Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ KAMPRAMAT SAVAŞI BÖYÜYÜR

HAKİMİYYƏT İÇİNDƏ KAMPRAMAT SAVAŞI BÖYÜYÜR


29-06-2012, 11:43
HAKİMİYYƏT İÇİNDƏ KAMPRAMAT SAVAŞI BÖYÜYÜR

BU PROSESİN MƏNTİQİ SONLUĞU BÖYÜK KADR İSLAHATLARI DEMƏKDİR

DİA.AZ: - Hakimiyyət içində yeni çəkişmə ocaqları yaranıb. Bu barədə təəssüratlar son zamanlar ölkə mediasından da açıq-aydın duyulmaqdadır. Belə ki, birbaşa olaraq adları bəlli məmurların himayəsi altında olan qəzetlərdə və müxtəlif media quruluşlarında bir məmurun davamlı şəkildə hədəfə alınmasından da əslində məsələnin nə yerdə olduğunu ayırd etmək mümkündür.

Bununla yanaşı, öz rəqiblərini susdura bilməsi üçün bəzi məmurlar hətta mətbuata kampramat xarakterli məlumatlar da ötürürlər ki, bu məlumatlar da müxtəlif üsullarla qəzet səhifələrinə, portallara çatdırılır. Məsələn, kimisi birbaşa olaraq tutduğu araçısının hesabına mətbu orqanların maddi maraqlarını təmin edib, öz rəqibinə qarşı kampaniya təşkil edir, kimisi də ümumiyyətlə, anonim şəkildə redaksiyalara məktublar ünvanlaır.

Onu da bildirək ki, DİA.AZ redaksiyasına da davamlı şəkildə bu tipli anonim məktublar daxil olmaqdadır ki, həmin namələrdə bəzi məmurları ifşa edən sübutsuz məlumatlar yer alır. Qeyd edək ki, müxtəlif məmurlar haqqında məlumatlar almaqdayıq və onların adlarını açıqlaya da bilərik. Amma əsas olanı odur ki, artıq iqtidar düşərgəsində bir çalxalanma var.

Xatırladaq ki, bu tipli situasiyalarda hakimiyyət içində ciddi silkələnmələr, dəyişikliklər baş verir. Məsələn, bir zamanlar təhsil naziri Misir Mərdanovla aşkar surətdə döyüşən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev istefaya göndərildi. Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev də Daxili İşlər Naziri Ramil Usubova qarşı açdığı mətbu cəbhənin qurbanı oldu. Elə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əiyevi o zamankı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun, keçmiş səhiyyə naziri Əli İnsanovu isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qurbanları hesab etmək olar.

İndi sıra kimdədir? Hər halda, bunu prezident müəyyən edəcək. Çünki İlham Əliyev prezident kürsüsünə əyləşdikdən sonra özünün iç savaşlara qarşı barışmaz mövqedə dayandığını açıq şəkildə ifadə edib. Keçirilən müşavirələrin birində İlham Əliyev bir-biriləri ilə rəqabətdə olan məmurlara təxminən bu formada reaksiya vermişdi: «Əgər kimsə siyasətlə, məşğul olmaq istəyirsə, buyurub istefa verə bilər»…

İndi də kimlərinsə «siyasətlə məşğul olmaq» həvəsinə düşdüyü bəlli olur. Deməli, bu prosesin axırı həmin «siyasətbazların» istefası ilə sonuclanacaq…

Geri qayıt