Əsas Səhifə > Hadisə > ŞAMAXININ DEPUTATI PUL PAYLAYIR

ŞAMAXININ DEPUTATI PUL PAYLAYIR


21-10-2011, 14:44
ŞAMAXININ DEPUTATI PUL PAYLAYIR

ELXAN SÜLEYMANOV ÇOXSAYLI XEYRİYYƏ TƏDBİRLƏRİNİ NECƏ REALLAŞDIRIR?

85 saylı Şamaxı seçki dairəsini təmsil edən deputat, AVCİYA prezidenti Elxan Süleymanov son dövrlər medianın gündəminə Azərbaycan mətbuatına heç bir açıqlama verməyəcəyinə dair səsləndirdiyi bəyanatla gəldi. İqtidar nəşrlərinin onu təriflədiyini, müxalifət mətbuatının isə onun fikirlərini təhrif edib böhtan atdığını deyən millət vəkili yalnız xarici mətbuata açıqlamalar verəcəyini də söylədiklərinə əlavə edib. Üstündən qısa zaman keçməsinə baxmayaraq, artıq yerli mətbuatda Elxan Süleymanovun açıqlamalarına, seçildiyi dairədə reallaşdırdığı tədbirlərə rast gəlmək olur.

Millət vəkilinin rəsmi internet səhifəsinə(elkhan-suleymanov.az)nəzər yetirdikdə isə ortaya maraqlı bir mənzərə çıxır. E.Süleymanovun deputat seçildikdən bəri çoxsaylı xeyriyyə tədbirləri həyata keçirdiyi, bu aksiyalara böyük məbləğdə maliyyə ayırdığı məlum olur. İstənilən halda Milli Məclisdəki əksər deputatların heç bir fəaliyyət göstərməməsinin fonunda E.Süleymanovun xeyriyyə aksiyaları, müxtəlif tədbirlər keçirməsi müsbət haldır. Ancaq bu da faktdır ki, bütün böyük tədbirlərə böyük pullar xərclənir və bir deputatın 1700 manatlıq maaşı hesabına bunu etməsi mümkünsüzdür. Deputatın sahibkarlıq fəaliyyəti ilə məşğul olması isə qanunla qadağandır.

Elxan Süleymanovun rəsmi saytına istinadən deputatın yaxın zamanlarda reallaşdırdırdığı tədbirlərin bir neçəsi təqdim edirik:

Deputatın maliyyə dəstəyi ilə Şamaxı rayonunda Qarabağ müharibəsi əlilinin övladı üçün toy məclisi təşkil edilib və onun üçün fərdi yaşayış evi tikilib

Müstəqillik günü ilə əlaqədar deputat Şamaxıda yeni doğulan 16 körpəyə hədiyyələr və pul mükafatı verib.

Almaniyada ali məktəbə daxil olan abituriyent Cəlal Kərimova deputat tərəfindən 1000 manat pul ayrılıb.

6 şamaxılı tələbəyə 4 il ərzində 100 manat təqaüd veriləcək

Mədrəsə kəndində vətəndaşların evlərinin dam örtükləri təmir etdirilib.

Bu il məktəbə gedən onlarla şagirdə məktəbli formaları təqdim olunub.

30.08.2011-ci ildə Şamaxıda 130-dan artıq ailəyə bayram sovqatı hədiyyə edilib.

Təkcə qeyd olunan xərcləri hesabladıqda qısa müddət ərzində deputatın bu tədbirləri reallaşdırması üçün 10 min manatdan artıq vəsait xərclədiyi üzə çıxır.

Qeyd olunan faktlar öz növbəsində haqlı suallara yol açır. Əgər Elxan müəllim mətbuatı obyektiv və şəffaf olmamaqda ittiham edirsə, gərək özü də ortaya çıxan bu haqlı suallara cavab versin: Əgər Elxan Süleymanov sahibkar deyilsə, bu qədər vəsaiti haradan alır? Yox əgər bu aksiyaları hansısa sponsor həyata keçirirsə, o zaman niyə E.Süleymanov bu aksiyaları öz adına çıxır? Seçiciləri ələbaxanlığa öyrətməkdənsə, onların problemlərinin böyük miqyasda həllinə nail olmaq daha yaxşı olmazdımı?

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Əgər Elxan müəllim Azərbaycan mətbuatına qoyduğu vetonu aradan götürməyə hazırdırsa, buyursun.


Geri qayıt