Əsas Səhifə > Gündəm, Manşet > SABİQ İCRA BAŞÇISI HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

SABİQ İCRA BAŞÇISI HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ


7-06-2012, 12:20
SABİQ İCRA BAŞÇISI HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

YENİ VƏZİFƏ GÖZLƏYƏN RAUF HƏBİBOVUN QOLLARI QANDALLANA BİLƏR

DİA.AZ: - Dünən məlumat yayıldı ki, Qubanın sabiq icra başçısı Rauf Həbibov 1 Mart olayları ilə bağlı istintaq orqanları tərəfindən dindirilib. Məlumatlardan o da aydın olurdu ki, devrilmiş icra başçısının buna qədər də ifadəsi alınıb.

Xatırladaq ki, bu barədə təxminən bir ay əvvəl yayılan xəbərlərdə qeyd olunurdu ki, Rauf Həbibov əgər belə davam edərsə, ittiham olunan tərəfə də çevrilə bilər. Çünki istintaq orqanları Qubada baş verən olayların təxribatçılarının müəyyən olunması ilə yanaşı, bu təxribatlara rəvac verən ünvanları da araşdırmaqla məşğuldur.

Məlumdur ki, qubalıları 1 mart tarixində küçələrə daşıyan Rauf Həbibovun keçən il icra hakimiyyətində etdiyi çıxışı olmuşdu. Həmin çıxışında yerli sakinləri nankor adlandıran icra başçısı bildirmişdi ki, sakinlər torpaqları ucuz qiymətə satırlar.

İndi isə bununla bağlı redaksiyamıza olduqca maraqlı məlumatlar daxil olub. Mötəbər mənbənin bildirdiklərinə görə, Rauf Həbibovu bəzi iqtidariçi qüvvələr həbs etdirmək niyətindədirlər. Bu istiqamətdə xüsusi fəallıq göstərənlərdən birinin qubalı deputat Vahid Əhmədov olduğu da söylənilir. Belə ki, Rauf Həbibovun hətta nazirlərdən biri ilə də köhnədən ədavətinin olduğunu söyləyən mənbə DİA.AZ-a açıqlamasında qeyd edib ki, məhz həmin nazir bu gün proseslərə təsir etməkdədir:

«Rauf Həbibovun gedişini hətta prezident belə istəmirdi. Bunu sabiq icra başçısının istefaya göndərilməsi prosesində müşahidə olunan tərəddüdün özündən də görmək mümkün idi. Digər yandan, Qubaya həmin məlum olaylar zamanı nəqliyyat naziri Ziya Məmmədovun, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin göndərilməsi də sübutlayırdı ki, hakimiyyət Rauf Həbibovla yollarını ayırmaq niyyətində deyil və özü də hansısa qüvvələrin təxribatı ilə baş tutan bir prosesin sonucu olaraq»…

Lakin vəziyyətin nəzarətdən çıxması enində-sonunda Rauf Həbibovun devrilməsi ilə nəticələndi. Gələn məlumatlarda deyilir ki, indi Rauf Həbibovun başqa bir görəvə təyin olunması ideyası var: «Buna görə də rəqibləri fəallaşaraq, onun əlavə səlahiyyət qazanmasının qarşısını almaq istəyirlər. Və hətta bu səbəbdən onun həbsinə belə tədarüık görürlər. Bu məqsədlə də əllərindəki imkanlardan istifadə edərək istintaqı fərqli istiqamətə - Rauf Həbibovun həbsini yetişdirən mərhələyə yönləndirməkdədirlər».

Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin…


Geri qayıt