Əsas Səhifə > Gündəm, Manşet > REGİONAL QRUPLAŞMALAR YENİDƏN FƏALLAŞIR

REGİONAL QRUPLAŞMALAR YENİDƏN FƏALLAŞIR


24-06-2012, 15:20
REGİONAL QRUPLAŞMALAR YENİDƏN FƏALLAŞIR

NAXÇIVAN QRUPLAŞMASI HAKİMİYYƏTƏ SÜNİ RƏQİBLƏR YARADIR

DİA.AZ: - Məlum olduğu kimi keçən şənbə günü Qərbi Azərbaycana Qayıdış Birliyinin (QAQB) ümumi yığıncağı keçirilib. Qurumun toplantısında Rizvan Talıbov QAQB sədri vəzifəsindən azad edilib. Yığıncağın bəyanatında deyilir ki, iclasda QAQB sədrinin birinci müavini Yalçın Qəhramanoğlunun Talıbova qarşı səsləndirdiyi ittihamlar müzakirə olunub: “Talıbovun son illərdəki fəaliyyəti müzakirə olunub və verdiyi bir sıra bəyanatlar və sərəncamlar barədə QAQB MNTK-sının rəyi dinlənilib.

Qeyd olunub ki, R.Talıbovun yarıtmaz və düşünülməmiş addımları səbəbindən QAQB-nin fəaliyyəti iflic olunub, məramnamədən sapmalara yol verilib. MNTK sədrinin əsaslandırılmış məruzəsinə əsasən bəlli olub ki, R.Talıbov kobud şəkildə nizamnamə pozuntularına yol verib. Y.Qəhramanoğlunun bəyanatına haqq qazandırılaraq, R.Talıbova qarşı səsləndirdiyi ittihamlar əsaslı hesab olunub”.

Bu və digər səbəblərdən R.Talıbov QAQB sədri vəzifəsindən və təşkilat üzvlüyündən xaric olunub, qurumun İdarə Heyətinin üzvü Abdalov İxtiyar Əliş oğlu yeni sədr seçilib.

Onu da bildirək ki, əslində Rizvan Talıbovun QAQB-dən qovulması heç də hansısa nizamnamə pozuntusu ilə əlaqədar deyil. Bu barədə məlumatı redaksiyamıza qurumdakı mənbə verib. Bildirilənə görə, əslində Rizvan Talıbov QAQB-dən sırf maliyyə məsələsinə görə uzaqlaşdırılıb.

Mənbənin DİA.AZ-a söylədikləri: «Son günlər regional faktora söykənən siyasi kursların sanki dirilməsi ilə diqqətə gəlməkdədir. Bir yandan Ayaz Mütəllibovun dönüşü xəbərindən ruhlanaraq fəallaşan Şirvan qruplaşması, digər yandan da hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı yeni kampaniyaya start verən Qərbi Azərbaycanlılar əslində bu kimi hərəkətlənmələri ilə keçmişə qayıdış etməkdədirlər».

Mənbəmiz bildirir ki, bütün bunların arxasında konkret olaraq hakimiyyətin maraqlı qüvvələri dayanır: «Onlar yenidən regionçuluğu qabardırlar. Kimdir həmin şəxslər? Əslində İlham Əliyevin gəlişindən sonra əməlli-başlı küncə sıxışdırılan regional mahiyyətli qruplaşmalar uzun müddət idi ki, fürsət gözləyirdilər. İndi əllərində imkan var və həm Ayaz Mütəllibovdan və həm də Əli İnsanovdan sün şəkildə regional ağsaqqal obrazı yaradaraq, onları hakim düşərgəyə rəqib kimi sıramağa çalışırlar. Və bu əsnada əsas projelərdən biri də Qərbi Azərbaycanlılarla əlaqədardır».

Məlumatlara görə, QAQB-yə və digər bu kimi təşkilatlara yeni maliyyə axını gözlənilir: «Həmin qurumlar fəallıq etməli və hakimiyyətin üst düzəyində belə bir təəssürat yaranmalıdır ki, onlar rəqibdirlər. Bu yolla hakim düşərgə də özünün əsas arsenalı hesab olunan Naxçıvan klanının imkanlarına yenidən müraciət etmək zorunda qalacaq. Plan təxminən belədir».

Rizvan Talıbovun şəxsinə gəlincə isə, bu adamın sözügedən proses üçün uğurlu olmadığını bildirən mənbəmiz yeni anoloji təşkilatların yaranma ehtimallarının yüksək olduğunu da bildirdi. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin...


Geri qayıt