Əsas Səhifə > Gündəm, Manşet > QARADAĞIN İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR

QARADAĞIN İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR


22-06-2012, 11:22
QARADAĞIN İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR

SÜLEYMAN MİKAYILOVUN QARADAĞDAKI TALANLARI ARAŞDIRILACAQ

DİA.AZ: - Üç gün əvvəl «Xəzər» telekanalında Qaradağ rayonu ilə bağlı bir reportaj tamaşaçılara təqdim olunub ki, bu da rayon sakinlərinin narazılığına səbəb olub. Bu barədə redaksiyamıza edilən müraciətlərdən aydın olur ki, adıkeçən telekanalın reportajı birtərəfli qaydada, yəni sırf olaraq icra başçısı Süleyman Mikayılovun arzularına uyğun olaraq hazırlandığından heç də reallığı əks etdirmir.

Telekanal operatorun ustalığı

Əslində guya ki, Qaradağ rayonunun sosial-iqtisadi inkişafını təbliğ edən bu reportajı izləyəni hər bir kəsə aydın olur ki, «XəzərTV»nin operatoru və müxbiri çox əziyyət çəkiblər. Hər halda, icra başçısı Süleyman Mikayılovun əziyyət çəkməməsini ört-basdır edə bilmələri üçün kiminsə əziyyətə qatlaşması zəruri idi.

Belə ki, rayonda saxta abadlıq mənzərəsinin yaradılması üçün təkcə 28 May küçəsi «XəzərTV»nin reportajında 4 pozisiyadan göstərilib. Yəni bir abadlaşmış küçə ətrafında Qaradağ barədə ümumi təsəvvürün yaradılmasına çalışılıb. Bu da azmış kimi digər abadlaşmış küçə hesab olunan (halbuki həmin küçələrin də yarımçıq və zövqsüz şəkildə abadlaşdırılması elə kadrlardan da hiss olunur) Nərimanov küçəsi də eyni şaydada reportajda 4 istiqamətdən göstərilib. Təsəvvür edin 400 metrlik küçəyə xüsusi təmtəraq verilib ki, bu da anlaşılandır. Hər halda telekanaldakı həmkarlarımı Süleyman Mikayılovun arzularını yalnız möcüzə yolu ilə həyata keçirə bilərdilər.

Bildirək ki, Nərimanov küçəsində də yalnız dövlət qurumlarının binaları yerləşir və yalnız bir-iki yaşayış binası var. Və belə bir şəraitdə həmin ərazinin kimlərin hesabına abadlaşdırıldığını təxmin etmək o qədər də çətin deyil. Ona görə ki, artıq ictimaiyyət də rayon icra başçılarının hansı üsulda, hansı qaydada çalışdıqlarını yaxşı bilir. Və faktdır ki, Süleyan Mikayılovun «usta» bir başçı olması barədə təəssüratı yaratmağa çalışan «XəzərTV»nin usta operatorlarının təqdim etdiyi küçələr də elə həmin idarələr tərəfindən abadlaşdırılıb.

Hasar dalında qalan həqiqət…

Bildirək ki, reportaj zamanı icra başçısı Bakı-Salyan yolunun kənarı ilə çəkilən hasardan abadlıq işi kimi danışır. Çox gözəl. Amma nədənsə həmin hasarların arxasında qalan obyektlərin dərdi kimsənin yadına düşmür. Çünki artıq yerli qəzetlər də bildirilib ki, Süleyman Mikayılov hasar dalında qoyulan obyektlərin üzərinə əməlli-başlı hücuma keçib və hər bir obyekt sahibindən 30 min manat pul tələb edir. Tələb olunan vəsaiti ödəməyənlər isə obyektləri ilə vidalaşmalı olurlar.

Onu da bildirək ki, belə bir möcüzə də yalnız Qaradağ rayonu ərazisində baş verməkdədir. Yəni obyektlərin hasar dalında saxlanılması, girov tutulması. Halbuki eyni problem bu yaxınlarda Səbayel rayonu Badamdar qəsəbəsi ərazisində də yaşanılmışdı. Amma buna rəğmənşəxsən prezident tərəfindən «Qurd Qapısı» istiqamətdəki obyektlərin qarşısının örütlməsinə icazə verilmədi.

Amma qeyd edək ki, burada başqa bir məqam da var. Süleyman Mikayılovun Qaradağın sosial-iqtisadi inkişafının təntənəsi kimi təqdim etməyə çalışdığı Bakı-Salyan yolunun ümumiyyətlə Qaradağ rayonuna heç bir aidiyyatı yoxdur və həmin yol Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Yəni başçı «XəzərTV»dəki reportajda əslində boşuna öyünüb. Əgər kimsə öyünməlidirsə, o da Bakı meri Hacıbala Abutalıbovdur.

Telekanalın işıq salmadığı həqiqətlər

Hər halda, «XəzərTV» susa bilər, amma Qaradağ sakinləri bu həqiqətləri söyləməkdə heç də tənbəllik etmək fikrində deyillər. Bununla bağlı redaksiyamıza açıqlama verən Qaradağ rayon sakini Ağayev Ağahüseyn Qulam oğlunun bildirdiyinə görə, 5 il ərzində prezident İlham Əliyev Qaradağ rayonunu Milli Məclisdə təmsil etdiyi müddətdə onun rəhbərliyi altında inşa olunan parklar və digər sosial obyektlər Süleyman Mikayılov tərəfindən sökülüb və həmin ərazilərdə başçı özü üçün kommersiya obyektləri tikməklə məşğuldur: «Məsələn, 1998-ci ildə Lökbatan qəsəbəsinin mərkəzində inşa edilmiş avtovağzalın dayanacağını özü üçün kommersiya obyekti tikərək satışa qoyub. 28 May küçəsində yerləşən 15 saylı keçmiş «Kolxoz Bazarı»nı özünə yaxın şəxslərdən birinin adına özəlləşdirərək 11 sahibkarın əmlakını özlərinin vəsaitləri hesabına təmir etdirərək, mənimsəyib və özünə yaxın olan şəxslərin adına özəlləşdirib. Həmin obyektlərin qanuni mülkiyyətçiləri isə kanarda qalıblar. Onlardan da 4 nəfəri məhkəməyə müraciət etmiş, onlardan Şamilov Şamil Canməmməd oğlunun iddiası 1 saylı inzibati iqtisad məhkəməsi tərəfindən təmin edilmiş və obyekt sahibinə qaytarıldı. Digərləri isə baxılmaq üçün günü bu gün də məhkəmə instansiyalarındadır».

Qaradağ sakininin DİA.AZ-a bildirdiyinə görə, dövlət vəsaiti hesabına uşaq meydançasını təmir etdirərək özü üçün «Cırtdan» kafesi inşa etdirmiş və açılışını dövlət səviyyəsində təşkil edib: «Həmin ərazidə yerləşən ticarət obyektini isə söküb. Obyektin qanuni sahibi isə yenə də heç bir kompensasiya almadan mülkiyyətini icra başçısının iştahasına qurban verib. 28 May küçəsində rayon İH başçısının sərəncamı ilə tikilmiş bir neçə ticarət obyektini sökmüş və onların yerində özü üçün kommersiya obyektləri inşa etdirib».

Süleyman Mikayılov prezidenti aldada biləcəkmi?

Həmsöhbətimiz bildirir ki, Süleyman Mikayılov Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin yanındakı ərazidə yerləşən parkdakı yaşıllıqları da məhv edərək, özünə çayxana inşa etdirib: «İndi də Bakı Elektrik Şəbəkəsinin Qaradağ şöbəsi üçün inzibati bina tikdirməklə məşğuldur (həmin ərazidə). Bildirək ki, qurumun əvvəlki binası bazara bitişik yerdə yerləşirdi. Və köhnə ərazi də Süleyman Mikayılovun hədəfindədir. Burada olan əsas məqsəd isə həmin ərazinin ələ keçirilmiş bazarın ərazisinə qatılmasından ibarətdir».

1999-cu ildə həmin dönəmdə Qaradağ rayonunu MM-də təmsil edən hazırki prezident İlham Əliyevin rəhbərliyi altında Sahil qəsəbəsindəki 3 kilometrlik park-bulvar baxımsızlıqdan dağılmaq üzərədir. İndi Süleyman Mikayılov çıxışında həmin ünvanı yeni park tikintisi məkanı kimi təqdim etməyə çalışır. Halbuki mövcud park rekonstruksiya olunmuş kimi təqdim olunmalıdır. Və burada da başlıca məqsəd sırf olaraq əlavə yeyinti imkanlarının yaradılmasından ibarətdir. Hər halda, prezident İlham Əliyev rəva bilməz ki, onu bu şəkildə aldatsınlar. Ən azından hazırki parkın həm yaradılması və həm də tarixi prezident üçün məlum bir hadisədir.

Onu da xatırladaq ki, bənzər bir hadisə bu yaxınlarda İimişliyə icra başçısı göndərilmiş Samuxun keçmiş rəhbəri Vilyam Hacıyev tərəfindən də törədilmişdi. Belə ki, Vilyam Haycıev Samuxda başçı olarkən rayon camaatı arasında Mosu kişinin çayxanası kimi tanınan obyekti Samuxa səfər edən prezident İlham Əliyevə yeni Şahma Evinin binası kimi təqdim etmiş və prezidentə «yeni Şahmat Evinin» hətta lenti də kəsdirilmişdi.

İndi isə anoloji yalanı Süleyman Mikayılov hazırlamaqdadır. Amma onun ilişməsi daha asandır. Çünki başçının «inşa etməyə» hazırlaşdığı park elə İlham Əliyevin deputat olduğu dönəmdə, onun öz təşəbbüsü ilə artıq bir dəfə inşa edilib.

Süleyman Mikayılov hələ də AXC iqtidarından danışır

Daha sonra Qaradağdan olan sahibkar bildirir ki, icra başçısı «XəzərTV»dəki çıxışında göstərir ki, Bakı şəhəri ərazisi üzərə ən çox qanunsuz tikili Qaradağ rayonu ərazisindədir və bu da guya ki, AXC iqtidarı dönəmində inşa edilib: «Baxmayaraq ki, Bakı ŞİH sərəncamı ilə 2001-ci il aprel ayının 1-dən rayon İH başçılarının fərdi mənzil tikintisi üçün torpaq ayırmaq səlahiyyətləri dayandırılır. Amma buna rəğmən rayon icra hakimiyyətinin şifahi göstərişi ilə Qaradağ ərazisində bütün qəsəbələrdə bu kimi inşaat işləri günü bu gün də davam etdirilir. Bunu görmək üçün sözügedən kanalın kameralarının obyektivini azca yana çevirməsi lazım idi».

Heydər Əiyev Muzeyi çayxanaya dönüşdü

Daha sonra şikayətçi bildirir ki, icra başçısının əməlləri ilə bağlı dəfələrlə yuxarı orqanlara şikayət məktubu da ünvanlayıb: «Amma buna baxmayaraq Süleyman Mikayılov özünü həddindən artıq toxunulmaz hiss edir və bu səbəbdən də özünü ərköyün aparmaqdadır. İş o həddə çatıb ki, kimsədən ehtiyat etməməsi səbəbindən Lökbatan qəsəbəsi ərazisində yerləşən Heydər Əliyev parkındakı Heydər Əliyev muzeyini bu gün çayxanaya çevirib və bu günlərdə həmin obyektin də açılışı nəzərdə tutulub».

Hər halda, elə bu faktın özü də Süleyman Mikayılovun hazırda İmişliyə rəhbərlik edən Samuxun keçmiş icra başçısı Vilyam Hacıyevin bir bənzərinin olmasını sübutlayır. Sanki bu adamları arayıb-axtarıb ortaya çıxarıblar.

İcra başçısının yarımçıq «əlyazmaları»

Bildirək ki, Süleyman Mikayılovun yarımçıq işləri də var. Bu barədə də redaksiyamızı bilgiləndirən həmsöhbətimizin sözlərindən aydın olur ki, bu günlərdə Lökbatan qəsəbəsində Ağayev Kənan Ağahüseyn oğluna məxsus olan və Dövlət Əmlakının İdarəsi üzrə Dövlət Komitəsindən aldığı sənədlərdə təsdiq olunan Seymur Orucov küçəsi 20 ünvanında yerləşən 20 saylı mağazanın 238 kv/m-ni sökərək, özü üçün bank yeri kimi müəyyən edib və özülü də qazılıb. Mülkiyyət sahibi ölkə prezidentinə müraciət etdikdən sonra tikinti sökülüb, ərazi yenidən sahibinə qaytarılıb. Və 1 saylı inzibati iqtisad məhkəməsi tərəfindən mülkiyyət sahibinə 238 min manatlıq vəsait həcmində dəymiş ziyanın qarşılığıının ödənilməsi barədə qərar çıxarılıb. Mülkiyyətçi Ağayev Kənan məhkəmənin qərarından narazı olduğu üçün Süleyman Mikayılovun barəsində Azərbaycan Respublikası cinayət məcəlləsinin 186, 186.1, 186.2.1, 308, 309, 309.1 və 309.2 maddələri ilə cinayət işinin başlaması haqqında şikayət edib. Həmin mağazanın qanunsuz olaraq sökülməsi işinə birinci instansiya kimi baxan Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilov işin sənədlərini - dövlət əhəmiyyətli sənədləri itirmiş, sahibkar isə həmin sənədlərin surətini yenidən məhkəməyə təqdim etmiş, bu zaman məhkəmə ərizələrin bir ay əvvəldən qəbul edilməsinə baxmayaraq, sənədlərin surəti bir ay sonradan notarial qaydada təsdiq edilib. Bu isə aydın şəkildə adıkeçən hakimin dövlətin qanunları ilə yox, Süleyman Mikayılovun buyruqları ilə hərəkət etdiyini sübut etməkdədir. Buna baxmayaraq İsmayıl Xəlilov işə baxarkən günün birinci yarısında tikintinin dayandırılması haqda qərar versə də, başçının təzyiqindən sonra günün ikinci yarısında yenidən məhkəmə baxışı keçirməli olmuş və həmin yerdə tikintinin aparılmasına qərar verməli olub. Bu isə tam olaraq Azərbaycanın məhkəmə orqanlarının məmurların əlində alət olmasını sübutlayan biabırçı bir fakt kimi diqqətə gəlməkdədir.

İş baxılması üçün 1 saylı inzibati iqtisad məhkəməsinə göndərildikdən sonra həmin məhkəmə instansiyası tərəfindən inşaat işlərinin aparılmasına qadağa qoyulmuş və hər cürə müdaxilə məhkəmə tərəfindən yolverilməz hesab olunub. Bildirək ki, buna qədər Süleyman Mikayılov həmin mağazanın işığını belə öncədən kəsdiyindən bu da məhkəmənin qərarı ilə sonradan bərpa edilib.

Qanunlara yox, başçıya qulluq edən hakim həbs olunmalıdır

Onu da bildirək ki, obyekt sahibi paralel olaraq hakim İsmayıl Xəlilovun barəsində də cinayət işinin açılması üçün məhkəmə instansiyalarına baş vurub və onun CM-nin 295, 295.1, 320.1 və 320.2 maddələri ilə mühakimə olunmasını xahiş edib. İşə hal-hazırda Apellyasiya Məhkəməsi tərəfindən baxılır.

Bir işdə üç yerdən qazanc

Sonda Qaradağ rayonundan olan sahibkar Ağayev Ağahüseyn yenə də icra başçısının «Xəzər» kanalındakı reportajını diqqətə gətirərək bildirir ki, həmin teleburaxılışda Süleyman Mikayılov rayondakı Heydər Əliyev parkının ətrafında yerləşən yaşayış binalarının fasadlarının, dam örtüklərinin dəyişdirilməsinin dövlətin müvafiq abadlaşdırma proqrammı əsasında həyata keçirildiyini vurğulayıb:

«Amma başçı burada da yalan danışıb. Çünki həmin binalar Dövlət Nefti Şirkətinin balansındadır. Yəni ARDNŞ-nin pulu qurtarıbmı ki, onun binalarını Süleyman Mikayılov təmir etdirir. Halbuki Dövlət Neft Şirkəti tərəfindən həmin binaların təmirinə kifayət qədər maliyyə vəsaiti ayrılıb. Bu da bir yana. Həmin binaların fasadları üzlük piltələrlə üzlənsə də, bu zaman üç mənbədən istifadə olunub. Biri, ölkə prezidentinin Bakı və onun ətraf qəsəbələrinin abadlaşdırılması üçün ayırdığı maliyyə vəsaiti hesabına, digər mənbə, Dövlət Neft Şirkəti tərəfindən ayrılan maliyyə vəsaiti hesabına, üçüncüsü isə yerli sahibkarlardan toplanmış üzlük piltə və maliyyə hesabına. Hər halda, bu üç maliyyə qaynağının heç birinin Süleyman Mikayılova aidiyyatı yoxdur və buradan da aydın olur ki, icra başçısı bir mənbə ilə işi görüb, yerdə qalan iki mənbənin ayırdığı vəsaiti isə mənimsəyib».

Süleyman Mikayılovun «kanalizasiya yeyintisi»

Onu da bildirək ki, Qaradağ rayonu Bakı şəhərinin rayonları içində yeganə rayondur 17 qəsəbənin heç birində (Sahil qəsəbəsi istisna olmaq şərtilə, amma bildirək ki, həmin qurğu da 1000 nəfərlik əhali üçün nəzərdə tutulub, hazırda isə qəsəbənin 35 min sakini var red.) su təmizləyici qurğu yoxdur və bunun da nəticəsində kanalizasiya suları təmizlənmədən birbaşa olaraq dənizə axıdılır. 2010-cu ildə bu məqsəd üçün regionların abadlaşdırılması proqramına uyğun olaraq Lökbatan qəsəbəsində iki təmizləyici qurğunun inşa edilməsi üçün 38 milyon manat həcmində maliyyə vəsaiti ayrılıb. Amma bu maliyyə vəsaitinin aqibəti məlum deyil. Çünki təmizləyici qurğular inşa edilməyib. Yenidən bu il eyni məqsəd üçün pul ayrılıb və təmizləyici qurğuların inşaasına başlanılıb. Əvvəlki məbləğ isə Süleyman Mikayılov tərəfindən həzm-rabedən keçirilib.

Onu da bildirək ki, Süleyman Mikayılovun özünəməxsus iş üslubu da var. Hansısa işin icrası üçün qul bazarından işçi tutur, onları az maaşa işlədir. Görülmüş işlər haqqında 2 nömrəli formanı isə özlərinə məxsus tikinti şirkətlərinin adına qeydiyyata saldıraraq, bu yolla da külli miqdarda pulu oğurlayır. Bildirək ki, həmin tikinti şirkətlərindən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adınadır.

İcra başçısına cinayət işi açıla bilər

Bu barədə məlumatı isə hakimiyyət içindəki məlumatlı mənbələrimizdən əldə etmişik. Belə ki, DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər qaynağın iddalarına görə, əslində Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun əskisi çoxdan tüstülüdür. Belə ki, onunla bağlı məsələlərin xüsusi diqqətə götürülməsi yönündə artıq «yuxarıların» belə qərarı var. Amma bu məsələdə Süleyman Mikayılovu himayə edən qüvvələr xüsusi fəallıq etdiyindən başçı hələlik cinayət məsuliyyətinə cəlb olunmaqdan yayına bilib.

Məlumatlı mənbənin sözlərinə görə, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çətiri altına sığınan Süleyman Mikayılova qarşı Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən bir neçə dəfə cinayət işinin açılmasına təşəbbüslər göstərilib: «Amma yenə də Ramiz Mehdiyevin hökmü Süleyman Mikayılovu xilas edib».

Mənbəmiz bildirir ki, son olaraq isə hakim elitanın bu məsələyə diqqət ayırması və bu işdə hətta birbaşa olaraq prezident İlham Əliyevin belə müsbət rəyinin alınması icra başçısının qara günlərinin irəlidə olmasından xəbər verməkdədir. Mənbəmiz bildirir ki, Süleyman Mikayılovla bağlı Qaradağ rayonunun sakinləri prezident İlham Əliyevə bu günlərdə xüsusi müraciət də ünvanlayıblar: «Həmin müraciətdə dövlət başçısından bir keçmiş deputatları kimi yardım istəyən Qaradağ rayonu sakinləri başçının qanunsuz əməllərini ifşa edən çox ciddi faktları da açıqlayıblar ki, bu məsələ ilə bağlı yaranacaq gərginlik mühitində nəinki Ramiz Mehdiyevin, hətta digərlərinin də Süleyman Mikayılovun köməyinə yetişməsi imkansız kimi görünür».

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…

QEYD: Bildirək ki, Qaradağ rayonu möhtərəm Mətbuat Şurasının qoruma altına aldığı əsas «mətbu qoruq»lardan biridir. Yəni hər qəzetin bu rayondakı özbaşınalıqları ifşa etməsi imkansızdır. Çünki Mətbuat Şurası bu rayonunun icra başçısı Süleyman Mikayılovdan qidalanmaqdadır. Elə dünənki məlumatlarımızın birində də vurğulamışdıq ki, qurum bir neçə rayondan aylıq «dolya» almaqdadır ki, onların da sırasında Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da var. Belə olan təqdirdə Mətbuat Şurasının xətti ilə bir neçə aydan bir Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan pul alan qəzetlərin susması təbii görünür. Çünki Mətbuat Şurasının özündən icad etdiyi «qara siyahı»ya düşən qəzetlər KİVDDF-dən maliyyə vəsaiti ala bilməz. Ona görə də qəzetlərin möhtərəm Əflatun Amaşovun qılıncının altından keçməsi zəruridir. Bu qılıncın altından keçənlər isə məcburdurlar ki, ən azından Süleyman Mikayılovdan yazmasınlar…

Geri qayıt