Əsas Səhifə > Siyasət, Manşet > YENİ İCRA BAŞÇISI DEPUTATDAN EHTİYAT EDİR

YENİ İCRA BAŞÇISI DEPUTATDAN EHTİYAT EDİR


25-06-2012, 11:52
YENİ İCRA BAŞÇISI DEPUTATDAN EHTİYAT EDİR

VAHİD ƏHMƏDOVUN GERİ ÇAĞRILMASI ÜÇÜN TƏŞƏBBÜSLƏR BAŞ QALDIRIB

DİA.AZ: - 1 Mart tarixində Qubada yaşanılan olaylar hələ də hüquq-mühafizə orqanları tərəfindən araşdırılsa da, sözügedən hadisələrin tam təfərrüatı hələ də cəmiyyətdən gizli tutulur. Doğrudur, istintaq orqanları artıq məsələnin nə yerdə olmasının tam fərqindədirlər, amma bu işdə bir çox iqtidariçi güc mərkəzlərinin iştirakçı olması həqiqətlərin gizlədilməsinə gətirib çıxarır.

Məsələn, bir müddət əvvəl yerli mətbuatda belə bir məlumatlar yayıldı ki, əslində məlum hadisələr zamanı Qubaya rəsmi Bakının «sülh korpusunun» tərkibində göndərilmiş qubalı deputat Vahid Əhmədov sən demə, devrilmiş icra başçısı Rauf Həbibova qarşı hərəkətlənmənin arxasında dayanan əsas fiqurlardan biri olub. Onun adı hətta Quba olaylarının qızışdırılmasında müstəsna rol oynadığı iddia olunan «XəyalTV»nin himaədarlarından biri kimi də hallandırılır. Hətta bildirildi ki, Quba olayları ilə əlaqədar Vahid Əhmədov istintaqçılar tərəfindən dindirilib.

Elə deyəsən, bu kimi ittihamların yaratdığı qənaət nəhayətdə Qubanın yeni icra başçısı - 1 Mart hadisələrinin ardından Mingəçevirdən Qubaya transfer olunan Mübariz Ağayevə də təsirsiz ötüşməyib. Rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatda bildirilir ki, özünü Qubada kifayət qədər arxayın hiss edən Mübariz Ağayev Vahid Əhmədovun hansı səviyyədə 1 Mart olaylarında iştirak etdiyini yaxşı bildiyindən onunla məsafə qorumağa çalışır.

Mənbəmiz bildirir ki, hətta bir neçə gün əvvəl Qubada Vahid Əhmədova qarşı başlanan kampaniyanın da təşkilinə yeni icra başçısı tərəfindən göz yumulub. Xatırladaq ki, qubalılar 1 Mart hadisələri zamanı onlara «kimsə həbs olunmayacaq» vədini verən Vahid Əhmədovun geri çağrılması, mandatının əlindən alınması üçün təşəbbüslərlə çıxış etməyə başlayıblar. Hazırda 30-a yaxın qubalının həbsdə olmasına baxmayaraq, məhbus yaxınları qubalı deputatla görüşə bilmirlər.

Mənbəmiz bildirir ki, Qubanın yeni icra başçısı bu günlərdə Vahid Əhmədova bir qadağa da tətbiq etmək fikrindədir. Belə ki, Mübariz Ağayev keçən həftənin cümə günü icra hakimiyyətində təşkil olunan toplantıda işçilərinə «Vahid Əhmədovdan uzaq olun» təlimatını da verib. Görünür, yeni başçı bəri başdan işini ehtiyatlı tutmaq fikrindədir.

Geri qayıt