Əsas Səhifə > Gündəm, Manşet > KREDİT TƏŞKİLATINA QARŞI İLGİNC İTTİHAM

KREDİT TƏŞKİLATINA QARŞI İLGİNC İTTİHAM


4-06-2012, 11:51
KREDİT TƏŞKİLATINA QARŞI İLGİNC İTTİHAM

ŞOK: “FİNCA-AZERBAİJAN” TƏŞKİLATI ÖLÜDƏN DƏ PUL ÇIXARMAQ İSTƏYİR!

DİA.AZ: - Cəlilabad rayonu Ocaqlı kənd sakini Həsənov Azər tərəfindən redaksiyamıza “Finca Azerbaijan” kredit təşkilatı ilə bağlı şikayət məktubu daxil olub. Şikayət məktibinda çox ilginc məqamlara yer ayrılıb.

DİA.AZ-a daxil olan vətəndaş şikayətini olduğu kimi diqqətinizə çatdırırıq: “Yazıb sizə bildirirəm ki, 29 aprel tarixində yaşadığımız Cəlilabad rayonunun Ocaqlı kəndində müdhiş hadisə baş verdi və ailəm ağır itkilərlə üzləşdi. Port-İliç qəsəbəsindən olan Əskərov İsmayıl Elnur oğlu adlı birisi kəndimizin ərazisinə soxularaq ailə üzlərimizə bıçaq xəsarətləri yetirdi. Nəticədə atam Həsənov Xurşud və qardaşım Həsənov Afət vəfat etdi, mən və qardaşım Yasər isə çoxsaylı xəsarətlər aldıq. Əskərov İsmayıl dəfələrlə karate üzrə müxtəlif yarışlarda yerlər tutub və əsəb pozğunluğu keçirib. Bu hadisənin obyektiv araşdırılması üçün dövlət orqanlarına məktublar ünvanlamışam. Məsələnin ədalətli araşdırılması üçün sizin də köməklik etməyinizi rica edirəm.

Bu ağır hadisədən sonra ailəmizə ikinci zərbəni “Finca” qeyri-bank kredit təşkilatı vurmuşdur. Faciəli şəkildə öldürülən qardaşım Həsənov Afət “Finca”-nın Cəlilabad fililalından 1000 manat kredit pul götürmüşdü. Onun 8 ayını hər ay 107 manat olmaqla ödəmiş, 4 ayı, yəni təxminən 400 manat məbləğində borcu qalmışdı. İndi bankın işçiləri üstümüzə düşüblər ki, həmin pulu ödəməlisiniz. Əsas gətirirlər ki, biz müştərilərlə sığorta müqaviləsi bağlamırıq. Qardaşım rəhmətə gedib, o pula mən zamin durmuşam, mənimsə əlimə 40 yerdən tikiş atılıb, əməliyyat olunmuşam, şikəst vəziyyətə düşmüşəm. O biri qardaşım Yasər 2-ci qrup əlil idi, ona da bu hadisədə baş nahiyəsinə və qoluna bıçaq zərbələri dəyib. Xəstəxanalara və iynə-dərmanlara külli-miqdarda pulumuz çıxıb. İndi də bunlar üstümüzə düşüblər ki, pulu ödəməlisiniz. Belə inafsızlıq olmaz! Elman Rüstəmov hara baxır, respublikada sələm soyğunçuluğu baş alıb gedir və günü-gündən dəhşətli şəkil alır. Bunlar ölən adamdan da pul tələb edirlər. Guya bizə hörmətləri o olacaq ki, faiz pulunu çıxacaqlar, qalan pulu, 330 manatı isə ödəməliyik. Mən məcbur qalıb 107 manat bu ayın aylığını onlara ödədim, qalan ayları isə ödəməyə inkanım yoxdur.

Respublikada “Finca” sələm təşkilatından kütləvi şəkildə narazılıq var, amma nədənsə heç bir dövlət orqanı reaksiya vermir. O pulu qardaşım Afət qrup halında götürmüşdü, “Finca”-nın işçiləri bildirirlər ki, əgər pulu verməsəniz, həmin pulu qrupun başqa işçiləri arasında bölüb onlardan alacağıq. Yəni narazılıq yaratmaq istəyirlər ki, qrup üzvləri olan həmkəndlilərimizi bizim üstümüzə salsınlar. Xahiş edirəm ki, bu özbaşınalığı respublika ictimaiyyətinin və dövlət orqanlarının diqqətinə çatdırın. Nəzərinizə çatdırıram ki, “Finca” ən yüksək faizlə pul verən və heç bir mənəvi hüdud tanımayan kredit təşkilatıdır. Bu sələmçi təşkilatla hüquq mühafizə orqanlarımızın yaxından maraqlanması və vətəndaşlarımızın əzilməsinə son qoyulması lazımdır.

Nəyə görə sələm təşkilatlarına bu formada vətəndaşlarımızın qanını içməyə imkan verilib? Çoxusu heç bank da deyildir, QHT kimi fəaliyyət göstərib qanımızı içir. Uzun illərdir ki, “Finca” kimi onlarla bank xalqımızı sələm məngənəsində boğur, açıq-aşkar genosid edir. Nəyə görə dövlətimiz insanlarımızı bu cür qaniçən mexanizmlərdən qorumur? Əgər bir təşkilat ölənimizə, itənimizə də rəhm etmirsə, bu cür təşkilatları respublika ərasinə niyə buraxırsınız? Elman Rüstəmovdan bunları soruşun. Nəyə görə bu qədər yüksək bank sələmi MDB ölkələrində yalnız bizdədir? Keçmiş Sovet respublikalarının heç birində bu cür özbaşınalıq yoxdur. Elə bir ev yoxdur ki, banklara sələm borcu olmasın, sıxma-boğmaya salınmasın. Xahiş edirəm “Finca” təşkilatının oyunlarına son qoyun”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt