Əsas Səhifə > Siyasət, Manşet > КƏMALƏDDİN HEYDƏROVDAN NAĞD PUL İSTƏNİLDİ
КƏMALƏDDİN HEYDƏROVDAN NAĞD PUL İSTƏNİLDİ6-06-2012, 12:55 |
SABİRABAD SAKİNİ NAZİRİN «BAXARIQ» SÖZÜNƏ ETİBAR ETMƏDİ VƏ… DİA.AZ: - Məlum olduğu kimi, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Sabirabad rayonunun bir sıra kəndlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə evlərin tikilməsi və bərpası, infrastrukturun bərpası, 2010-cu il daşqınından ziyan çəkənlərə kompensasiyaların verilməsi məsələləri müzakirə olunub. Nazir yaxın günlərdə bərpa işlərini yenidən başladacağına söz verib. Görüş iştirakçılarından biri bildirib ki, Heydərov kənd təsərrüfatı yerlərinin bərpası və itirilən əmlaka görə kompensasiya ödənilməsi məsələsini açıq saxlayıb. Onu da bildirək ki, üç aylıq səssizlikdən sonra, polis təzyiqinə baxmayaraq, yerli əhali yenidən öz problemlərini xatırlatmağa başlayıb. Ötən həftə 60 nəfərdən ibarət nümayəndə heyəti icra hakimi Nizami İsmayılovla görüşməyə uğursuz cəhd edib. Bazar ertəsi 200-dən çox insan icra hakimiyyətinə gedib və görüşə nail olub. İsmayılov tikinti məsələsinə baxacağına söz verib, amma kompensasiyalar haqqında danışmaqdan imtina edib. Bildirək ki, Sabirabad rayonu 2010-cu il daşqınının episentri olub. Kür çayı sahillərindən çıxan su əsas zərbəni Qasımbəyli, Əsgərbəyli, Axtaçı, Mürsəli, Uraçlı, Xankeçən və digər kəndlərə vurub. Daşqından iki il keçməsinə və dövlətin onun nəticələrinin aradan qaldırılmasına 460 mln. manat ayırmasına baxmayaraq, korrupsiya və dövlət vəsaitlərinin mənimsənməsi səbəbindən bölgədə həyat hələ də normal axına düşməyib. İki il ərzində burada yüksək sosial gərginlik davam edir, bu gərginlik kütləvi etiraz aksiyaları doğurmaq təhlükəsi yaradır, ilk ongünlükdə Minbaşı kəndində olduğu kimi. İki ildən çoxdur ki, daşqınsonrası problemlərlə məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahı dünən Milli Büdcə Qrupunun dövlət qurumlarının daşqın məsələsi ilə bağlı fəaliyyətinin qiymətləndirilməsi haqqında hesabatın təqdimatını keçirib. Araşdırma dövlət qurumlarının bəyanatlarında və hesabatlarında maliyyə uyğunsuzluqları olduğunu aşkara çıxarıb. Qərargah Aran zonasının 8 rayonunda problemlərin səmərəli həlli məqsədilə vətəndaş cəmiyyəti və yerli icmaların nümayəndələrinin iştirakı ilə məsələyə kompleks yanaşma təklif edir. Sabirabad rayon sakinlərindən birinin DİA.AZ-a verdiyi açıqlamada isə maraqlı bir olay barədə danışılır. Məlumata görə, Kəmaləddin Heydərovla görüşdə iştirak edən Sabirabad rayon sakinlərindən biri evinin hələ də bərpa olunmadığını və hazırda da durumunun acınacaqlı olduğunu bildirib: «Nazir onu diqqətlə dinlədikdən sonra yanında duran şəxslərdən birinə şikaytəçi ilə bağlı məlumatların alınması haqda göstəriş verib. Amma buna qane olmayan şikaytəçi nazirə «mənə pul verin, məlumatı neynirsiniz» deyib və Kəmaləddin Heydərov bu istəyi yalnız gülərək yola verib». Geri qayıt |