Əsas Səhifə > Partiya > MƏHKUM OLUNAN FƏALLARIN SAYI 35-ə ÇATDI

MƏHKUM OLUNAN FƏALLARIN SAYI 35-ə ÇATDI


18-10-2011, 12:43
MƏHKUM OLUNAN FƏALLARIN SAYI 35-ə ÇATDI

MƏHBƏS “HİCAB MƏHBUSLARI” İLƏ DOLDURULUB

Nərimanov Rayon Məhkəməsi 4 hicab məhbusuna hökm çıxarıb. “Azadlıq” qəzetinin məlumatına görə, mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulmuş Mais Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov 1,6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirxan Orucov isə 2 il sınaq müddəti olmaqla 3, 6 ay şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

“Media forum” saytı bildirir ki, bununla 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan ictimai-siyasi fəalların sayı 35-ə çatıb. Onların 16-sı islamçı kəsimi təmsil edir. Daha əvvəl bu şəxslər məhkum olunmuşdular:

ruhani Azər Cəbiyev - 2 il 6 ay;
ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;
ruhani Fəxri İlyasov - 3 il 6 ay;
ruhani İlqar Musayev - 3 il;
Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;
AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;
AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;
Ruhani Fəramiz Abbasov - 11 il;
Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;
Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;
hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;
hicab məhbusu - Nurani Məmmədov - 2 il;
hicab məhbusu - Rüfət Miriyev - 2 il.

Daha 6 hicab məhbusunun istintaqı davam edir. Avqust ayında tutulan “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov, ruhanilər Abgül Süleymanov və Arif Qəniyev də istintaq altındadırlar.

İslamçı kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb: “Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın və oyaq olsun. Əgər bir şəxslər bizim dinimizə, bizim mənəviyyatımıza, bizim axirətimizə əl uzadarlarsa, biz də onların dünyasına əl uzadarıq”.


Geri qayıt