Əsas Səhifə > Gündəm, Manşet > ƏHLİMAN ƏMİRASLANOVUN BAZAR SİYASƏTİ
ƏHLİMAN ƏMİRASLANOVUN BAZAR SİYASƏTİ28-06-2012, 12:03 |
TİBB UNİVERSİTETİNDƏN TƏLƏBƏLƏRİN QOVULMASININ SİRRİ MƏLUM OLDU DİA.AZ: - Bir müddət əvvəl parlament tribunalarından Azərbaycanın bəzi ali təhsil ocaqlarında əməlli-başlı bazarın açılması barədə fikirlər səsləndi. Bu barədə çıxış edən, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı konkret ünvanlar da göstərdi. Deputat həmin ərəfədə bildirmişdi ki, məsələn Tibb Universitetinə həm qəbul olunmada və həm də təhsil almada çox ciddi korrupsiya halları mövcuddur. Doğrudur, sonradan Fəzail Ağamalının bu fikirləri ATU tərəfindən inkar edilsə də, cəmiyyətin əslində deputatın söylədiklərindən çoxdan xəbərdar olması ortadakı təkziblərin inandırıcılıq payını sıfıra endirdi. Yəni, deputat ittihamlarında haqlı idi. Diqqətinizə çatdıracağımız yeni faktlar isə bir daha bu qənaəti möhkəmləndirmiş olacaq. Billirək ki, bir neçə gün əvvəl Azərbaycan Dövlət Tibb Universitetindən (ATU) 2011-2012 tədris ilində xaric olunan tələbələrin sayı açıqlandı. Bu barədə mətbuata açıqlama verən ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirdiklərindən belə aydın oldu ki, həm xarici, həm də azərbaycanlılarla birgə təxminən 100 tələbə Tibb Universitetindən xaric olunub. Həmin tələbələrin universitetdən xaric olunmasının səbəbinə gəlincə, rektor bunu tələbələrin dərsə davamiyyətinin aşağı olması, dərslərdə nizam-intizamın pozulması, imtahanlardan keçə bilməməklə əlaqələndirmişdi. Rektor onu da əlavə edib ki, tələbələrin kursda qalmasının öz qaydası var. “Təkrar kursda saxlama məsələsi başqa, universitetdən xaricolma başqa bir qaydadır. Onlara möhlət vermə isə başqa bir qaydadır. Bunlar hamısı müəyyən qaydalara uyğun olaraq aparılır. Xaric olunmuş tələbələri biz yenidən bərpa da edirik. Əgər onlar doğurdan da öhdəlik götürürlərsə, nizam- intizamı pozmayacaqlarsa, vaxtlı-vaxtında dərsdə olacaqlarsa, onda universitetə bərpa edirik”. Onu da bildirək ki, ATU-dan tələbələrin qovulmasının əslində başqa bir mərama xidmət etməsi barədə DİA.AZ-a olduqca ilginc məlumatlar daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən Təhsil Nazirliyindəki mötəbər qaynağın sözlərindən belə aydın olur ki, qovulan tələbələrin bəziləri artıq yenidən təhsillərini davam etdirmə hüququ əldə ediblər ki, bu da müftə başa gəlməyib. Mənbəmizin söylədikləri: «Əməlli-başlı bazar açılıb. Konkret olaraq keçən həftə qovulmuş tələbələrdən biri 25 min manat rüşvət verərək yenidən ATU-nun tələbəsi olub. Bu kimi onlarla fakt var və bu işdə birbaşa olaraq rektorun iştirakçı olması şübhəsizdir. Amma nədənsə korrupsiyaya qarşı mübarizə idarəsi edilən müraciətləri cavabsız qoyur». Məlumatlı mənbənin sözlərinə görə, bu günə kimi 24 nəfər yenidən ATU-ya bərpa edilib və bu proses hələ də davam etdirilir. Onu da xatırladaq ki, bu günlərdə Bakı Dövlət Universitetinin müəllimi Məhəmməd İmanlı BDU-ya ikinci təhsil üçün qəbul olmaq istəyən vətəndaşların birindən 40 min manat rüşvət alarkən korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi. Amma nədənsə oxşar tədbirlər ATU-da həyata keçirilmir. Hər halda, sözügedən qurumun rektor Əhliman Əmiraslanovdan və onun deputat mandatından ehtiyat etməsi o qədər də inandırıcı deyil. Çünki həmin mandatın biri də BDU-nun rektoru Abel Məhərrəmovun cibindədir. Onu da bildirək ki, əgər qovulmuş tələbələrin tən yarısı, yəni 50 nəfəri yenidən ATU-ya bərpa olunarsa və bu prosesdə hər bərpa olunan tələbədən orta hesabla 20 min manat rüşvət alınarsa, bu da bir milyon manat edir. Hər halda, bir milyon manatın çox ciddi summa olduğunu kimsə inkar edə bilməz. Mənbəmiz isə bildirir ki, bu prosesdə təhsil nazirliyinin yüksək çinli məmurlarının da əli olduğundan əldə olunan pulun heç də hamısı ATU rəhbərliyinə çatmır. Buradan isə o məlum olur ki, əli tələbə qəbulu prosesindən çıxan təhsil nazirliyi indi tələbələri qovub-bərpa etməklə öz «yanğınlarını» söndürmüş olurlar. Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin… Geri qayıt |