Əsas Səhifə > Ölkə > HƏBSDƏKİ BANKİRƏ DAHA BİR ZƏRBƏ «AKKORD»DAN VURULDU

HƏBSDƏKİ BANKİRƏ DAHA BİR ZƏRBƏ «AKKORD»DAN VURULDU


4-07-2012, 12:54
HƏBSDƏKİ BANKİRƏ DAHA BİR ZƏRBƏ «AKKORD»DAN VURULDU

ETİBAR ƏLİYEVIN BAŞI DƏRDDƏN AÇILMIR

“Texnikabank” ASC-nin 15 faizlik pay sahibi olan Müşahidə Şurasının sədri Etibar Əliyevin həbsindən sonra rəhbərliyə yeni şəxslər gətirilsə də, bankın fəaliyyətinə tədricən ciddi problemlər yaradılmağa başlayıb.

Bu barədə mia.az-a «Texnikabank»dan məlumat daxil olub. Adının çəkilməsini məlum səbəblərdən istəməyən bank əməkdaşlarından biri deyib ki, Etibar Əliyevin həbsi və yeni komandanın gəlişi bankı iflas həddinə gətirib: «Etibar Əliyevin həbsindən sonra fiziki və hüquqi şəxslər kütləvi şəkildə hesablarındakı məbləği bankdan çıxarmağa başladılar. Bəzi dövlət müəssisələri ilə bərabər, artıq bir neçə iri şirkət də bizim bankla əməkdaşlığı dayandırmaq məcburiyyətində qaldılar. Bunların arasında «Akkord» şirkətinin də adını çəkə bilərəm».

Müsahibimizin mia.az-a dediyinə görə, «Akkord» şirkəti “Texnikabank”la uzun müddət əməkdaşlıq edib: «Şirkətlə Etibar Əliyev arasındakı razılaşmaya görə, tikilən yüksəkmərtəbəli binalarda ev alanlar bizim bankda kommersiya şərti ilə aylıq 12 faizə kreditlə təmin olunurdu. Bu variant şirkətə də, banka da sərf edirdi. Hər iki tərəf bu əməkdaşlıqdan məmnun idi. Səhv etmirəmsə, «Akkord» təxminən 1000-ə yaxın ev alıcısını bizim banka yönəltmişdi. Amma artıq 10 günə yaxındır ki, həmin müştəriləri də “Texnikabank”dan Azərbaycan Beynəlxalq Bankına «transfer» etməyə başlayıblar. Düzdür, yeni rəhbərlik bunu şirkətin tələbi ilə əlaqələndirir. Amma bank işindən az-çox başı çıxanlar bilir ki, bu transfer belə tələblə reallaşa bilməz. Heç şirkətində marağında belə bir şey ola bilməzdi. Çünki onların pulu bank tərəfindən əvvəlcədən ödənilmişdir. Bir sözlə, müştərilər artıq bizlik idi. Amma yeni rəhbərlik həmin müştəriləri bizdən alıb. ABB-yə transfer etdilər. Bunu isə «Akkord»un adı ilə etməklə, həmin şirkətin imicinə də zərbə vurmaqdan çəkinmədilər».


Geri qayıt