sıra qaynaqlar təhsil sisteminin başında dayanan nazir Misir Mərdanovun bunca toxunulmazlığını və nəzarətsizliyini onun birbaşa olaraq hakimiyyətə çox yaxın çevrələrlə əməkdaşlığı ilə əlaqələndirirdilər. Yəni özünə arxayın olan Misir Mərdanov istənilən halda görəv başında saxlanılacağına əmin olduğundan təhsilimizin anasını ağlatmağında davam etməkdədir.

Amma indi məsələyə «dur» deyilməsinin zamanının çatdığı bildirilir. Məlumatlı mənbənin dediyinə görə, Misir Mərdanovun hətta istefaya göndərilməsi, təhsil sistemində fundamental islahatların həyata keçirilməsi də təklif olunur.

Xatırladaq ki, Misir Mərdanovun istefa xəbəri bir müddət əvvəl də dövrü mətbuatda hallandırıldı. Və qəzetlərdə yer alan informasiyaya görə, bu posta iki şanslı iddiaçı var ki, yeni nazir məhz onların arasından müəyyən olunacaq. İddialılardan birinin bir zamanlar nazir müavini postu tutduğu bildirilir. Söhbət 39 yaşlı Elmar Qasımovdan gedirdi. Bildirək ki, Elmar Qasımov keçənilki ələmələr zamanı TN-dən uzaqlaşdırıldı və haqlı olaraq ekspertlər tərəfindən, bu proses Misir Mərdanovun qələbəsi kimi təqdim olundu. Çünki artıq Qasımovun nazir təyin edilməsi üçün bütün tədarüklər görülübmüş.

Qeyd edək ki, Elmar Qasımov əslində elə Misir Mərdanovun öz kadrı hesab olunurdu və o, bir zamanlar Bakı Dövlət Universitetində rektor köməkçisi vəzifəsini daşıyıb. Misir Mərdanov onu birdən-birə nazir müavini təyin etdi. Bu o zamanlar idi ki, məhz mərhum prezident Heydər Əliyevin göstərişinə əsasən gənc kadrların irəli çəkilməsi prosesinə start verilmişdi və həmin ərəfədə hətta bu gün müxalif mətbuatın qəhrəmanlarından hesab olunan keçmiş siyasi məhbus Eynulla Fətullayev də o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin köməkçisi vəzifəsinə irəli çəkilmişdi.

İndi isə Misir Mərdanovun kadrı hesab olunan Elmar Qasımovun təhsil naziri ola biləcəyi haqda məlumatlar səsləndirilir. Onu da bildirək ki, bu gün Elmar Qasımov Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin himayəsi altındadır və təsadüfi deyil ki, TN-dən uzaqlaşdırıldıqdan sonra Qasımova sahib çıxan da ARDNŞ prezidenti oldu. Hazırda Ali Neft Məktəbinə rəhbərlik edən Elmar Qasımovun yenidən TN-yə və bu dəfə nazir postuna gətirilməsi üçün Rövnəq Abdullayevin danışıqlar apardığı söylənilir.

Geri qayıt