Əsas Səhifə > Siyasət, Manşet > MİLLİ ORDUMUZA ƏHALİDƏN BÖYÜK ETİMAD

MİLLİ ORDUMUZA ƏHALİDƏN BÖYÜK ETİMAD


22-06-2012, 11:53
MİLLİ ORDUMUZA ƏHALİDƏN BÖYÜK ETİMAD

AZƏRBAYCANIN 4 İRİ ŞƏHƏRİNDƏ KEÇİRİLƏN SORĞUNUN İLGİNC NƏTİCƏLƏRİ

DİA.AZ: - «Söz» Analitik Araşdırma Bürosu (SAAB) ölkədəki ictimai-siyasi durumu öyrənmək məqsədilə son altı ayın yekunları ilə bağlı sorğu keçirib. Qurumdan DİA.AZ-a verilən məlumatda bildirilir ki, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində 2024 nəfər respondent arasında keçirilən sorğu müxtəlif spektrlərdəki duruma ictimai baxışın müəyyən olunması məqsədini daşıyıb.

Ən çox korrupsiyalaşmış dövlət qurumu

Məlumatda deyilir ki, Azərbaycanın dörd iri şəhərinin sakinləri «Hansı dövlət qurumunu ən çox korrupsiyalaşmış hesab edirsiniz» sualının cavabında əməlli-başlı yekdillik nümayiş etdiriblər. Belə ki, sorğuda iştirak edənlərin 61 faizinə görə, bu gün Azərbaycanda təhsil sistemi daha çox korrupsiyalaşıb. Təbii ki, burada respondentlərin rəylərinə hər kəsin bu istiqamətlə birbaşa təmasda olması mühüm rol oynayıb.

Digər nəticələr isə aşağıdakı kimidir:

- səhiyyə sistemi - 21,7 %;
- gömrük sistemi - 10,2 %;
- polis orqanları - 4,3 %;
- məhkəmə orqanları - 2,8 %.

Sorğu iştirakçıları Milli Orduya güvənir

SAAB-ın respondentlərə təqdim etdiyi digər sual isə «Hansı dövlət qurumunun işindən razısınız» şəklində olub ki, burada da maraqlı nəticə əldə edilib. Əslində keçirilən sorğunun nəticələrindən belə təəssürat yaranır ki, rəylərini açıqlayanların əksəriyyəti öz münasibətlərini son hadisələrin fonunda müəyyən ediblər.

Belə ki, sorğuda iştirak edənlərin yenə də böyük çoxluğu 53,4 faizinin qənaəti belədir ki, bu gün müharibə şəraitində olan Azərbaycanımızda Müdafiə Nazirliyinin fəaliyyəti qənaətbəxşdir. Ekspertlərin fikrinə görə, belə bir nəticənin əldə olunması təbii ki, son günlər Milli Ordumuza olan etimad yükünün artması ilə əlaqədardır. Hər halda, Qarabağ cəbhəsində ermənilərin fəallaşması və bu zaman əsgərlərimizin göstərdiyi şücaət birbaşa olaraq sorğu iştirakçılarının qənaətlərinə təsir göstərib.

Onu da bildirək ki, sorğumuzda ikinci yerdə dayanan dövlət qurumu əmək və əhalinin sosial müdafiəsi nazirliyidir. Maraqlıdır ki, son zamanlar bu sektorda çox ciddi antikorrupsiya tədbirləri həyata keçirilib. Eyni zamanda bir sıra islahatları ilə də ƏƏSMN diqqətə gəlib. Və SAAB-ın sorğusuna qatılanların 27 faizinin ƏƏSMN-dən razılıq etməsini həm də bu sektorda görülən tədbirlərin dəstəklənməsi kimi də qəbul etmək olar

Digər nəticələr isə aşağıdakı kimidir:

- polis orqanları - 9,6 %;
- gömrük sistemi - 5,7 %;
- vergi sistemi - 4,3 %.

İran hətta Ermənistanı da üstələyib

Sorğuya qatılan 2024 respondentin fikrinə görə isə Azərbaycana düşmən olan ölkələr sırasında ilk yeri gözlənildiyi kimi İran İslam Respublikası tutmaqdadır. Burada da təbii ki, son zamanlar bu ölkənin Azərbaycana qarşı sərgilədiyi düşmən mövqe müstəsna rol oynayıb. Belə ki, ölkənin iri şəhərlərinin sakinlərinin təxminən 79,3 faizinin qənaətinə görə, rəsmi Tehran hətta düşmən Ermənistandan da təhlükəlidir.

«Hansı ölkəni Azərbaycana real təhlükə hesab edirsiniz» sualına verilən respondent cavabları aşağıdakı kimidir:

- İran - 79,3 %;
- Ermənistan - 15 %;
- Rusiya - 5,7%.

Qeyd: Srğu iştirakçılarının verdikləri rəy göstəricəliri hesablanarkən rəqəmlərin yuvarlanması həyata keçirilib. 1-2 faizlik səs almış cavab punktları nəticələrdə ümumiyyətlə əks olunmayıb.


Geri qayıt