Əsas Səhifə > Gündəm, Manşet > TƏHSİL NAZİRLİYİNDƏ TELEFON FIRILDAĞI
TƏHSİL NAZİRLİYİNDƏ TELEFON FIRILDAĞI27-06-2012, 17:52 |
NƏ MİSİR MƏRDANOV, NƏ DƏ DİGƏRLƏRİ TELEFONLARA CAVAB VERMİR DİA.AZ: - Dəfələrlə ayrı-ayrı rəsmi şəxslər tərəfindən bəyan edilib ki, onlar vətəndaşla təmaslara açıqdırlar. Təbii ki, bunun belə olmadığını hər kəs gözəl bilir. Amma yenə də rəsmi dairələrə inanaraq, onları sınamaq qərarına gəldik. Və qərara aldıq ki, bu gündən etibarən DİA.AZ olaraq ölkənin nazirlik və komitələrinin rəhbərləri ilə əlaqə yaratmağa cəhdlər edək. Onu da bildirək ki, ayrı-ayrı ölkələrdə, məsələn elə qardaş Türkiyədə hətta prezidentin telefon nömrəsi belə xalqa açıqdır. Və qardaş Türkiyədə bu ənənənin əsası keçmiş prezident Əhməd Necdət Sezərin vaxtından qoyulub və o zaman Türkiyə mətbuatı telefonla birbaşa Sezərlə danışan vətəndaşlarının təəccüb dolu reaksiyasından da geniş yazılar yazmışdı. Təbii ki, bizdə vəziyyət tamam fərqli olduğundan daha «yuxarılarla» yox, elə nazir və komitə sədrlərimizlə əlaqə yaratmağa təşəbbüs göstərdik və ümidlərimiz elə ilk cəhdimizdəncə boşa çıxdı. Eksperiment kimi seçdiyimiz təhsil nazirliyinin rəhbər heyətinin telefonları açıq olsa da, gün boyunca onlarla əlaqə yarada bilmədik. Nazirliyin internet saytından əldə etdiyimiz nazir Misir Mərdanova aid olduğu göstərilən 496-34-00 nömrəsini biz yığmaqdan yorulsaq da, kimsə cavab vermədi. Eynilə keçən ilin ha-küylü kadr islahatlarının yekununda nazir müavini postuna təyin edilmiş Qulu Novruzova aid olduğu göstərilən 496-32-92 nömrəsi də bizə susdu. Biz də bir az aşağı ranqlı məmurlara zəng etmək qərarını verib təhsil nazirliyinin apparat rəhbəri İlham Pirməmmədova aid olduğu göstərilən 496-22-50 nömrəsini aradıq. Yenə də sakitlik və telefonun çağırış zəngi… Hər halda, bizlər də yaxşı bilirik ki, burası nə Türkiyə deyil, nə də hansısa Avropa ölkəsi. Amma biz onu da yaxşı bilirik ki, məmurlarımız dəfələrlə «biz vətəndaşlara açığıq» şəklində açıqlamaları ilə qulaqlarımızı yağır ediblər. İndi isə bunun əksini görürük. Bunun adına ən azından millətə nömrə gəlmək demək olar… Geri qayıt |