Əsas Səhifə > Gündəm, Manşet > İKİ MƏMURUN DAVASININ ŞOK TARİXÇƏSİ

İKİ MƏMURUN DAVASININ ŞOK TARİXÇƏSİ


12-06-2012, 13:12
İKİ MƏMURUN DAVASININ ŞOK TARİXÇƏSİ

KƏRƏM HƏSƏNOVLA DÖYÜŞƏN QƏRİB MƏMMƏDOV NƏZARƏTƏ GÖTÜRÜLÜB

DİA.AZ: - Bir müddət əvvəl Milli Məlis rəhbərliyi tərəfindən açıq şəkildə «vurulan» Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova qarşı yeni hərəkətlənmə var. Xatırladaq ki, buna qədər də komitə sədri hakimiyyət içindəki rəqibləri tərəfindən bir nömrəli hədəfə elan olunmuşdu və hətta onun həbsinin belə planlaşdırıldığı söylənilirdi.

Amma bunlar baş vermədi. Əvəzində Qərib Məmmədov iqtidariçi savaşın tam olaraq episentrinə düşməsi ilə çox ciddi zərbələr də almış oldu. Bildirək ki, Qərib Məmmədova qarşı aparılan kampaniyanın arxasında başqa bir komitə sədri - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov dayanır. Bunu Qərib Məmmədov da yaxşı bilir. Daha doğrusu, Qərib Məmmədov bu faktı bildiyini hətta jurnalistlər qarşısında da hiss etdirib.

Vəziyyət o şəkildədir ki, hansısa mətbu orqanda Qərib Məmmədovun əleyhinə materiallar dərc olunducu zaman belə Qərib Məmmədovun adamları həmin nəşrlə yox, Kərəm Həsənovun adamları ilə əlaqə saxlayır, onları susdururlar. Yəni atəşin haradan gəldiyi barədə çox aydın təsəvvürlər var. Bu günlərdə isə Qərib Məmmədovun idarəsindən bir qəzet redaksiyasına telefon açılaraq belə bir ifadə işlədilib: «Bilirik sifarişi hardan alıb Qərib Məmmədovun əleyhinə yazırsınız. Sizi Kərəm Həsənov öyrədir. Amma Qərib Məmmədovun adına çıxdığınız korrupsiyanın daha böyüyünü Kərəm Həsənov işlədib və işlətməkdədir».

Hər halda, bir jurnalistə bu şəkildə sözün deyilməsi artıq cəbhələr arası emosiyaların hansı səviyyədə gərilməsinin də göstəricisi kimi qəbul edilə bilər.

Onu da bildirək ki, əslində bu kimi iç münaqişələr hakimiyyətin üst düzəyi tərəfindən hər zaman təpgi ilə qarşılanıb. İqtidar sükanı arxasına keçdiyi ilk gündən daxili toqquşmalara sərt reaksiyasını gizlətməyən prezident İlham Əliyevin zamanında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə o zamankı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovla yollaşmağı təklif etdiyi də məlumdur. Lakin sonradan tərəflər arasında seçim edilir, Kəmaləddin Heydərov daha yüksək mərtəbəyə, Fərhad Əliyev isə məhbəsə göndərilir.

Sonradan iqtidar daxilindəki qaynar nöqtələrdən növbətisini keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə təhsil naziri Misir Mərdanov təşkil edir. Həmin məsələyə də prezident sərt formada reaksiya verir və hətta dövlət televiziyası tərəfindən canlı olaraq yayımlanan müşavirədə İlham Əliyev üstüörtülü də olsa, döyüşən tərəflərə «kim siyasətlə məşğul olmaq istəyirsə, buyurub istefa versin» şəklində sərt ismarıcını da yollayır.

Bildirək ki, həmin ərəfədə Əli Nağıyevlə Misir Mərdanovun döyüşü hətta ATV kimi Prezident Administrasiyasının kontrolunda olan bir telekanal üçün də xəbər malzəməsi təşkil etməkdə idi. Və belə bir toqquşmanı sərt formada qarşılayan prezident sonradan Əli Nağıyevi Belorusiyaya mədəni sürgünə yollamaqla, daxili toqquşmalarda səbirsiz olduğunu da nümayiş etdirmiş oldu.

İndi isə iki komitə sədri - Kərəm Həsənovla Qərib Məmmədov arasında soyuq müharibə atmosferi hökm sürməkdədir. Nazirlər Kabinetindəki etibarlı mənbəmizdən əldə etdiyimiz bilgilərə görə, artıq bu konflikt də «yuxarıların» nəzərini cəlb edib və baş verənlər heç də Qərib Məmmədovun ürəyincə olmayacaq.

Mənbənin DİA.AZ-a söylədikləri: «Əvvəlki iç münaqişələrdə olduğu kimi, bu dəfə də prezidentin xüsusi adamları tərəfindən ciddi araşdırmalar aparılıb və öyrənilib ki, əslində toqquşmaların kökündə Qərib Məmmədovun ilk olaraq Kərəm Həsənova qarşı cəbhə açması faktoru dayanır. Yəni ilk atəşi DTXK sədri açıb və sonradan məsələ get-gedə şiddətlənib».

Mənbəmiz bildirir ki, tərəflərə «susun və yerinizdə oturun» göstərişi verilsə də, yenə də Qərib Məmmədov atəşkəsi pozub və özü də bir neçə dəfə: «Aydın olub ki, Qərib Məmmədov mətbuatda onun əleyhinə yer alan istənilən bir materialın arxasında Kərəm Həsənovun dayanmasını zənn etdiyindən, şəxsi göstərişi ilə ƏMDK sədrinə qarşı cavab olaraq mətbu kampaniya həyata keçirib. Və nəticədə Kərəm Həsənova aid ilginc kampramat xarakterli materiallar Qərib Məmmədovun əli ilə mətbuata ötürülüb».

Məlumatlardan aydın olur ki, belə bir araşdırma sonucunun ardından Qərib Məmmədov təkrar olaraq nəzarətə götürülüb: «Parlament rəhbərliyinin Qərib Məmmədovu bələdiyyə torpaqlarını satmaqda ittiham etməsi də təsadüfi deyildi. Bu, əslində rəsmi mövqedir. Əgər Qərib Məmmədov ona verilən sürəni uğurlu şəkildə başa vurmazsa, o zaman gedişinə fərman veriləcək».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt