Əsas Səhifə > Hadisə > MƏHBUSU NAMUS TƏHDİDİ İLƏ HƏDƏLƏDİLƏR

MƏHBUSU NAMUS TƏHDİDİ İLƏ HƏDƏLƏDİLƏR


11-07-2012, 13:03
MƏHBUSU NAMUS TƏHDİDİ İLƏ HƏDƏLƏDİLƏR

POLİS MAYORU MƏHKƏMƏDƏ HÜQUQ MÜDAFİƏÇİSİNİ HƏDƏLƏYİB

İyulun 10-da Şirvan Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun şikayətinə baxılıb.

Göyçay və Ucar rayonlarında fəaliyyət göstərən Taleh Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunub. O, xuliqanlıqda və polisə müqavimətdə günahlandırılıb, Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə 4 il azadlıqdan məhrum edilib.

Apellyasiya baxışında iştirak edən vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyev “Media forum”a deyib ki, hakim məhkəmədə hər hansı foto və video çəkilişi aparmağa imkan verməyib: “Taleh Xasməmmədovun peşə fəaliyyətinə görə şərlənərək həbs edilməsi məhkəmədə bir daha təsdiq olundu. Taleh bəyin üzünə duranlar, fiziki zorakalığa məruz qaldığını deyən zərərçəkmişlər Ucar Rayon Polis Şöbəsinin məsul şəxsləri idi. Onlar Taleh bəydən ən azı iki dəfə ağır çəkidə, boylu-buxunlu, idmançı görkəmli şəxslərdir. Polislərin sözündən belə çıxır ki, şöbəyə dəvət olunan arıq, sakit görkəmli cavan hüquqşünas stol-stulu qırıb-dağıdıb, polislərə fiziki zorakalıq edib.

Məhkəmədə mənim diqqətimi iki məqam çəkdi. Hakim məhkəmə zalında məhbusa övladları ilə görüş icazəsi vermədi. Taleh bəyin danışanda isə polis mayoru, Ucar Rayon Polis Şöbəsinin baş müstəntiqi Nazim Əhmədov “Ananı, bacını düşünürsənsə, özünü ağıllı apar” deyə onu təhdid etdi”.

Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, istintaqın və məhkəmənin zərərçəkmiş şəxslər kimi tanıdığı polislərin Taleh Xasməmmədova qısasçılıqla yanaşdıqları məhkəmə prosesində bir daha təsdiqlənib: “Polislər iddia edirlər ki, Taleh Xasməmmədova verilən cəza yüngüldür və cəzanın ağırlaşdırılması üçün apellyasiya şikayəti veriblər. Onlar apellyasiya şikayətində iddia edirlər ki, Taleh Xasməmmədov polisləri söyüb, amma əməlini etiraf edərək üzr istəməyib”.

Vəkil deyib ki, hakim prosesi sentyabrın 18-dək təxirə salıb. Hakimlər bunu məzuniyyətə getmələri ilə izah ediblər: “Prosesin təxirə salındığı elan olunanda mən həbs qətimkan tədbirinin dəyişdirilməsi, Taleh Xasməmmədovun məhkəmə hökmünədək azadlığa buraxılması üçün vəsatət verdim. Hakim zərərçəkmiş polislərin və dövlət ittihamçısının mövqeyini öyrəndi. Onlar vəsatətə etiraz etdilər və hakim vəsatəti təmin etmədi”.


Geri qayıt