Əsas Səhifə > Siyasət, Manşet > MƏLEYKƏ ABBASZADƏ NAZİR POSTUNA GƏTİRİLİR

MƏLEYKƏ ABBASZADƏ NAZİR POSTUNA GƏTİRİLİR


29-05-2012, 13:22
MƏLEYKƏ ABBASZADƏ NAZİR POSTUNA GƏTİRİLİR

MİSİR MƏRDANOVU «TƏRKİSİLAH PLANI» BAŞA ÇATMAQ ÜZƏRƏDİR

DİA.AZ: - Uzun müddətdir ki, Misir Mərdanov hədəfdədir. Bir-birinin ardından səlahiyyətlərini itirən təhsil nazirini sanki tədricən tərkisilah edən rəqibləri, ona həm də mənəvi işgəncə verirmiş kimi davranırlar. Bunun da nəticəsidir ki, Misir Mərdanov özünün vəzifə ehtiraslarını «Son zəng»ə hazırlıq, yeni dərs kitablarının dərci kimi tədbirlərlə bağlı göstərişlər verməklə söndürür.

Gələn məlumatlar da təsdiqləyir ki, əslində Misir Mərdanov öz vəzifə kürsüsündə son günlərini keçirməkdədir və artıq onun gedişi ilə bağlı verilən qərar qətiləşib. Xatırladaq ki, keçən ilin sentyabr ayında da Misir Mərdanov vəzifəsindən azad edilmənin bir addımlığında idi. Amma bəzi qüvvələr bu işə mane oldular.

Daxil olan məlumatlarda deyilir ki, son günlər gərgin anlarını yaşayan təhsil naziri Misir Mərdanov digər tərəfdən də peşmançılıq hissi keçirir. Eəhsil nazirliyindəki qaynaqların söylədiklərindən belə məlum olur ki, artıq günlərin birində və özü də çox yaxın günlərdə vəzifəsini itirəcəyini göz önünə alan Misir Mərdanov ciddi şəkildə duyğusallığa qapılıb: «Dünənə qədər emosiyalara yox, reallığın diqtəsinə boyun əyən Misir Mərdanovdan əsər-əlamət qalmayıb».

Beləcə yetərincə duyğusallaşan Misiri Mərdanovla bağlı DİA.AZ-a ötürülən məlumatda deyilir ki, yola saldığımız bazar gününü təhsil naziri yaxınları ilə birgə bağ evində keçirib və hətta dostlarından bəzilərinin də iştirakı ilə bağ evində ziyafət də təşkil edib.

Həmin ziyafətdə iştirak edən Qərbi Azərbaycan bölgəsi mənsublarından birinin söylədikləri: «Sanki bir vida mərasimi idi. Özünü şən göstərməyə çalışan Misir müəllim əslində xeyli kövrəldi. «Avroviziya»dan xeyli danışdı, 28 May Respublika gününü xatırlatdı. Bildirdi ki, bu onun nazir kimi son tədbirləridir. Gah qonaqlara kabab çəkdi, gah nəvələrinə öz əli ilə kabab yedirtdi, gah da çoxlu sayda səhvlərinin olduğunu bildirərək yaxınlarına onun həyatından dərs çıxarmağı, onun yanlışlarını təkrarlamamağı bildirdi».

Ziyafət iştirakçısının sözlərindən məlum olur ki, daha sonra Misir Mərdanov 13 saylı cəzaçəkmə müəssisənidə tutuqlu saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində də danışmağa başlayıb: «Misir Mərdanovu ilk dəfə idi ki, belə görürdüm. Əli İnsanovdan danışdı və sonra gözləri doldu. Dedi ki, Əli İnsanov cüzi yanlışının qurbanı olub. Və əgər həmin anı geri qaytarsaydılar, o, tamam fərqli davranardı».

Mənbəmiz Misir Mərdanovun «tamam fərqli davranardım» fikrinin ardında hansı məntiqin dayandığını izahlaya bilməsə də, yalnız bunları söylədi: «Artıq Misir Mərdanov vəzifənin əbədi olmadığını və hər şey demək olmadığını anlamış durumdadır. Və çox güman o, bir zamanlar məhz vəzifədə qala bilməsi üçün Əli İnsanova etdiyi xəyanətindən peşmançlıq hissi keçirir».

Onu da xatırladaq ki, artıq bir neçə gündür ki, təhsil naziri Misir Mərdanovun vəzifəsindən gedəcəyi və onun yerinə yeni birisinin gətiriləcəyi barədə söz-söhbətlər gəzir. Ölkə mətbuatının versiyasına görə, yeni nazir BDU-nun prorektoru, Moskva Dövlət Universitetinin Bakı fililalının rektoru Nərgiz Paşayeva olacaq.

Verilən məlumata görə, hal hazırda Misir Mərdanovun vəziyyəti həqiqətən də ağırdır. Keçən il - yəni dərs ilinin başlanğıcında üç müavini ilə vidalaşan nazirin bundan sonrakı günlərdə - yəni dərs ilinin sonunda özünün də postundan gedəcəyi istisna edilmir. Amma hakimiyyətdəki mənbələr yeni nazirin Nərgiz Paşayeva olacağı barədə yayılmış məlumatları təsdiq etmirlər. Onlar bildirirlər ki, indiki məqamda iqtidar mənsubları belə bir addım atmaq fikrində deyillər.

Mənbənin dediyinə görə, hələlik Misir Mərdanovu əvəzləyəcək əsas namizədlər sırasında TQDK rəhbəri Məleykə Abbaszadə başda dayanır. Bu da onunla bağlıdır ki, Abbaszadə faktiki olaraq təhsil sistemini yaxşı bilir və indiyə qədər TQDK rəhbəri olaraq hakimiyyətin bütün tapşırıqlarını həyata keçirməyi bacarıb. Digər tərəfdən, TQDK rəhbərinin də xeyli müddətdir təhsil naziri olmasına dair istəkləri mövcuddur. Və təbii ki, əlverişli məqam yaranacağı təqdirdə bu şansı əldən verməmək üçün addım atacaq. Həmçinin nəzərə alaq ki, Abbaszadə hakimiyyətin aparıcı qruplaşmalarından biri tərəfindən dəstəklənir.


Geri qayıt