Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏDLİYYƏ NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİLDİ

ƏDLİYYƏ NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİLDİ


3-07-2012, 13:00
ƏDLİYYƏ NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİLDİ

“SƏNƏDLƏR MÜXTƏLİF BƏHANƏLƏRLƏ GERİ QAYTARILIR”

Ədliyyə Nazirliyi Vətəndaş Hüquqları İnstitutunu (VHİ) qeydiyyata almaqdan imtina edib. Hüquqi Şəxslər və Vətəndaş Vəziyyəti İdarəsinin rəisi Rahim Rəhimovun birliyə məktubunda bildirilib ki, nizamnamədə üzvlüyə qəbulun şərtləri, eləcə də ondan çıxma qaydası müəyyən edilməyib.

VHİ-nin təsisçilərindən olan Bəşir Süleymanlı “Media forum” saytına deyib ki, nazirliyin iradları əsassızdır: “Nizamnamənin beşinci fəsli üzvlük məsələsinə həsr edilib. Həm üzvlüyə qəbul, həm də üzvlükdən azad olunma barədə kifayət qədər aydın maddələr öz əksini tapıb. Nazirliyin imtina məktubu ilə razılaşmırıq və məhkəməyə müraciət edəcəyik. Ədliyyə Nazirliyi ictimai birliyi qeydiyyata almaqdan imtina etməklə Azərbaycan Konstitusiyasının 58-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub”.

Bəşir Süleymanlı Ədliyyə Nazirliyinin bu münasibətini özünə qarşı ayrı-seçkiliyin bariz nümunəsi olduğunu vurğulayıb: “Bu günə kimi 6 ictimai birliyin təsisçisi olsam da, heç biri dövlət qeydiyyatına alınmayıb. Sənədlər müxtəlif bəhanələrlə geri qaytarılır. Yalnız Seçki Monitorinq Mərkəzi qeydiyyata alınmışdı, onun da qeydiyyatı əsassız iddialarla 104 gündən sonra ləğv edildi”.

VHİ 2011-ci il aprelin 2-də təsis edilib. Birliyin əsas məqsədi vətəndaş hüquqları barədə maarifləndirmə işi aparmaq, vətəndaşların hüquqlarını müdafiə etmək və pozulmuş hüquqlarla bağlı ictimai müzakirələrin keçirilməsinə yardım etməkdir.


Geri qayıt