Əsas Səhifə > Siyasət, Manşet > NEFT DAŞLARININ FƏHLƏLƏRİ ÜSYANA QALXDILAR

NEFT DAŞLARININ FƏHLƏLƏRİ ÜSYANA QALXDILAR


4-07-2012, 12:03
NEFT DAŞLARININ FƏHLƏLƏRİ ÜSYANA QALXDILAR

HAQQI YEYİLƏN İŞÇİLƏR RÖVNƏQ ABDULLAYEVİ TƏTİLLƏ HƏDƏLƏYİB

DİA.AZ: - «Bu gün səhər saatlarında Neft Daşlarında fəhlələr etiraz aksiyası keçiriblər». Bu ilginc məlumatı redaksiyamıza həmin fəhlələrin nümayəndəsi bildirib. Onun DİA.AZ-a bildirdiklərinə görə, təxminən 30-a yaxın fəhlə onlara verilən yeməkpuluların kəsilməsinə görə Dövlət Neft Şirkətinin rəhbərliyini tətillə hədələyiblər.

Bu barədə mənbənin redaksiyamıza bildirdikləri: "Dövlət Neft Şirkətinin Fəhlə Təchizatı İdarəsi həmişə korrupsiya ilə məşğul olub. Məsələ ondadır ki, hamının "Ors" kimi tanıdığı bu idarə "Azneft" İB-nin demək olar bütün strukturlarını ərzaqla təmin etməlidir. Qaydalara görə, məsələn, dənizdə çalışan hər bir işçiyə 1 sutka üçün 3 yeni manat yemək pulu verməlidir. Faktiki olaraq, ayda 60 manat verilməli olduğu halda, dünənə qədər "Ors" hər bir nəfərə pulun əvəzində ərzaq paylayırdı. Məbləğinə gələndə, 60 manatın əvəzində 20-30 manatlıq ərzaq verilir. Bu ərzaq keyfiyyətli olsaydı, dərd yarı idi. Olduqca keyfiyyətsiz və bazar qiymətindən iki-üç dəfə baha hesablanırdı".

İndi isə iki gündür ki, həmin ərzağın verilməsi də dayandırılıb. Bu barədə danışan mənbəmiz iddia edir ki, bu səbəbdən fəhlələr etiraz aksiyası keçiriblər və işə çıxmaqdan imtina ediblər: «Yalnız rəhbərliyin işə müdaxiləsindən sonra fəhlələr iş başına qayıdıb. Onlara vəd verilib ki, bu məsələyə baxılacaq. Fəhlələr isə bildirib ki, əgər tələblərinə əməl olunmazsa, o zaman tətilə çıxacaqlar».

Məlumatı verən mənbə onu da iddia edir ki, tətilə çıxacaq fəhlələrin sayı daha çox ola bilər.

Hadisə insidentsiz ötüşüb.

Geri qayıt