Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HAKİMİYYƏT JURNALİSTDƏN QİSAS ALIR

HAKİMİYYƏT JURNALİSTDƏN QİSAS ALIR


12-06-2012, 11:54
HAKİMİYYƏT JURNALİSTDƏN QİSAS ALIR

MEHMAN HÜSEYNOVA CİNAYƏT İŞİ AÇILDI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu açıqlama yayıb. Açıqlamada deyilir ki, Səbail Rayon Polis İdarəsi RATİ-nin fotoreportyoru, gənc bloqçu Mehman Hüseynova cinayət işi qaldırıb. Mehman Hüseynov ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda günahlandırılır. Olayın İctimai Palatanın mayın 21-də Bakının mərkəzində keçirdiyi aksiya zamanı qeydə alındığı bildirilir.

Mehman Hüseynov ittihamları əsassız sayır: “İnternet portalında həmin aksiyanın videosu yayımlanıb. Orada polislərin, mülki geyimdə olan xüsusi polis alayı əməkdaşlarının aksiyaçılarla kobud rəftar etdiyi, onların ünvanına təhqiramiz ifadələr işlətdiyi, jurnalistlərin, fotoreportyorların peşə fəaliyyətinə zorakılıqla mane olduğu açıq-aydın görünür. Həmin aksiya zamanı polis işçiləri mənim və RATİ-nin digər əməkdaşının video və foto kameralarımızı qəsdən sındırdı. Onlar var gücləri ilə, bütün vasitələrdən istifadə edərək media nümayəndələrinin texniki avadanlıqlarını zədələməyə çalışırdılar”.

RATİ-nin açıqlamasında deyilir ki, Mehman Hüseynova cinayət işinin qaldırılması onun qardaşı Emin Hüseynovun fəaliyyəti ilə əlaqəli ola bilər: “RATİ rəhbəri Emin Hüseynov hesab edir ki, bu cür siyasi həbslər ən yüksək səviyyələrdə verilmiş sifarişlə həyata keçirilir: “Mehman Hüseynovu RATİ-dən qisas almaq məqsədi ilə də həbs edə bilərlər. Bizim Azərbaycanda ifadə azadlığı və insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə apardığımız fəaliyyət Azərbaycanın hökumətini qəzəbləndirir. Bu, əməkdaşlarımıza basqıların əsas səbəbidir”.

Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə görə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Geri qayıt