Əsas Səhifə > Siyasət, Manşet > İRANIN BAKIDAKI ƏSAS DAYAĞI ÖLKƏMİZİ TƏRK EDİR

İRANIN BAKIDAKI ƏSAS DAYAĞI ÖLKƏMİZİ TƏRK EDİR


20-06-2012, 12:30
İRANIN BAKIDAKI ƏSAS DAYAĞI ÖLKƏMİZİ TƏRK EDİR

İRAN AGENTİ OROMİ QARDAŞLARININ VARİDATINƏ ƏL QOYULA BİLƏR

DİA.AZ: - İranın Bakıdakı əsas iqtisadi rıçağı hesab olunan Oromi qardaşlarına məxsus «NAB» şirkətinin fəaliyyətinə son verilə bilər. Xatırladaq ki, ilk dəfə məşhur «VikiLiks» təşkilatının 2010-cu ilin oktyabr ayında açıqladığı məxfi qrifli sənədlərdən adını eşitdiyimiz bu şirkət, əslində Azərbaycanın iqtisadi məkanında kifayət qədər oturuşa bilib.

ABŞ Dövlət Departamentinə Amerikanın ölkəmizdəki sabiq səfiri xanım Enn Dörsi tərəfindən ünvanlanan məxfi məktubda bu şirkət barəsində bildirilirdi ki, Oromi ailəsinə aid qardaşlardan biri əvvəllər İranın xüsusi xidmət orqanlarından yüksək vəzifə tutub. Sonradan Türkiyəyə köç edən bu qardaşlar, Türkiyə vətəndaşlığını alaraq Azərbaycana böyük sərmayə yatırıblar. İddia olunana görə, əslində bu qardaşların iqtisadi strukturları hesabına İrandan ötürülən çirkli pullaryın yuyulması işi həyata keçirilir. Hətta bəzi mənbələr bu gün dünyadakı saxta ABŞ dollarlarının 60 faizini «istehsal edən» İrana aid həmin qəlp əskinasların da həmin Oromi qardaşlarının hesabına Azərbaycan bazarına ötürüldüyünü iddia edirlər.

Qeyd edək ki, hazırda bu qardaşlar müxtəlif sektorlarda qərarlaşsalar da, əsasən bank işində pərgar kimi görünürlər. Belə ki, hazırda onlar «Bank of Baku»da əsas payçı hesab olunurlar. Bundan əlavə, onların «Royal Bank of Baku»ya və «XalqBank»a da təsir imkanları var. Həmin qardaşların həmçinin Azərbaycanda «Baku Electronics» və «Hyundai Auto Azerbaijan» kimi şirkətlərə də sahiblik etdikləri məlumdur.

Onu da bildirək ki, son zamanlar rəsmi Tehranla münasibətləri gərilən Azərbaycan hakimiyyəti ara-sıra Oromi ailəsinin şirkətlərinə təzyiqlər də göstərib. Elə bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanda İran istehsalı adı ilə qanunsuz olaraq satılan qaz sobaları ilə bağlı reyd keçirmişdi və həmin reyd zamanı Nərimanov rayonunda yerləşən “Bakı Kondisioner Zavodu” ASC-nin həyətində qaz sobalarının istehsal olunduğu müəyyən olunub.

Əraziyə baxış keçirilərkən istehsalçının İran vətəndaşı Mehran Mənuçöhr adlı şəxs olduğu aydınlaşmışdı. Həmin yerdə kustar üsulla hazırlanan xeyli sayda qaz sobaları aşkarlanaraq aktlaşdırılıb.

Onu da qeyd edək ki, “Bakı Kondisioner Zavodu” ASC “Bacu Electonics”ə aiddir. Bu qurumun isə arxasında İranın xüsusi xidmət orqanlarının Azərbaycandakı əsas fiqurlarından olan Oromi qardaşlarına aid NAB şirkəti dayanmaqdadır.

İndi isə məlum olur ki, Oromi qardaşları Azərbaycanda yüzlərlə vətəndaşımızın ölümünə səbəb olan “İran sobalarını” elə Bakıdaca qanunsuz olaraq istehsal edirmişlər. Hər halda bu çox ciddi faktdır və bu fakt əgər hüquq mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılsa, İranın Azərbaycandakı ən mühüm iqtisadi dayaqlarından biri zərəsizləşdirilmiş olacaq.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, İranla mətbu müstəvidə atəşkəsin yaşanılmasına baxmayaraq hələ də rəsmi Tehran Azərbaycana qarşı təxribatçı mövqeyindən çəkinməyib. Elə bu günlərdə fars-molla rejiminin antiAzərbaycan ruhlu əsas ruporu hesab olunan «arannyus» portalında Azərbaycan mediasının ünvanına hədələrin yağdırılması da belə deməyə əsas verir ki, İran heç bir halda Azərbaycanla isti əlaqələrdə maraqlı olmayıb və olmayacaq da.

Məlumatlara görə, bu həqiqəti yaxşı dərk edən rəsmi Bakı öz təhlükəsizliyi naminə ciddi addımların atılmasına qərar verib: «Təbii ki, bu qərarın başlıca hədəflərindən biri Oromi ailəsidir. Həmin ailəyə məxsus şirkətlərdən biri isə Azərbaycanın nəqliyyat nazirliyi ilə ortaq layihələrdə çalışır».

Mənbəmiz bildirir ki, həmin ailəyə məxsus şirkətlərə artıq «Azərbaycandan sakit şəkildə gedin» təklifi edilib: «Bu ciddi məsələdir. Hətta «NAB»ın «Bank of Baku»dakı payına da əl qoyulacaq. Hələlik Azərbaycanı könüllü şəkildə, sərvətlərini sataraq tərk etmələri təklifi edilib. Əgər anlaşma olmazsa, sərt addımlar mütləq atılacaq».


Geri qayıt