Əsas Səhifə > Siyasət, Manşet > PA-NIN «AVROVİZİYA»DA BİZNES MARAĞI
PA-NIN «AVROVİZİYA»DA BİZNES MARAĞI26-06-2012, 12:24 |
MƏTBƏƏLƏR ARASINDA RƏQABƏT MİLYONLARIN XARİCƏ GETMƏSİNƏ NƏDƏN OLDU DİA.AZ: - «Avroviziya-2012» Azərbaycan hakimiyyətinə nə qədər baha başa otursa da, bu yarışmaya rəsmi Bakı hansı xüsusi canfəşanlıqla hazırlaşsa da, bu beynəlxalq mahnı müsabiqəsinin finalı bütün bu dediklərimizin əksinə olaraq çox sönük keçdi ki, bu da birbaşa olaraq «Avroviziya-2012»nin qalibi olan İsveç təmsilçisi Lorinin Azərbaycanın iç siyasətinə olan münasibətilə əlaqədar idi. Hər halda, YAP iqtidarı isveçli müğənnini Azərbaycan xalqına azadlıq və demokratiya arzulamısını «Azərbaycanın daxili işlərinə qarışma» cəhdi kimi qəbul edərək, onun qələbəsinə sevinmədiklərini nümayişkaranə formada hər kəsin diqqətinə çatdırmış oldular. Təsadüfi deyil ki, yarışmanın bu şəkildə sonluğa varması kənar müşahidəçilərin «hakimiyyətin xərclədiyi milyonlar boşuna sərf olundu» qənaətinə gəlmələrinə nədən oldu. Yəni bir növ cəfasını çəkdilər, amma səfasını dada bilmədilər - məntiqi ilə… Onu da bildirək ki, əslində bu kimi yarışmalar istənilən bir ölkə üçün çox mühüm əhəmiyyət kəsb edir. Ən azından tanınma baxımından. Və turizm potensialı baxımından imkanlı bir bölgə kimi xarakterizə olunan Azərbaycan üçün də «Avroviziya-2012»nin xüsusi əhəmiyyəti var idi. Bəs bizlər bu fürsətdən layiqincə istifadə edə bildikmi? Nəticələr də göstərir ki, yox. Çünki dövlətimiz bu yarışmaya ancaq inşaat sferasından tədarük gördü. Yəni dəmir-dümür işləri… Yarışmaya gələn turistlərin Azərbaycanı tanıya bilmələri üçün təbliğat materialları isə ümumiyyətlə yox dərəcəsində idi. DİA.AZ redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, əslində rəsmi Bakının əvvəlcədən məhz turistlər üçün müxtəlif informasiyaların yer aldığı fərqli-fərqli təbliğat materiallarının hazırlanması ilə bağlı planı olub. Sadəcə olaraq, bəzi işbaz məmurlarının bu istiqamətdəki özbaşınalığı və korrupsiya marağı əslində Azərbaycanın turizminin inkişafına böyük təsir göstərəcək «Avroviziya» yarışmasında təbliğ olunma fürsətimizin qaçırılmasına nədən olub. Hökumət içindəki məlumatlı mənbə bildirir ki, bu kimi təbliğat materiallarının hazırlanması üçün qabaqcadan tenderin elan olunması nəzərdə tutulsa da, sonradan tender baş tutmayıb: «Çünki ortada olan vəsaitə hər kəs iddialı idi. Təxminən 10 milyon manatlıq summa uğrunda əlində mətbəəsi olan məmurlar arasında rəqabət başlayır və nəhayətdə iş yubanır». Mənbəmiz bildirir ki, turistlərin böyük axınına təxminən 10 gün qalmış işə Prezident administrasiyası müdaxilə edir və çap məhsullarının hazırlanmasını PA-dakı məmurlardan birinin himayə etdiyi «Çaşıoğlu» mətbəəsinə həvalə edir: «Amma bu mətbəənin imkanları yetərli olmur ki, nəzərdə tutulan həcmdə işlər 10 günün içində başa çatsın və məcbur qalıb işi Türkiyənin şirkətlərinə verməli olurlar. Yəni Azərbaycanın yerli mətbəəçilərinin qazana bilmədiyi, uğrunda dava açdığı pullar nəhayətdə türkiyəli iş adamlarına qismət olur». Mənbəmiz bu arada «Çaşıoğlu» mətbəəsi ilə bağlı da ilginc faktları açıqladı. Sən demə, bu mətbəə başdan-başa siyasiləşmiş bir qurumdur və PA-dakı hamilərinin hesabına az qala bir siyasi təşkilat şəklində fəaliyyət göstərir. Mənbəmizin sözlərinə görə, PA-nın xətti ilə rəsmi qurumlara aid bütün çap işlərini həyata keçirən bu mətbəə sözügedən bazarda monapolist hesab olunur: «Əsas olanı bu deyil. Əsası odur ki, həmin mətbəədə müştərilərin siyasi əqidəsinə də diqqət yetirilir. Yəni müxaliflərin öz mövqelərini ifadə edən nəşrlərin «Çaşıoğlu»da çap edilməsi imkansızdır». Məlumatlı qaynaq bir maraqlı olayı da xatırlatdı: «ANS telekanalının bütün nəşrləri əvvəllər həmin mətbəədə çap olunurdu. Lakin ANS telekanalı bağlandığı zaman «Çaşıoğlu» artıq bu telekanalın kitabının bağlandığını zənn edib, onun jurnallarının dərcindən də imtina etdi. Amma onlardan fərqli olaraq fövqaladə hallar naziri Kəmaləddin Heydərova məxsus olan CBS mətbəəsi ANS kanalının jurnallarını dərc etdi. Və öz efirini bərpa edən telekanal sonradan «Çaşıoğlu» ilə əməkdaşlığına son qoydu və bu gün də CBS-lə əməkdaşlıq edir». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |