Əsas Səhifə > Gündəm, Manşet > OLİQARXLARIN PAYIZI QAPIDADIR

OLİQARXLARIN PAYIZI QAPIDADIR


6-06-2012, 11:38
OLİQARXLARIN PAYIZI QAPIDADIR

HAKİMİYYƏT YA ÖZÜNÜ DƏYİŞƏCƏK, YA DA ONU DƏYİŞDİRƏCƏKLƏR

DİA.AZ: - Hakimiyyət içində çox ciddi oyunlar gedir. Bunu elə kənardan da asanlıqla sezmək mümkündür. Bildirək ki, son günlər ayrı-ayrı məmurlarla bağlı kampramat xarakterli materialların mətbuata ötürülməsi daha da intensiv xarakter alıb. Bu isə iqtidar daxilində cərəyan edən iç savaşın təzahürü kimi qəbul olunmalıdır. Çünki hər dəfəsində belə olur. İçdə hökmranlıq edən gərginlik kənara kampramat fontanı şəklində sirayət edir.

Bununla bağlı DİA.AZ-ı məlumatlandıran iqtidar daxilindəki mənbələrdən birinin bildirdiyinə görə, əslində hakim düşərgənin hazırki yaşantılarını böyük fırtınanın başlanğıcı kimi qəbul etmək olar: «Böyük silkələnmələr olacaq. Bu, qaçılmazdır. Hakimiyyətin bu şəkildə idarə edilməsinin davamiyyəti bütünlükdə olaraq ümumiqtidar komandasının çöküşünə nədən ola bilər. Odur ki, dəyişiklik qaçılmazdır. Hakim düşərgə dəyişiklikləri öz istədiyi kimi həyata keçirməzsə, təbii yolla baş verəcək dəyişikliklər onun əleyhinə işləyəcək».

Bu gün kifayət qədər güclənmiş iri oliqarx-məmurlarımızın olduğunu xüsusi olaraq vurğulayan mənbə elə problemin əsas kökünün də buradan qaynaqlandığını iddia edir: «Onlar ictimaiyyətə saxta gülüş, saxta birgəlik pozları ötürsələr də, bir-birilərinə diş qıcamaları faktdır. Əllərinə düşən ilk fürsətdəcə bir-birilərinə qənim kəsilməyə hazırdırlar. Hətta məmurlar arasındakı bu düşmənçilik ruhu 2005-ci ildə də mövcud olmamışdı. İndi ən kəsin xarakter alıb. 2005-ci ilin 17 Oktyabr hadisələrinə qədər Əli İnsanova, Fərhad Əliyevə qarşı aqressiv mövqedə dayanan qüvvələr rəqiblərinə necə acımadılarsa, onların hətta nazir mənsəbləri nəzərə alınmadan qollarını kabinetlərindəcə necə qandalladılarsa, bundan sonrakı rəqabətlərin sonluğu da həmin şiddətdə və bəlkə də həmin şiddətin üstündə olacaq».

Konkret ad çəkməyən mənbəmiz yalnız əlavə olaraq onu da bildirdi ki, böyük pullar böyük fiqurları təhlükəli oyunlara cəlb edib: «İranla siyasi münasibətlər gərgindir. Amma iqtisadi telləri qıra bilmirlər. Çünki bu hakimiyyətdə təmsil olunan çox iri fiqurların əksəriyyətinin İranla qaranlıq iqtisadi əlaqələri var. Doğrudur, bu əlaqələr hesabına onlar şantaj oluna bilməzlər, amma həmin əlaqələrin nəticəsində hər il milyonları əldə etdiklərindən hətta İranın dövləti və dövlət rəhbərliyini təhqirlərinin müqabilində susmağa üstünlük verirlər».

Mənbəmiz onu da bildirdi ki, sentyabr ayından etibarən çox gərgin olaylar müşahidə olunacaq: «Bakının yenidən sökülməsi və tikilməsi planları var. Bilirsinizmi havada neçə milyonlar uçuşur? Bilirsinizmi bu pullara iddialı olanlar hansı ovqatdadırlar?». «Avroviziya-2012» yarışması ilə bir qədər nəfəsləri kəsilən oliqarxların hələlik dinlənmə mövqeyində olduğunu bildirən mənbənin sözlərindən o da aydın oldu ki, bu ilin payızı bir çox oliqarxların payızına dönüşə bilər: «Hətta bu gün güc kimi görünən, yenilməzliyi haqda oturuşmuş qənaətlər formalaşan fövqəladə hallar naziri Kəmaləddin Heydərov da enişin astanasındadır. Buna əmin olun»…


Geri qayıt