Əsas Səhifə > Güney Press / Manşet > TELEKANALDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
TELEKANALDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU18-06-2012, 15:33 |
![]() LAÇINDAN OLAN MƏCBURİ KÖŞKÜN SMS DAVASINDAN USANIB Redaksiyamıza Laçın rayonundan olan məcburi köçkün, hazırda Sumqayıt şəhəri “Sarıqaya” yaşayış massivi “Şəfəq” düşərgəsində məskunlaşan Həşimov Şəfa Aslan oğlu tərəfindən Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə ünvanlanmış məktub daxil olub. Bir surəti də DİA.AZ-a ünvanlanan həmin məktubu diqqətinizə çatdırırıq: “Hörmətli Əbülfəz bəy. Sizə bu müraciəti Laçın rayonundan olan məcburi köçkün, hazırda Sumqayıt şəhəri “Sarıqaya” yaşayış massivi “Şəfəq” düşərgəsində məskunlaşan Həşimov Şəfa Aslan oğlu ünvanlayır. İnanıram ki, mənim bu müraciətimlə tanış olduqdan sonra problemimizin həllinə yardım edəcək, üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün bütün zəruri göstərişləri verəcəksiniz. Dəyərli vaxtınızı alaraq diqqətinizə çatdırıram ki, mənim şikayətim İctimai Televiziyanın “Pöhrə-2012” müsabiqəsi və həmin müsabiqədə yaşanan ədalətsizliklərlə bağlıdır. Məlumat üçün qeyd edim ki, təxminən 4 ay bundan öncə start verilən müsabiqə başlamazdan öncə biz valideynlərə layihə rəhbəri Azər müəllim tərəfindən verilən izahatda bu müsabiqənin istedadlı azyaşlıların üzə çıxarılması məqsədilə keçirildiyi vurğulanmış, iştirakçıların qiymətləndirilməsinin isə münsiflər heyəti tərəfindən həyata keçiriləcəyi qeyd olunmuşdur. Habelə, vurğulanmışdır ki, müsabiqə tam ədalətli şəkildə, heç bir sms yarışması olmadan həyata keçiriləcək ki, bu da iştirakçıların yalnız öz istedad və bacarıqlarına görə, sms amili olmadan seçilməsinə yardım edəcəkdir. Fəqət layihənin I turu başa çatandan sonra bəlli oldu ki, layihə rəhbərliyi ilkin qaydaların əksinə olaraq, sənət yarışmasını sms yarışmasına çevirib. I turun başa çatmasından sonra digər iştirakçıların valideynləri kimi mənim də mobil telefonuma iştirakçıların səs faizi ilə bağlı mütəmadi məlumatlar daxil olur və həmin məlumatlarda məndən öz övladımı dəstəkləmək xahiş olunurdu. Zaman keçdikcə sms amilinin önə çəkilməsi, qaliblərin sıralanmasının məhz bu əsasda həyata keçirilməsi diqqətimi cəlb etsə də, İctimai Televiziyanın nüfuzuna, layihənin ciddiliyinə və layihə rəhbərinin verdiyi sözə etibar edərək övladımın müsabiqədə sona qədər iştirakını təmin etdim. Lakin cari ilin 1 iyun tarixində keçirilən final zamanı bəlli oldu ki, münsiflərin tam heyətlə birinciliyə layiq gördüyü övladım Qalib Həşimov, ekspertlərin iradəsinin əksinə olaraq ikinci yerə layiq görülüb. Birincilik isə ən çox sms sahibi kimi başqa bir şəxsə verilib ki, onun da nəinki birinciliyə, ümumiyyətlə ilk üçlüyə layiq olmadığını münsiflərin özü də etiraf edir. Mən baş verənlərə etiraz əlaməti olaraq müsabiqənin ikincisi kimi övladıma təqdim edilən iki diplom və müxtəlif hədiyyələri üzləşdiyimiz ədalətsizliyə etiraz əlaməti olaraq İctimai Televiziyaya təqdim etmişəm. Sizin qarşısınızda isə bəyan edirəm ki, artıq nə sözügedən layihə, nə də onun rəhbərliyinə heç bir etimadımız qalmayıb və ümumiyyətlə məlum müsabiqəni qeyri-ciddi, bir qrup insanın sms xətrinə təşkil etdiyi bir şou hesab edirəm. Hesab edirəm ki, sənət yarışması adına həqarət olan, son, həlledici sözün sənətə deyil, pula məxsus olduğu bu yarışmanın hətta birincisi olmaq belə fəxr ediləsi bir uğur deyil. Məhz buna görə də bildirirəm ki, Sizi narahat etməkdə məqsədim heç də övladımın layiq olduğu birinciliyin ona verilməsini təmin etmək deyil, bu cür üzdəniraq, dırnaqarası sənət yarışması təşkil edənlərin cəzalandırılmasına nail olmaq, onların iç üzünü ifşa etməkdir. Hörmətli Əbüllfəz bəy. Müsabiqə başa çatsa da, onun nəticələri ilə bağlı övladımın suallarını cavablandıra, bütün münsiflərin ondan yana səs verməsinə baxmayaraq, niyə onun deyil, bir başqasının birinciliyə layiq görüldüyünü ona anlatmağa söz tapa bilmirəm. Mən həqiqəti deməklə qəlbi və şüuru dövlət və millət sevgisi ilə yenicə nurlanan bir azyaşlının könlündə bu sevgiyə yara vurmaq istəmirəm. Mən istəmirəm ki, övladım bu ölkədə pulun hər cür fitri istedaddan üstün olduğunu düşünsün. Mən istəmirəm ki, oğlum düşünsün ki, həmin müsabiqədə öz haqqını ala bilməməsinin səbəbi atasının sıradan bir zəhmət adamı olması, yetərincə maddi imkana malik olmaması ilə bağlıdır. Mən istəmirəm ki, onun sənətə olan sevgisi pula olan sevgi ilə əvəz olunsun. Mən istəmirəm ki, övladım düşünsün ki, Azərbaycan adlı məmləkətdə hörmətə layiq olan yeganə dəyər məhz puldur və qalan bütün amillər bu dəyərin kölgəsində qərarlaşır. Ümumiyyətlə, hesab edirəm ki, sənət adına keçirilən istənilən yarışmada sms amili ortadan qaldırılmalı, müsabiqə iştirakçıları layiq olduğu pilləyə maddi imkanları deyil, istedadları hesabına yüksəlməlidir. Zənnimcə, bu həssaslığın yeniyetmələr arasında keçirilən müsabiqədə xüsusilə nəzərə alınması vacibdir. Hörmətli Əbüllfəz bəy. Mən “Pöhrə-2012” müsabiqəsi və onunla bağlı yaranan mövcud situasiyanı həmin proseslərin içindən keçmiş bir vətəndaş olaraq Azərbaycanda sənət adına təhlükə hesab edirəm. Hesab edirəm ki, istedadlı yeniyetmələrə dəstək olmaqdan daha çox onları ruhdan salmağa xidmət edən bu cür layihələr yeni formalaşan nəslin düşüncəsinə inamsızlıq, ümidsizlik və qeyri-maddi dəyərlərə etimadsızlıq toxumu səpir ki, bu da bütövlükdə Azərbaycan dövləti və dövlətçiliyinin gələcəyi baxımından olduqca təhlükəlidir. Odur ki, Sizdən bu təhlükəli tendensiyanın qarşısını almağı xahiş edir, övladıma və onun qismində bütün istedadlı Azərbaycan gəncliyinə qarşı yol verilən bu böyük haqsızlığı aradan qaldırmanızı təvəqqe edirəm. Sizə əminlik hissi ilə bildirirəm ki, övladım istənilən tərkibdə təşkil olunacaq komissiya qarşısında imtahan verməyə, “Pöhrə-2012” müsabiqəsi fonunda keçirilən yarışmada birinciliyə layiq alternativsiz yeganə şəxs olduğunu sübut etməyə hazırdır. Düşünürəm ki, ədalətin bu şəkildə bərpası bütövlükdə gənc istedadlara dayaq, onların haqqının müdafiəsi baxımından həyata keçirilən nümunəvi və təsəlliverici bir addım ola, bu və ya digər şəkildə ədalətsizliklə üzləşən bütün yeniyetmələrin sənətə bağlılığının möhkəmlənməsinə təkan verə bilər. Diqqətiniz və hədsiz qayğıkeşliyiniz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm”. Geri qayıt |