Əsas Səhifə > Gündəm, Manşet > AĞDAMIN BAŞÇISI VƏZİFƏSİNDƏN ALINIR

AĞDAMIN BAŞÇISI VƏZİFƏSİNDƏN ALINIR


14-06-2012, 13:13
AĞDAMIN BAŞÇISI VƏZİFƏSİNDƏN ALINIR

NİZAMİ SADIQOVUN BİR AİLƏNİ TƏHQİR ETMƏSİ ONA BAHA BAŞA OTURDU

DİA.AZ: - «Hakimiyyət daha bir icra başçısını yola salmağa hazırlaşır». Bu sözləri DİA.AZ-a Ağdam icra hakimiyyətindəki mötəbər mənbə ötürüb. Elə bu dəqiqələrdə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, rayonda əməlli-başlı çaxnaşmadır və hər kəs icra başçısının yola salınacağı xəbərini alıb.

Bildirək ki, buna qədər də Ağdama rəhbərlik edən Nizami Sadıqovla bağlı gərginlik yaranmışdı və başçı ilə əlaqədar prezident İlham Əliyev Ağdamda olarkən bir şikayət məktubunun ona verildiyi və sonradan prezidentin məsələni ciddi nəzarətə götürdüyünü söyləyirdilər. Həmin ərəfədə yayılan məlumatlardan aydın olurdu ki, Ağdam rayon sakinlərindən biri prezident icra başçısının onu və ailə üzvlərini təhqir etməsi barədə şikayət məktubu çatdırıb: «Həmin şikayətçi sonradan Ağdamda müxtəlif təzyiqlərə də məruz qalıb, nəhayətdə rayondan qaçmalı olub».

İndi isə bu məsələyə yenidən qayıdıldığını bildirən məlumatlı mənbə iddia edir ki, bu günlərdə Nizami Sadıqov məhz sözügedən olayla bağlı vəzifəsindən alınacaq: «Çüni icra başçısı tərəfindən təhqir olunan şəxs Qarabağ müharibəsi iştirakçısıdır və o, yenidən prezidentə şikayət məktubu ünvanlayıb və məktub prezidentə çatıb. İndi isə Nizami Sadıqov həyəcana düşüb. Hətta iki gündür ki, kimsəni qəbul etmir, nə zaman Bakıya çağrılacağını gözləyir».

Qeyd edək ki, Nizmai Sadıqov 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olub. 2006-cı ildə “İgidliyə Görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2009-cu il tarixli sərəncamı ilə isə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Onu da xatırladaq ki, son zamanlar insanların təhqir edilməsi məsələsi çox aktuallaşıb. Belə ki, 1 Martda Qubada yaşanılan olaylar zamanı da devrilmiş icra başçısı Rauf Həbibov məhz qubalıları aşağılamaqda ittiham olunurdu. İndi isə oxşar aqibəti Ağdamın icra başçısı yaşaya bilər.

Geri qayıt