Əsas Səhifə > Gündəm, Manşet > YARDIMLIDA ŞOK TƏHSİL MAXİNASİYALARI

YARDIMLIDA ŞOK TƏHSİL MAXİNASİYALARI


3-07-2012, 11:36
YARDIMLIDA ŞOK TƏHSİL MAXİNASİYALARI

HƏTTA MİSİR MƏRDANOV DA ƏYALƏTDƏKİ ADAMLARINDAN “DƏRS ALA” BİLƏR

DİA.AZ: - Redaksiyamıza Yardımlı təhsili ilə bağlı bir müəllif yazısı daxil olub. Həmin yazını DİA.AZ olaraq diqqətinizə təqdim edirik:

“Əvvəla onu deyim ki, bu gün Yardımlı rayon Təhsil şöbəsi sanki cərimə batalyonuna bənzəyir. Rüşvətxorluq, səriştəsizlik və eləcə də müxtəlif neqativ səbəblər ucbatından vəzifədən uzaqlaşdırılanlar, polisdən, ordudan istefaya buraxılmış kadrlar, daha doğrusu bir dərs saatı olsun belə pedaqoji stajı olmayan adamlar keçmiş icra başçısının sayəsində bu şöbədə özlərinə isti yer eləyiblər. Sizcə, rayon təhsil sisteminə nəzarət edən, məktəblərdə tədrisi yüksək səviyyədə təşkil etməyə borclu olan bir şöbəyə belə kadrların yerləşdirilməsi nə dərəcədə doğru addımdır? İnanın ki, Yardımlı Təhsili günbəgün məhvə doğru gedir.

Bəli, faktlar yanılmadığımızı göstərir. Faktları sadalamamışdan öncə, Sizə bu günlərdə rayon camaatını heyrətə gətirən bir şok xəbəri açıqlamaq istəyirəm. Horavar tam orta məktəbində müəllim işləyən Ramazan adlı ibtidai sinif müəllimi hansısa yolla çalışdığı məktəbdə işləyən, müəllim olmayan birisinin adına guya müəllim olduğu və yüksək maaş aldığı haqqında rayon Təhsil şöbəsinin baş mühasibi, eləcə də müdiri tərəfindən imzalanıb təsdiq olunmuş saxta arayış alıb. Sonra da gözünə döndüyüm Ramazan həmin iş yoldaşını qonşu rayondakı banka apararaq “min ikinci fəndlə” onun adına yüksək məbləğdə kredit götürüb. Və bir müddət sonra kredit ödənilmədiyi üçün bankın əməkdaşlarının apardığı araşdırma nəticəsində aşkar olunub ki, sən demə Ramazanın iş yoldaşı müəllim deyil və arayışda göstərilən məbləğdə əmək haqqı da almır. Beləliklə “min ikinci fəndin” də sirri açılıb və rayon Təhsil şöbəsində saxta arayışların verilməsi faktı da aşkarlanıb. Yəqin ki, bu olay hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Güman ki, qonşu rayonlardakı banklarla əlaqə saxlanılarsa son bir il yarımda belə halların çox olduğu və nə qədər saxta arayışların verildiyi də aşkar olunar.

Faktlardan biri də odur ki, keçən ilin oktyabr ayından sonra rayon məktəblərinə təxminən 70-ə yaxın adamı guya Təhsil Nazirliyində test imtahanı verdikdən sonra, əslində həmin nazirlikdə kiminsə vasitəsi ilə məktəblərə işə götürüblər. Onlardan bəziləri isə “min üçüncü fəndlə” işə qəbul olunub. Məsələn, Şiləvəngə tam orta və Dəlləkli kənd ümumi orta məktəblərinə 2011/2012-ci tədris ilinin ikinci yarımilində(tədris ilinin bu dövründə kimisə işə qəbul etmək ağlasığmazdır) ehtiyac olmadığı halda bir neçə müəllimi işə götürüblər. Əvvəlcə Təhsil nazirliyinə guya adıçəkilən məktəblərdə ibtidai sinif müəlliminə ehtiyac olduğu bildirilərək həmin müəllimlərin işə götürülməsinə icazə alınıb, sonra isə onları ibtidai sinif müəllimi ixtisaslı ola-ola Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kimi işə qəbul ediblər. Bundan əlavə, rayon məktəblərində 2011/2012-ci tədris ilində ciddi ehtiyac olmadan müəllimlərin bir sıra yerdəyişməsi aparılıb. Yəni, bir məktəbdən müəyyən fənn müəllimini çıxararaq “öz kəndinə getməlisən” prinsipi ilə yerini dəyişiblər. Bunun da nəticəsində məktəblərdə süni yolla müəllim çatışmamazlığı yaradılıb. Məsələn, hər hansı bir müəllimin yaşadığı kəndin məktəbində dərs dediyi fənn üzrə müəllimə ehtiyac olmadığı halda onun yerini dəyişməklə, dərs dediyi əvvəlki məktəbi həmin fənn üzrə müəllimsiz qoyublar. Daha bir fakt, 2011/2012-ci tədris ilində Alar kənd tam orta məktəbdə üç xarici dil müəllimi ola-ola, ehtiyac olmadan oraya əlavə olaraq bir nəfər də xarici dil müəllimi göndərilib. Və təzə təyin olunan müəllimi yerləşdirmək məqsədi ilə, o biri iki müəllimdən ümumilikdə 7-8 dərs saatı azaldılaraq ona verilib. Özü də ötən ilin dekabr ayında. Eləcə də Dəryavar kənd ibtidai məktəbində iki komplekt sinfə iki sinif müəlliminə yer olduğu halda siniflərdən dərs saatlarını azaldıb təhsil qanunun tələblərini pozaraq üçüncü ibtidai sinif müəllimini işə götürüblər. Əslində ibtidai siniflərdə xarici dil istisina olmaq şərti ilə qalan bütün dərsləri sinif müəllimi özü aparmalıdır. Keçələkəran ümumi orta məktəbində cəmi 18 dərs saatı olduğu halda Astara pedaqoji kollecini bitirmiş iki nəfəri hər biri 9 dərs saatı olmaqla müəllim təyin ediblər. Şəhər 2 saylı orta məktəbdə də həmçinin. Hansı ki, 18 dərs saatı bir müəllim üçün nəzərdə tutulub.

Hələ bu harasıdır, Təhsil şöbəsinin rəhbərinin humanistliyi nəticəsində Vərov kənd məktəbində peşə təlimi müəllimi işləmiş, ali təhsili olmayan, orta təhsilli bir adamı hansısa arayışa əsasən Zəngələ kənd ibtidai məktəbinə ibtidai sinif müəllimi - direktor təyin ediblər. Hansı ki, rayonda onlarla ibtidai sinif müəllimi işsizdir.

Vallah, rayonun təhsil sistemində elə “əməliyyatlar” aparılır ki, necə deyərlər, “adamın dəymişi qalır, kalı tökülür”. Təsəvvür edin, Dövlət büdcəsindən rayon təhsilinin maddi-texniki bazasını(dəftərxana, inventar və avadanlıqlar üçün xərclər) yaxşılaşdırmaqdan ötrü ayrılan vəsait elə mənimsənilir ki, “UF” deyən də olmur. Məsələn, özəl müəssisələrdən birindən Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının şəkli olan, adi qaydada hazırlanmış plakatlar alınıb və bu gün də məktəblərə paylanmaqdadır. Deyəcəksiniz ki, burda qeyri-adi nə var ki? Əlbəttə, şişirdilmiş qiymət. Plakatın birini neçəyə alıblar? Deməyəcəm, çünki elə böyük məbləğdir ki, mən desəm, Milli Qəhrəmanlarımızdan belə sui-istifadə Sizi əsəbləşdirəcək. Yaxşı olar ki, maraqlananlar bu sualın cavabını rayon Təhsil şöbəsinin rəhbərindən öyrənsinlər...

Billah, belə təhsil sisteminə dünyanın heç bir yerində rast gələ bilməzsiniz. Hətta rayonda bəzi şagirdlər orta təhsilini EKSTERN yolu ilə də ala bilirlər. Rayondan kənarda yaşasalar da adları sinif jurnallarında gedir və adlarının qarşısında saxta qiymətlər yazılaraq sinifdən sinfə keçirilirlər. İnanmırsız? Onda nümunə üçün Urağaran kənd tam orta məktəbində araşdırma apara bilərsiniz. Bir az da dərinə gedib faktı dəqiqləşdirmək istəsəniz Astanlı, Bozayran kənd məktəblərində də bu kimi faktlarla rastlaşacaqsınız. Bütün bunlara görə kimin günahkar olduğu elə də maraqlı deyil, maraqlı orasıdır ki, onu bu günahlara sövq etdirən hansı maraqdır?”..

Elsevən Eldostu – YARDIMLI

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt