Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI "MODERN" «BERLİN DİVARI» QURUB
İCRA BAŞÇISI "MODERN" «BERLİN DİVARI» QURUB3-07-2012, 11:57 |
SÜLEYMAN MİKAYILOVUN BİR AMALI VAR: PUL TOPLAMAQ VƏ PUL TOPLAMAQ DİA.AZ: - Qaradağ rayonu icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır. Bildirək ki, redaksiyamızda olan onlarla sahibkar bu gün icra başçısının zülmündən şikayətçi düşdüklərini bildirməklə yanaşı, «yuxarıda» himayədarlarının olduğunu bildirən başçıya qarşı hər hansı tədbirin görülmədiyini də xüsusi olaraq vurğulayıblar. Sahibkarların DİA.AZ-a bildirdiyinə görə, Süleyman Mikayılov iki il əvvəl Qaradağ rayonuna icra başçısı göndəriləndən sonra özünün bir amalının olduğunu - yəni onun üçün PULUN daha önəmli olduğunu hər kəsin diqqətinə çatdırdı: «Bütün istiqamətlərdə yalnız bir məqsədlə iş görülür: DAHA ÇOX PUL TOPLAMAQ. Hətta görülən abadlıq işləri də məhz sıravi vətəndaşlardan, idarə müdirlərindən, sahibkarlardan, ayrı-ayrı adamlardan pulun toplanmasına hesablanıb». Xatırladaq ki, prezident İlham Əliyev Qaradağ rayonundan deputat olub və millət vəkilliyi dönəmində dövlət başçımız Qaradağda kifayət qədər ciddi abadlıq işlərinin həyata keçirilməsinə nail olub. Amma buna rəğmən Qaradağ sakinləri Süleyman Mikayılovun İlham Əliyevin millət vəkilliyi dönəmində həyata keçirilən quruculuq işlərindən əsər-əlamət qalmadığını da bildirirlər: «Küçələr dağılıb, amma bu adam pul yığmaqla məşğuldur. Bir müddət əvvəl Lökbatan qəsəbəsində stadionun yuxarı hissəsinə yerləşən küçədə təmir işləri başlanıldı. Səbəbsiz deyildi. Çünki prezident İlham Əliyevin Qaradağa səfəri nəzərdə tutulmuşdu. Sonradan məlum olur ki, dövlət başçısı rayona gəlməyəcək. İcra başçısı da işi yarımçıq saxladı və günü bu gün də yolun kənarındakı bardyorlar yenilənsə də, asfalt çəkilməyib. Prezidentin növbəti səfəri gözlənilir. İndi Lökbatan camaatı da səbirsizliklə prezidentin nə zaman gələcəyini gözləyir. Və məcburdurlar ki, dağılmış yolla, alayarımçıq təmir edilmiş yolla hərəkət etsinlər. Çünki Süleyman Mikayılov həmin yolun təmiri adı altında yığdığı pulu çoxdan xərcləyib və prezidentin səfərinin təxirə salınması səbəbindən işi yarımçıq dayandırıb. İndi bilirik ki, prezidentin əgər Qaradağa yolu düşərsə, icra başçısı həmin yolun təmiri adı altında yenidən pul yığmağa başlayacaq». Daha sonra şikayətçilər bildirirlər ki, bu gün Süleyman Mikayılovun özbaşınalıqları ilə bağlı bütün müvafiq instansiyalar müraciət etsə də, baxılmır: «Biz nə etməliyik ki, müraciətlərimiz nəticəsini versin?» Bu arada narazı sahibkarlar redaksiyamıza maraqlı bir faktı da açıqladılar. Onların sözlərindən belə aydın olur ki, yenə də yerli iş adamlarından pul toplamağı qəsd edən Süleyman Mikayılov Qobustan qəsəbəsində əməlli-başlı «Berlin divarı»nın bənzərini qurub: «Məktəb qalıb bir yanda. Məktəbə, xəstəxanaya gediş-gəliş dayanıb. Əsas hədəf isə kommersiya obyektləridir. Divar arxasında qalan mağazaların sahiblərinə bildirilib ki, hər biriniz 30 min manat versəniz, divarlar yıxılacaq və qapı açılacaq». Narazı sahibkarlar DİA.AZ-a icra başçısının qanunsuz torpaq alveri ilə məşğul olduğunu da söylədilər: «Sahil qəsəbəsində boş qalmış əraziləri zəbt edib, satdırır və heç bir sənəd vermir. Yuxarıdan gələnlərə də deyir ki, AXC iqtidarı zamanı - «özbaşınalıq» dövründə inşa edilib. Amma yaşayış evlərinin böyük əksəriyyətinin heç sementləri də qurumayıb. Və bu yaş sementlər Süleyman Mikayılovun yalan danışdığını sübutlamaqdadır». Bildirək ki, icra başçısının qanunsuz torpaq zəbt etdiyi əsas ərazilər Hərbi Hospitalın və Çaxır zavodunun yaxınlığındakı ərazilərdir. Bunlar bir yana, narazı sahibkarların sözlərinə görə, icra başçısı Sanqaçal qəsəbəsində dəniz sahilində yerləşən Mədəniyyət və Turizm Nazirliyinin balansında olan 4-cü əsrə aid qədim mağaranı da hasarlayaraq özəlləşdirib, yəni tarixi abidə Süleyman Mikayılovun girovluğundadır. Hər halda, bu faktlar Qaradağın icra başçısının aktivinə yazılan neqtivlərin heç də hamısı deyil. Araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |