Əsas Səhifə > Gündəm, Manşet > HƏR BİR MƏMURUN MİNİ VARİS PLANI VAR

HƏR BİR MƏMURUN MİNİ VARİS PLANI VAR


27-06-2012, 18:16
HƏR BİR MƏMURUN MİNİ VARİS PLANI VAR

KƏMALƏDDİN HEYDƏROV VƏ VASİF TALIBOV OĞLANLARINI VARİS KİMİ GÖRÜR

DİA.AZ: - Bu ölkədə hansı qəribəliklərə desən rast gəlmək olur. Məsələn, Avropaya inteqrasiya etdiyimizi bəyan etdiyimiz halda, məmurlar tamamilə Afrika qanunları ilə ölkəni idarə etməyə çalışırlar. Bu azmış kimi, özlərindən sonra varislərini belə müəyyənləşdirmək üçün addımlar atırlar. Səbəb də budur ki, indiyə qədər topladıqları varidatlarını qorumağın başqa yolu yoxdur.

İlk olaraq varis planını həyata keçirmək istəyən Kəmaləddin Heydərovdan başlayaq. DİA.AZ bildirir ki, ölkənin ən zəngin məmurlarından biri və birincisi olan FHN rəhbəri oğlunu siyasətdə görməklə yanaşı, həm də öz yerinə ən layiqli namizəd görür. Elə buna görədir ki, oğlu Taleh Heydərovun siyasi karyerasına ciddi dəstəklər verir. İngiltərədə diasporanı əlində saxlayan oğul Heydərov atasının imkanları hesabına yaradılmış biznes sahələrinin başında dayanmaqla yanaşı, onları idarə etməklə məşğuldur. Amma buna paralel olaraq siyasətlə məşğul olmağı da əldən verməyən Taleh Heydərov artıq bu yöndə ciddi addımlarını atmağa başlayıb.

Bu gün Naxçıvanın halına acıyan lazımdır. Muxtar Respublikanı altını üstünə, üstünü də altına çevirən Vasif Talıbov özünü siyasətdə görəndə bəlkə də təəccüb eləmişdi. Çünki bu sahə onluq deyildi və indi də onluq deyil. Amma vəzifənin şirinliyini daddıqdan sonra belə məlum olub ki, «xan» özündən sonra uşaqlarından birini yerində görməyə çalışır. Seymur və Rza adlı iki oğul atası olan Talıbov ilk olaraq böyük oğlu Rzanı biznesə qoşaraq, onun gələcək üçün ciddi kapital yığmasını təmin edib. Bir-neçə iri şirkəti həvaləsinə verdiyi Rza Talıbovun siyasətə böyük marağı olmasa da, atasının getdiyi yolu davam etdirmək üçün buna məcburdur. Hətta «xan»ın yaxın adamları deyirlər ki, Rza Talıbov öz dostlarının yanında dəfələrlə vurğulayıb ki, bu işləri sevməsə belə, bu şəkildə davam etməyə məhkum olub.

Nəqliyyat naziri Ziya Məmmədov isə Heydərov və Talıbovdan fərqli olaraq oğlunu siyasətə gətirməyə çalışsa da, buna heç nail ola bilmir. Daha doğrusu, davamçısı olaraq gördüyü oğlu Anar Məmmədov üçün böyük biznes şəbəkələri yaradaraq, ölkənin bütün nəqliyyat sektorunu ona həvalə etməsinə rəğmən qarşı tərəfdən siyasi meydana atılacaq qədər cəsarət görmür. Elə buna görədir ki, vaxtaşırı ata ilə oğul arasında bu məsələdə mübahisələr yaranır. Anar Məmmədovun istəyi biznesdə qalıb, bu işlərlə məşğul olmaqdır.

Polis məsələsi günümüzün ən aktual mövzusudur. Başqa nazirlər kimi, DİN başçısı, general Ramil Usubov da həmkarlarından geri qalmaq istəmir. Elə buna görədir ki, öz davamçısı olaraq oğlu Raul Usubovu artıq yüksək mərtəbələrdən birinə çatdırıb. Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini işləyən Raul Usubov 2003-cü ildə hələ adi leytenant rütbəsində olarkən, atasının təqdimatı əsasında prezident fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

25 iyun 1975-ci il tarixində Gürcüstanın Abxaz MR Suxumi şəhərində anadan olan Teymur Mehdiyev isə Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin oğludur. Timur Mehdiyev 2003-cü il prezident seçkilərindən sonra Gənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi təyin olundu. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə Teymur Mehdiyev turizm üzrə nazir müavini vəzifəsinə irəli çəkildi. Sonradan Dövlət Miqrasiya Xidmətinə rəis müavini göndərilən Ramiz Mehdiyevin oğlunun bir müddət sonra, nazir postunda çalışacağı da söylənilir. Qeyri-rəsmi məlumatlara görə, Timur Mehdiyev Ədliyyə Naziri Fikrət Məmmədovu əvəzləyəcək. Bildirək ki, Fikrət Məmmədov prezident İlham Əliyevin xalası oğlu olsa da, o, çoxdan etimadını itirib.


Geri qayıt