Əsas Səhifə > Ölkə > MOLLALAR ƏL ÇƏKMİR

MOLLALAR ƏL ÇƏKMİR


21-10-2011, 13:39
MOLLALAR ƏL ÇƏKMİR

AZƏRBAYCANA XÜSUSİ HEYƏT GÖNDƏRİLİR

İran sərhəd polisi oktyabrın 19-da dövlət sərhədində İran əsgərinin ölümü ilə nəticələnən insidentin araşdırılması məqsədi ilə Azərbaycana heyət göndərəcək.

APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İran Sərhəd Polisinin Ərdəbil vilayəti istiqamətindəki qüvvələrinin komandanı, polkovnik Seyid Müctəba Musəvi bildirib.

Polkovnik heyətin araşdırma aparmaq üçün yaxın günlərdə Azərbaycana gedəcəyini vurğulayıb.

Hadisə ilə bağlı açıqlama verən M. Musəvinin sözlərinə görə, hadisə Parsabad bölgəsinin Firuzabad kəndi istiqamətində baş verib. İran Sərhəd Polisinin əsgəri silahsız şəkildə, yanlışlıqla Azərbaycan ərazisinə daxil olub. Azərbaycan sərhədçilərinin açdığı atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, oktyabrın 19-da saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Lakin sərhəd pozucusu aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucusunun İran İslam Respublikası Sərhəd Qoşunlarının hərbçisi, 20 yaşlı Əkbər Həsənpur olduğu məlum olub. Onun meyiti oktyabrın 20-də qarşı tərəfə təhvil verilib.


Geri qayıt