Əsas Səhifə > Güney Press / Manşet > DƏRMAN BAZARINDA RƏQABƏT BÖYÜYÜR

DƏRMAN BAZARINDA RƏQABƏT BÖYÜYÜR


29-05-2012, 16:34
DƏRMAN BAZARINDA RƏQABƏT BÖYÜYÜR

SN PREZİDENTİN QOHUMUNUN ŞİRKƏTİNƏ ƏLAVƏ QADAĞALAR TƏTBİQ EDİR

DİA.AZ: - Azərbaycanda “Buflomedil” tərkibli dərman preparatlarının və xaricə istifadə edilən 100 faizli bor turşusunun dövlət qeydiyyatı ləğv edilib, “Qatifloksasin”in qeydiyyatına icazə verilməməsi barədə qərar qəbul edilib. Bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) provizoru Gülnarə Daşdəmirova bildirib.

Onun sözlərinə görə, bu haqda nazirliyin Farmokoloji və Farmakopeya Ekspert Şurasının son iclasında qərar qəbul olunub. G. Daşdəmirova deyib ki, bor turşusu tərkibli “Leyner” məlhəmi və “Teymurov” pastası ilə bağlı isə müzakirələr aparılır və yaxın zamanlarda müvafiq qərar qəbul ediləcək: “Avropa ölkələrində bor turşusunun istifadəsindən tamamilə imtina edən ölkə yoxdur. Yalnız tərkibinə görə, bəzi preparatlara məhdudiyyətlər qoyulur. Avropa ölkələrində tərkibi 3 faizdən artıq olan bor turşusunun istifadəsi dayandırılıb. “Leyner” məlhəmində həmin tərkib 2,5, “Teymurov” pastasında isə 7 faizdir. Bu preparatlarla bağlı mütəxəssislərə tapşırıq verilib, onlar bu barədə müzakirələr aparıb şuraya hesabat verəcəklər”.

G. Daşdəmirova bildirib ki, “Buflomedil” tərkibli 4 adda dərman vasitələrindən 3-ü İtaliya istehsalıdır və artıq həmin şirkət də istehsalı dayandırmaq barədə qərar qəbul edib. Digər dərman preparatı isə Yunanıstan istehsalıdır.

G. Daşdəmirova şuranın iclasında “Qatifloksasin”in qeydiyyatına icazə verilməməsi barədə qərar qəbul edildiyini də bildirib. O deyib ki, “Qatifloksasin”in tərkibli dərman vasitələrinin qeydiyyatına baxılmayacaq.

Qeyd edək ki, DVAEM Azərbaycanda “Buflomedil” və bor turşusu tərkibli preparatların dövlət qeydiyyatının ləğv olunması, “Qatifloksasin”in isə qeydiyyatına icazə verilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin Farmokaloji və Farmakopeya Ekspert Şurasına müraciət edib. Müraciətdə bildirilir ki, yerli istifadə olunan bor turşusu preparatlarının yüksək toksikliyi bəzi hallarda uşaqların ölümünə səbəb olub. “Buflomedil” tərkibli preparatların kardioloji və nevroloji sistemlərdə törətdiyi riskləri faydalı effektə nisbətən daha artıqdır. “Qatifloksasin” isə həyat üçün təhlükəli olan hipo və hiperqlikemiya yarada bilər. Belə mənfi əlavə təsirlər təkcə şəkərli diabet xəstələrində deyil, həmçinin anamnezində bu xəstəliyi olmayan insanlarda da rast gəlinib. Preparatdan istifadə həm də qlikemik homeostaz prosesinin gedişatının pozulmasına da səbəb olur.

Onu da bildirək ki, həm “Buflomedil” və həm də “Qatifloksasin” prezidentin əmisi oğlu İlqar Əliyevə məxsus “RiadFARM” tərəfindən ölkəyə gətirilir. Elə buna görə də DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, səlində səhiyyə nazirliyinin həmin adda dərmanlara qadağa qoyması sırf olaraq dərman bazarında cərəyan edən olaylarla bağlıdır.

Xatırladaq ki, neçə müddətdir sözügedən bazarda ciddi rəqabət gedir. Birbaşa olaraq SN rəhbərliyinin dəstəklədiyi “Avromed” (deputat Cavanşir Feyziyev rəhbərlik edir –red.) şirkəti dərman bazarından İlqar Əliyevin şirkətini sıxışdırıb çıxarmaqdadır. Keçən dəfə isə bu şirkətin Hindistan və Pakistandan dərman idxalına qadağa qoyulmuşdu.


Geri qayıt