Əsas Səhifə > Gündəm, Manşet > OQTAY ŞİRƏLİYEVİN BAŞ PULYIĞANI KİMDİR?

OQTAY ŞİRƏLİYEVİN BAŞ PULYIĞANI KİMDİR?


3-07-2012, 12:41
OQTAY ŞİRƏLİYEVİN BAŞ PULYIĞANI KİMDİR?

NAZİR BU MƏSƏLƏDƏ ƏLİ İNSANOVUN KADRINDAN İSTİFADƏ ETMƏKDƏDİR

DİA.AZ: Bu gün digər gəlirli sahələrdə olduğu kimi dərman-aptek biznesində də çox ciddi inhisarlaşma hökm sürür. Son günlər səhiyyə nazirliyi adından guya ki, dərman bazarının kontrola alınması məqsədilə atılan addımların da böyük əksəriyyətinin məhz dərman biznesi monapolistlərinin maraqlarına xidmət etməsi kimsə üçün sirr deyil.

Xatırladaq ki, bu gün dərman bazarında iki əsas favorit güc var: «Avromed» və «RiyadFARM». Doğrudur, bu gün imkanlarına görə millət vəkili Cavanşir Feyziyevin rəhbərlik etdiyi «Avromed» daha geniş miqyası əhatə edir ki, bu da sırf olaraq səhiyyə nazirliyinin birbaşa olaraq deputatın şirkətinə dəstək verməsi ilə əlaqədardır. Təsadüfi deyil ki, hazırda dərman bazarının az qala yarısından soxu «Avromed»in nəzarəti altındadır. Bu gün səhiyyə nazirliyinin özü başda olmaqla, bu qurumun xətti ilə digər nazirlik və dövlət qurumlarının dərman təchizatı işi də məhz «Avromed» tərəfindən həyata keçirilməkdədir ki, bu da son nəticədə sözügedən şirkətin monapolistə çevrilməsinə gətirib çıxarıb.

Maraqlıdır ki, mərhum Aqil Əliyevin oğlu - İlqar Əliyevə məxsus olan «RiyadFARM»a belə bir şərait yaradılmır. DİA.AZ-a bu barədə açıqlama verən mötəbər mənbələr məsələni bu şəkildə izahlayırlar ki, əslində İlqari Əliyevin özü də bu məsələdə bir o qədər maraqlı görünmür: «Çünki bir neçə biznes sahəsinə baş vuran İlqar Əliyev üçün «RiyadFARM» başlıca hədəf olmadığından o, səhiyyə nazirliyinin «RiyadFARM»ın əsas rəqibi olan «Avromed»ə dəstək verməsinə göz yumur».

Bildirək ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev birbaşa olaraq bu işdə maraqlı tərəf kimi çıxış edir və deputat Cavanşir Feyziyevlə həm dostluq və həm də işgüzar əlaqələri bu gün qosqoca nazirliyi bir şirkətin keşikçisinə çevirib. Məlumatlara görə, bu iki şirkətlə yanaşı, «QafurFARM» da dərman bazarında ciddi paya malikdir və səhiyyə nazirliyinin bəzi yetkililəri tərəfindən dəstəklənən bu şirkətin dərman bazarında təxminən 15-20 faizlik imkanlarının olduğu söylənilir.

OQTAY ŞİRƏLİYEVİN BAŞ PULYIĞANI KİMDİR?

Bununla bağlı redaksiyamızı bilgiləndirən səhiyyə nazirliyindəki məlumatlı mənbənin iddialarına görə, bu gün adları çəkilən hər üç şirkət əslində səhiyyə nazirliyinə dövlət büdcəsindən dərmanların alınması üçün ayrılan milyonlarla vəsaitin həzm-rabedən keçirilməsi üçün bir vasitədir. Hətta birbaşa olaraq əsgərlərimizin can təhlükəsizliyi mövzusuna cavabdeh olan Müdafiə Nazirliyinin Tibb İdarəsi də məhz səhiyyə nazirliyindəki dəllal çevrənin təhriki ilə həmin üç şirkətlə çalışmaq zorundadır.

Mənbəmiz bu arada səhiyyə nazirliyindəki dərman dəllalları ilə bağlı maraqlı faktları da açıqladı. Məlumatlardan belə aydın olur ki, sən demə, böyüklüyündən-kiçikliyindən asılı olaraq bu gün nazirlik adından bütün apteklərdən aylıq «dolya» alınırmış: «Bəzi yerlərdə aylıq haqqın qiyməti 2000 manata çatsa da, əksər yerlərdə 200-500 manat arası təşkil edir. Amma elə yerlər də var ki, 1000-1500 manat arası pulu hər ay səhiyyə nazirliyinin pulyığanlarına çatdırmaq zorundadırlar. Əks halda, nazirliyin «qara siyahısı»na düşərlər və sonra da müxtəlif bəhanələr altında həmin apteki bağlayarlar».

Mənbəmiz bildirir ki, bu işə nazirlikdə birbaşa olaraq səhiyyə nazirinin müavini Elsevər Ağayev nəzarət edir. Bildirək ki, əslində, Elsevər Ağayevin bu gün nazir Oqtay Şirəliyevin kassiri qismində çıxış etməsi heç də təəccüblü deyil. Çünki əksəriyyət onu yaxşı tanıyır və hər kəsə məlumdur ki, hazırda məhbəs həyatı yaşayan keçmiş səhiyyə naziri Əli İnsanovun da zamanında kassirliyini etmiş Elsevər Ağayev neçə-neçə xəstəxana ərazisinin satılıb, pulunun mənimsənilməsi prosesində də ad çıxarıb.

İndi isə onun xidmətlərindən Oqtay Şirəliyev istifadə edir. Bu isə o deməkdir ki, artıq Oqtay Şirəliyevin nədən Elsevər Ağayevə qıymamasının səbəbləri də bəlli olur. Çünki Elsevər Ağayev bu gün nazirlikdə qalan yeganə kadrdır ki, həm də Əli İnsanovla bərabər çalışıb. Deməli, Oqtay müəllimə öz işini yaxşı bilən kadrlarla yanaşı, həm də Elsevər Ağayev kimi pul işini yaxşı bilən kadrlar da lazım imiş.

Onu da bildirək ki, birbaşa olaraq səhiyyə nazirliyində qərarlaşan dərman mafiyası ilə bağlı redaksiyamıza yeni əlavə faktlar da daxil olub. Araşdırmalarımız davam edir. Yaxın vaxtlarda həmin materialları da diqqətinizə çatdıracağıq. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt