Əsas Səhifə > Siyasət, Manşet > BÜTÜN QAFQAZIN 13-CÜ ŞEYXİ KİM OLACAQ?

BÜTÜN QAFQAZIN 13-CÜ ŞEYXİ KİM OLACAQ?


26-06-2012, 13:54
BÜTÜN QAFQAZIN 13-CÜ ŞEYXİ KİM OLACAQ?

ALLAHŞÜKÜR PAŞAZADƏ SƏHHƏTİ İLƏ ƏLAQƏDAR POSTUNDAN GEDƏ BİLƏR

DİA.AZ: - Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadə tutduğu vəzifələrindən istefa verə bilər. Bu barədə məlumatı DİA.AZ-a QMRİ-dəki mənbələr ötürüb.

Etibarlı qaynağın iddialarından belə aydın olur ki, son günlər adı bir çox qalmaqallarda hallandırılan Allahşükür Paşazadənin səhhətində ciddi problemləri yaranıb. Hətta onun ağır bir xəstəliyə mübtəla olduğu da söylənilir ki, bunun üçün Şeyxin uzun müddətlik ciddi həkim nəzarəti altında müalicə olunması ehtiyacı yaranıb.

Məlumatı verən mənbəyə görə, məhz bu səbəblərdən dolayı QMRİ-nin Qazilər Şurası tərəfindən bir neçə il əvvəl ömürlük Şeyx seçilmiş Allahşükür Paşazadə istefa verməli olacaq: «Hələlik onun yerinə kimin seçiləcəyi dəqiq məlum deyil. Hər kəs bilir ki, Allahşükür Paşazadənin tutduğu post həm də ciddi dövləti əhəmiyyət daşıdığından burada rəsmi Bakının da mövqeyi önəmlidir».

Amma bəzi qaynaqlar iddia edir ki, Allahşükür Paşazadədən sonra Bütün Qafqazın 13-cü Şeyxi hesab olunacaq yeni ruhani idarə sədri kimi əksəriyyət Hacı Sabiri görür. Onu da qeyd ki, zamanında mərhum Əbülfəz Elçibəylə də yaxın dostluq əlaqələrində olmuş Hacı Sabirə dini cameədə böyük rəğbət var.

Bildirək ki, Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlib.

1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib.

Ümumdünya İslam Konqresinin İdarə Heyətinin, Avrasiyanın İslam Şurasının İdarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.


Geri qayıt