Əsas Səhifə > Güney Press / Manşet > XƏZƏR RAYONUNDA MİSLİ GÖRÜNMƏYƏN “BESPREDEL”

XƏZƏR RAYONUNDA MİSLİ GÖRÜNMƏYƏN “BESPREDEL”


2-07-2012, 14:26
XƏZƏR RAYONUNDA MİSLİ GÖRÜNMƏYƏN “BESPREDEL”

“YUXARIDA” “DAYDAYISI” OLAN İCRA BAŞÇISI ƏHALİYƏ DİVAN TUTUR

DİA.AZ: - Təxminən, bir aya yaxındır ki, Bakı kəndlərində kütləvi torpaq alqı-satqısı aparılır. Özü də olduqca qaranlıq və müəmmalı formada. Ötən günlərdə bu barədə qısa da olsa, bəzi məlumatları vermişdik. Bu istiqamətdə apardığımız araşdırma zamanı məlum oldu ki, artıq sözügedən məsələ bir çox nüfuzlu qurumların nəzarətindədir və bu, dövlət səviyyəsində müzakirə olunur.

Etibarlı mənbələrdən DİA.AZ-a daxil olan son məlumatlara görə, əsasən, Bakının Xəzər rayonu ərazisində, daha dəqiq desək, Buzovna, Binə və Zirə kəndlərində özbaşınalıq idarəolunmaz həddə çatıb. Mənbənin sözlərindən aydın olur ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov nüfuzlu məmurlardan birinin adından istifadə edərək, uzun illərdən bəri bağ sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar edir.

Belə ki, kimini həmin nüfuzlu məmurun adından istifadə etməklə qorxudaraq, kimini isə çox ucuz qiymətə bağ yerini satmağa məcbur edərək böyük bir kampaniya aparan icra başçısı Gülağa İslamovun və onun yaxın adamlarının artıq onlarla bağ sahəsini ələ keçirdiyi bildirilir. Artıq Buzovna, Binə və Zirə kəndlərində olub-bitənlər barədə xəbərlər həmin nüfuzlu məmurun qulağına da çatıb.

Böyük ethimalla o, tezliklə Gülağa İslamov və onun əməlləri barədə müvafiq ölçü götürülməsinə nail olacaq. Çünki əgər bu cür nüfuzlu və geniş imkanlara sahib olan məmurun həqiqətən də deyilən ərazidəki torpaq sahələrini almaq niyyəti olsaydı, o imicinə ləkə gəlməsinə və adının bu cür xoşagəlməz situasiyada hallanmasına yol vermədən, real bazar qiymətlərinə görə bağ evlərini almağa cəhd edərdi. Odur ki, Gülağa İslamovun adından istifadə etdiyi həmin məmur heç bir halda bu cür məsələyə qol qoymaz, Bakının Buzovna, Binə və Zirə kimi böyük kəndlərinin ondan narazı qalmasına şərait yaratmaz. Yəni belə bir şəraitdə nə qədər inandırıcıdır ki, ölkənin sayılıb-seçilən məmurlarından olan biri onlarla bağ sahibini narazı salaraq, onların torpaqlarını çox ucuz qiymətə almaqda maraqlı olsun...

Təbii ki, araşdırmalarımız da bunun belə olmadığını təsdiqlədi. Və məlum oldu ki, əslində bu işdən sui-istifadə edən maraqlı qüvvələr var və onlar Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun göstərişilə bu cür özbaşınalıqlara əl atırlar. Burada məqsəd hər üç kəndin kasıb təbəqəsinə məxsus bağ yerlərini real bazar qiymətindən ucuza alıb bir müddət sonra müxtəlif iş adamlarına, biznesmenlərə baha qiymətə satmaqdır.

Nəzərinizə çatdıraq ki, artıq rəsmi dairələr bu işin araşdırılmasında maraqlı tərəfə çevriliblər. Yəni həmin məmurun məsələyə müdaxiləsindən sonra olaylar aidiyyəti qurumlar tərəfindən araşdırılmağa başlanılıb. Məsələ ilə bağlı etibarlı mənbədən aldığımız məlumata görə, problemə olduqca ciddi yanaşan rəsmi dairələr qanunsuz olaraq bağ evlərini itirmiş əhalinin hüquqlarını bərpa etməyi belə, düşünürlər. Bu isə artıq icra başçısı Gülağa İslamovun və onun yaxın adamlarının əməllərinin qanundankənar olmasını təsdiq edən fakt kimi çıxış etməkdədir.

Geri qayıt