Əsas Səhifə > Hadisə > İRAN-AZƏRBAYCAN SƏRHƏDDİNDƏ ATIŞMA
İRAN-AZƏRBAYCAN SƏRHƏDDİNDƏ ATIŞMA4-07-2012, 13:27 |
SƏRHƏDİ POZAN QAYIQDA QAÇAQMAL AŞKARLANIB İyunun 23-ü saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin «Astara» Texniki Müşahidə Məntəqəsi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində naməlum hədəf aşkar olunub. DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, hədəfin tanınması və saxlanılması məqsədilə Sahil Mühafizəsinin hərbi qulluqçuları sərhəd gözətçi kateri ilə həmin istiqamətdə hərəkət edib. Tərkibi 3 nəfərdən ibarət qayığı aşkar edərək «dayan» komandası verib. Sərhəd pozucuları komandaya məhəl qoymayaraq hərəkətdə olduqları üçün havaya xəbərdarlıq atəşi açılıb. Qayıqdakılar buna məhəl qoymadığı üçün sərhəd naryadı tərəfindən qayıq istiqamətində atəş açılıb və nəticədə sərhəd pozucularının qayığının mühərriki sıradan çıxıb və onlar yaxalanıblar. İlkin araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər – İran vətəndaşları, 1971-ci il təvəllüdlü Lotfollahi Kömərz Fərəməz oğlu, 1961-ci il təvəllüdlü Huzuri Rəsul Fərzulla oğlu və 1971-ci il təvəllüdlü İmampur Kuruş Zeydulla oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında həmvətənləri 1981-ci il təvəllüdlü Zarei Rasoul Navid oğlu və şəxsiyyəti istintaqa məlum olmayan Nəriman Səmai adlı şəxsin təşkilatçılığı ilə Azərbaycandan spirtli içki aparmağa cəhd göstərib. Bu məqsədlə Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq «Layner» tipli «Yamaha 200» mühərrikli qayıqla İrandan Azərbaycana gələrək Azərbaycana rəsmi yolla gələn R. Zarei ilə görüşüb qaçaqmalı qəbul edib İrana aparmaq istəyiblər. Görülmüş tədbirlər nəticəsində cinayətkar əməlin qarşısı alınıb. Hadisə yerindən sərhəd pozucularına məxsus külli miqdarda müxtəlif növ spirtli içkilər, GPS cihazı və mobil telefonlar aşkar edilərək götürülüb. Cinayətin təşkilatçısı R. Zareinin ölkə ərazisini tərk etməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbir nəticəsində o, «Biləsuvar» sərhəd nəzarət məntəqəsində İrana getmək istəyərkən DSX əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçılarının aşkar olunub məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri qayıt |