Əsas Səhifə > Siyasət, Manşet > NEFT ŞİRKƏTİNDƏ 345 MİN MANATLIQ KORRUPSİYA
NEFT ŞİRKƏTİNDƏ 345 MİN MANATLIQ KORRUPSİYA13-06-2012, 12:21 |
MALİYYƏ YOXLAMALARI ZAMANI HƏBİB HÜSEYNOVUN KƏSİRİ ÇIXIB DİA.AZ: - Son günlər Dövlət Neft Şirkətinin daxilində kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Xəbərlərdə bildirilir ki, artıq Rövnəq Abdullayevi hakimiyyətin çox ciddi çevrələri ilə üz-üzə qoymağa müvəffəq olmuş ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi, keçmiş MTN əməkdaşı Rəşad Əliyevin özünün də durumu ağırlaşıb. Halbuki bir ara onun adı Rövnəq Abdullayevin ən çox «stavka» etdiyi şəxslərdən biri kimi hallanırdı. Lakin məsələ bununla da bitməyəcək. Məlumatlara görə, ARDNŞ-nin ən iri məmurlarından biri, Natiq Əliyevin zamanlarından çox ciddi şəkildə vəsait toplamağa müvəffəq olmuş və bu səbəbdən hətta oliqarx-məmurlarla da ayaqlaşa bilər Dövlət Neft Şirkətin Təchizat İdarəsinin rəisi Həbib Hüseynovun vurulması prosesinə də start verilib. Uzun illərdir ki, bu vəzifədə işləyən və kifayət qədər varlanmış H.Hüseynovu işdən azad etməklə yanaşı onun sərvətlərini də əlindən almaq istəyirlər. ARDNŞ-dəki mənbələrdən aldığımız məlumata əsasən, birbaşa olaraq prezidentin şəxsi mühafizəçisi Bəylər Əyyubov tərəfindən Həbib Hüseynovun son zamanlar qaranlıq fəaliyyətinin olması barədə Rövnəq Abdullayevin masası üzərinə konkret faktlar qoyulub. Məlumatlı mənbə bildirir ki, məhz bundan sonra ARDNŞ prezidenti Həbib Hüseynovun idarəsinin yoxlanmasına göstəriş verib. Son 5 ildəki fəaliyyətin yoxlanılması hər halda təsadüfi fakt kimi qiymətləndirilmir. Məlumat üçün bildirək ki, Rövnəq Abdullayev 2005-ci ildə ARDNŞ-nin prezidenti təyin edilib. Həbib Hüseynov isə 2002-ci ildən şirkətin təchizat idarəsinin rəisi vəzifəsində işləyir. Neft şirkətinin bu idarəsi bütün işçilər üçün geyim, ərzaq təminatını həyata keçirir. Bu zəruri təchizatın alınması üçün tenderlər keçirir. Və keçirilən tenderlərin adətən ən kiçik büdcəsi 1 milyon dollara bərabər olur. Məhz bu sahədən əldə edilən gəlirlər də kifayət qədər yüksəkdir və görünən odur ki, Həbib Hüseynov bu gəlirlərinə Rövnəq Abdullayevi şərik etmək istəmir. Bu baxımdan da R.Abdullayev fürsətdən istifadə edərək H.Hüseynovu prossesdən uzaqlaşdırmaq istəyir. Bu barədə mənbənin redaksiyamıza bildirdikləri: "Birliyin Fəhlə Təchizatı İdarəsi həmişə korrupsiya ilə məşğul olub. Məsələ ondadır ki, hamının "Ors" kimi tanıdığı bu idarə "Azneft" İB-nin demək olar bütün strukturlarını ərzaqla təmin etməlidir. Qaydalara görə, məsələn, dənizdə çalışan hər bir işçiyə 1 sutka üçün 3 yeni manat yemək pulu verməlidir. Faktiki olaraq, ayda 60 manat verilməli olduğu halda, "Ors" hər bir nəfərə pulun əvəzində ərzaq paylayır. Məbləğinə gələndə, 60 manatın əvəzində 20-30 manatlıq ərzaq verilir. Bu ərzaq keyfiyyətli olsa, dərd yarıdır. Olduqca keyfiyyətsiz və bazar qiymətindən iki-üç dəfə baha hesablanır". Bu səbəbdən artıq Həbib Hüseynovun «vurulma» qərarının verildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, sözügedən addım həm də Rövnəq Abdullayevin keçən ilin fevral ayından start düyməsi basılmış antikorrupsiya tədbirlərinə «töhfəsi» kimi də təqdim olunacaq: «Məlumdur ki, az qala bütün strukturlar öz «korrupsiya qurbanlarını» veriblər. Amma ARDNŞ-də nə belə bir həbs olub, nə də kimsə rüşvətxorluğuna görə işindən kənarlaşdırılmayıb. Təbii ki, Rövnəq Abdullayev başda olmaqla kimsə iddia edə bilməz ki, ARDNŞ-də çalışanlar aydan arı, sudan durudurlar. ARDNŞ prezidenti də yaxşı bilir ki, buna kimsə inanmaz. Vaxt isə daralır. Ona görə də Həbib Hüseynov onun üçün ən gözəl qurbanlıqdır». DİA.AZ-a məlumatı verən bir başqa mənbə isə bildirir ki, Həbib Hüseynovun fəaliyyəti ilə əlaqədar hazırda Dövlət Neft Şirkətində maliyyə yoxlamaları həyata keçirilir. Mənbə iddia edir ki, artıq yoxlamaların birinci mərhələsi başa çatıb və nəticələrdən məlum olub ki, Həbib Hüseynovun təxminən 345 min manat kəsiri var. Yəni həmin vəsaitin xərclənməsi ilə bağlı maliyyə sənədlərində kifayət qədər qaranlıq məqamlar olduğundan işin korrupsiyaya qarşı mübarizə idarəsinə ötürüləcəyi gözlənilir. Yuxarıda da vurğuladıq ki, artıq Rövnəq Abdullayev də Həbib Hüseynovla toqquşduğundan, daha doğrusu, ARDNŞ şefi onu qurban verməyə hazır olduğundan baş verənlərə hansısa formada müdaxilə etmək fikrində deyil. Mənbəmizin sözlərindən o da aydın oldu ki, ARDNŞ rəhbərliyindən fərqli olaraq Bəylər Əyyubov Həbib Hüseynovun müdafiəsinə qalxıb: «Təbii ki, Bəylər Əyyubov kifayət qədər nüuzlu bir fiqurdur və belə bir şəraitdə Həbib Hüseynova «güldən ağır söz»ün deyilə biləcəyi heç də gözlənilmir». Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |