Əsas Səhifə > Ölkə, Manşet > MİNGƏÇEVİRDƏ SAHİBKAR ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR

MİNGƏÇEVİRDƏ SAHİBKAR ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR


22-06-2012, 15:21
MİNGƏÇEVİRDƏ SAHİBKAR ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR

OBYEKTİNİN PLANA DÜŞMƏSİ SAHİBKARI ÇİLƏDƏN ÇIXARIB

DİA.AZ: - Redaksiyamıza Mingəçevir şəhərində yaşayan iş adamlarından biri Nicat Şəfiyevin şikayət məktubu daxil olub. Ağdam rayonunun işğalından sonra ailəsi ilə birgə respublikanın 4-cü ən böyük şəhərində məskunlaşdığını bildirən şikayətçi DİA.AZ-a ünvanladığı müraciətində yerli məmur özbaşınalığından gileylənir.

Məktubda deyilir: «Neçə illərdir ki, Mingəçevir şəhərində yaşayıram. Ailəmi xırda ticarət hesabına dolandırıram və artıq 5 ildir ki, Mingəçevirin mərkəzi hissəsində öncə kirayələdiyim, sonradan isə Rusiyada yaşayan qardaşlarımın hesabına nağd pula satın aldığım dükanımda aiəlm üçün dolanışıq yeri düzəltmişəm».

Şikayətçinin sözlərinə görə, əvvəllər hər şey qaydasında imiş: «Ta o vaxta qədər ki, Mingəçevirə yeni başçı təyin edildi. Niyazi Bayramovun şəhərə ayağının dəyməsindən sonra yerli sahibkarlara qarşı bir kampaniya başlayıb. Elə bir qənim gəlib. Artıq neçə ticarət obyektini bağlatdırıb. Adını da ya qanunsuz tikili qoyur, ya da «şəhərin gözəlliyini pozur» ittihamı ilə obyektlərimizi sökür».

Əlindəki obyektin çayxana kimi fəaliyyət göstərdiyini bildirən məcburi köçkün soydaşımız bildirir ki, Niyazi Bayramovun adamları neçə gündür ki, ona da obyektinin plana düşməsi barədə məlumat veriblər: «Mən də narazılığımı bildirdim və söylədim ki, həmin obyekti 5 il əvvəl satın almışam və indi ailəmi (həm də Rusiyada yaşayan qardaşlarımdan birinin ailəsini -11 nəfər buradan dolanır) bu obyektin hesabına saxlayıram. Amma məni eşidən olmadı. Sonradan öyrəndim ki, obyektimin sökülməməsi müqabilində 10 min manat pul istəyirlər. Mənim isə bu qədər pulum yoxdur».

Şikayətçi ona 1 həftə vaxtın verildiyini də bildirdi: «Deyiblər ki, bir həftəyə obyektim söküləcək. Əgər bu olacaqsa, o zaman baş verənlərə mən cavabdeh deyiləm. Özümü və ailə üzvlərimi benzin töküb yandıracam».

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt