Əsas Səhifə > Gündəm, Manşet > “LONDON TAKSİLƏRİ”NDƏN KÜTLƏVİ İMTİNA

“LONDON TAKSİLƏRİ”NDƏN KÜTLƏVİ İMTİNA


12-06-2012, 11:50
“LONDON TAKSİLƏRİ”NDƏN KÜTLƏVİ İMTİNA

“AVROVİZİYA” BİTDİYİNDƏN SÜRÜCÜLƏRİN YENİ TAKSİLƏRƏ MARAĞI YOXDUR

DİA.AZ: - Nəqliyyat Nazirliyinin Bakıya gətirdiyi, el arasında “badımcanı taksilər” adlandırılan London taksiləri sıradan çıxır. Bu barədə redaksiyamıza həmin taksilərin sürücüləri məlumat verib. Sürücülərin dediyinə görə, həmin taksilərdən sərnişinlər imtina edib.

Sürücülər DİA.AZ-a deyir: “Bu taksilərdən həddindən artıq az adam istifadə edir. Sərnişinlər əsasən xüsusi taksilərdən istifadəyə üstünlük verirlər. Səbəb isə bizim idarə etdiyimiz taksilərin baha olmasıdır. Çünki, xüsusi taksilər daha sərfəli qiymətə gedir. Sərnişin də buna görə, London taksilərindən istifadə etmək istəmir. London taksiləri qət etdiyi hər kilometrə görə, sərnişindən 70 qəpik gediş haqqı alır. Bundan əlavə isə, həmin taksiyə minən sərnişin əlavə 1 manat ödəməlidir. Bu taksilərlə 20 manatlıq yolu xüsusi taksilər 7-8 manata, ən bahası 10 manata gedir. Ona görə də, sərnişinlər London taksilərindən imtina edir. Gün ərzində bir və iki sərnişin tapa bilirik, onunla da nə plan dolur, nə maaşımız çıxır”.

Sürücülər deyirlər ki, onlar faizlə deyil, aylıq maaşla işləyir. Hər ay maksimum 300 manat əmək haqqı aldığını deyən sürücüləır bildirirlər ki, bu pulla dolana bilmirlər: “Xüsusi taksilərdə işləyəndə, aylıq plan, Nəqliyyat Nazirliyinin fərqlənmə nişanı və lisenziyasından başqa ayda 600-700 manat qazancımız olurdu. Amma, indi onun yarısını qazana bilmirik. Artıq bu taksiləri təhvil vermək məcburiyyətində qalmışıq. Artıq 20-dən artıq sürücü taksiləri təhvil verib. Belə getsə yaxın vaxtlarda bu taksilərin hamısı qarajlara təhvil veriləcək”.

Redaksiyamıza verilən məlumatlardan aydın olur ki, son günlərdə 63 sürücü yeni taksilərdə işləməkdən imtina edib. Bildirək ki, NN-dəki mənbələr də bu faktı təsdiqləyiblər. Və bildiriblər ki, əslində imtina gözlənilən idi: “Çünki sürücülərin əksəriyyəti “Avroviziya” yarışmasında turistlərdən pul tutmağa gəlmişdi. Yarışma bitdiyindən onların bəzilərinin gedəcəyini nazirlik də gözləyirdi”.

Geri qayıt