Əsas Səhifə > Gündəm, Manşet > MƏCBURİ KÖÇKÜN MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRÜLÜR

MƏCBURİ KÖÇKÜN MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRÜLÜR


1-06-2012, 10:25
MƏCBURİ KÖÇKÜN MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRÜLÜR

NƏDƏN İCRA MƏMURLARI ÇIXARILAN QƏRARIN İCRASINA MARAQ GÖSTƏRMİR?

DİA.AZ: - Ağdam rayonu Novruzlu kəndindən məcburi köçkün, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ev-33, mənzil 15-də yaşayan Əliyeva Gülguşə Fətiş qızı redaksiyamıza şikayət məktubu ilə müraciət edib. Bildirək ki, eyni zamanda prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ünvanlanan şikayət məktubunda son zamanların ən aktual problemlərindən olan borc məsələsindən danışılır.

DİA.AZ-a daxil olan məktubda deyilir: “16 fevral 2010-cu il tarixdə notariat qaydasında bağlanmış AR-1 078018 saylı kredit müqaviləsinə əsasən İsmayılova Kifayət Vəli qızı məndən 5700 manat pul almış və həmin pulu tam olaraq 16 may 2010-cu il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərini pozaraq pulu qaytarmayan K.İsmayılovadan 5700 manat alınıb mənə veriləmsi barədə Mingəçevir şəhər məhkəməsinin 28 sentyabr 2010-cu il tarixdə qəbul etdiyi Əmr icraya yönəlmişdir.

Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsindəki 96 saylı evdə ailəsi ilə birlikdə yaşayan, mənə olan borcunu ödəməkdən qərəzli olaraq boyun qaçıran K.İsmayılova haqqında qanuni tədbir görülməsi və borcun ödənilməsinin təmin olunması barədə Abşeron rayon İcra bölməsinə etdiyim çoxsaylı müraciətlərə qətiyyən baxılmır, məhkəmənin əmrinə əməl etməyən K.İsmayılova haqqında Abşeron rayon İcra bölməsinin rəisi Füzuli Hüseynov və icra məmuru Məhəmməd adlı şəxs heç bir qanuni tədbir görmür, öz vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşaraq süründürməçiliklə, mənə yalan vədlər verməklə məşğul olurlar, nəticədə mənəvi zərər vurur, qanunlar pozulur, şikayətlərin əmələ gəlməsinə şərait yaradırlar.

Abşeron rayon İcra bölməsinin icra məmuru Məhəmməd adlı şəxs hansısa çirkin maraqlara görəsə borclu Kifayət İsmayılova ilə mehriban münasibət yaradaraq onu bacardığı qədər müdafiə edir, nəticədə bu günə qədər borclu mənə 1 manat da olsun pul ödəməmişdir. Bütün bunlar açıq-aşkar süründürməçilik, məhkəmə əmrini bilərəkdən icra etməmə, yəni korrupsiya əlamətləridir.

Məcburi köçkün və müəllimə qadın olaraq bu ədalətsizliyə son qoyulması, 5700 manat borcun Kifayət İsmayılovadan tam şəkildə alınaraq mənə verilməsi, Azərbaycan Qanunlarının və vəzifə borcunun icrasına məsuliyyətsiz yanaşan Məhəmməd adlı İcra məmuru və onun rəisi Füzuli Hüseynov, eləcə də məhkəmənin əmrinə əməl etməkdən qəsdən boyun qaçıran K.İsmayılova haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1 maddələrinə əsasən tədbir görülməsi üçün göstəriş verməyinizi xahiş edirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq.


Geri qayıt