Əsas Səhifə > Sosial, Manşet > UCARIN «KURTLAR VADİSİ»NDƏ İLGİNC GƏLİŞMƏ

UCARIN «KURTLAR VADİSİ»NDƏ İLGİNC GƏLİŞMƏ


15-06-2012, 15:14
UCARIN «KURTLAR VADİSİ»NDƏ İLGİNC GƏLİŞMƏ

ONLARLA ANANI AĞLAR QOYAN «POLAD ƏLƏMDAR» HƏBS EDİLİB

DİA.AZ: - Neçə müddətdir ki, mətbuat Ucar rayonunda hökmranlıq edən bir polis mafiyasının özbaşınalığından yazmaqdadır. Verilən xəbərlərdən də belə aydın olur ki, özünü məşhur «Kurtlar Vadisi» serialının qəhrəmanlarına bənzədən bu mafiyada hər kəsin bir funksiyası var. Yəni adı bir çox cinayətlərdə hallandırılan dəstənn öz «Polad Ələmdar»ı, öz «Memati»si və öz «Əbdülhey»i var.

Qeyd edək ki, bu quldur dəstəsinin özbaşınalığı ilə bağlı Ucarın yerli hüquq-müdafiəçiləri dəfələrlə mətbuatda məsələ qaldırsalar da, sonradan onların özləri hədəfə çevrildilər. Artıq iki hüquq müdafiəçisi özünə «Polad Ələmdar» deyən dəstənin başçısı Şahlar Ələkbərovun şərləməsi nəticəsində qondarma ittihamlarla həbsdə saxlanılır.

Ucardakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatlardan belə aydın olur ki, deyəsən hüquq-mühafizə orqanları keçmiş polis əməkdaşlarından bəzilərinin də cəlb olunduğu bu mafiyanı çökərtmək fikrinə düşüblər. Belə ki, rayondakı mənbə artıq mafiyanın başçısı hesab olunan Şahlar Ələkbərovun Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunduğunu bildirir.

Mənbənin söylədikləri: «Bir neçə gün əvvəl Şahlar Ələkbərov onun tərəfindən şərlənərək həbsə atılmış hüquq-müdafiəçisi Fuad Hüseynovun xalası oğlunu rayon bazarında meyvə alarkən möhkəm döyüb. Aralarında yaranan münaqişə nəticəsində döyülən Ucar rayon sakini Şahlar Ələkbərovla bağlı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Bu zaman o, döyülməsini sübuta yetirən tibbi ekspertiza sənədlərini də təqdim edib».

Mənbəmiz bildirir ki, amma buna rəğmən Ucar polisi Şahlar Ələkbərovu cəzalandırmağa tələsməyib: «Bundan həvəslənən Şahlar Ələkbərov da döydüyü şəxsi də şərləməyə girişib. Yəni bu vaxta qədər cəzasız qalan «Polad Ələmdar» düşünüb ki, bu dəfə də o, vəziyyətdən sui-istifadə edərək, hədəflərindən birini zərərsizləşdirməyə müvəffəq olacaq».

Amma Şahlar Ələkbərovun bu planları baş tutmayıb. Mənbəmiz bildirir ki, polisə qarşılıqlı şikayət ərizəsi ilə müraciət edib, Fuad Hüsyenvoun xalası oğlu tərəfindən döyüldüyünü iddia edən Şahlar Ələkbərov bir neçə gündən sonra yenidən şikayəti ilə bağlı polis idarəsinə gedib: «Bu zaman polisdə hay-küy salan Şahlar Ələkbərov onu «döyən» şəxslə bağlı nədən ölçü götürülmədiyini bildirib. Artıq vəziyyətdən cana doyan polis işçiləri «iddiaçının» şərləməsindən usanaraq, onun özünü həbs ediblər».

Hələlik Şahlar Ələkbərova qarşı hansı ittihamın irəli sürüldüyünü bilməsək də, bunun özünün hüquq-mühafizə orqanlarının adına yazılan ədalətin bərpası naminə atılan böyük bir addım olduğunu xüsusi olaraq vurğulayırıq.


Geri qayıt