Əsas Səhifə > Sosial, Manşet > SƏFƏR ƏBİYEVƏ DAHA BİR ZƏRBƏ

SƏFƏR ƏBİYEVƏ DAHA BİR ZƏRBƏ


28-05-2012, 14:15
SƏFƏR ƏBİYEVƏ  DAHA BİR ZƏRBƏ

ARTIQ HÖKUMƏTDƏ MÜDAFİƏ NAZİRİNİN SÖZÜNÜ EŞİTMİRLƏR

DİA.AZ: - Bəzi informasiya mənbələrində belə məlumatlar var ki, bu ilin iyun ayında - Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının məvaciblərinin orta hesabla 30 faiz artırılması gözlənilir. Məlumatlarda qeyd edilir ki, hazırda bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin maliyyə idarəsinin nümayəndələri iş aparırlar. Bundan sonra hazırlanacaq sənəd Maliyyə Nazirliyinin müvafiq idarəsinə təqdim olunacaq. Həmin məlumatlar həqiqətəuyğun deyil. Bu barədə əməkdaşımızla söhbətində hərbi sistemə yaxın bir mənbə bildirib.

Mənbə DİA.AZ-a deyib ki, 30 faizlik artım Səfər Əbiyevin arzusudur. "Nazirin ordu daxilində və ümumilikdə cəmiyyətdə nüfuzu son vaxtlar kəskin sarsılıb. Həm ictimai rəydə müdafiə nazirinə qarşı bir qıcıq var, həm də hətta ordunun zabit heyəti belə, artıq Səfər Əbiyevə tam bir etimadsızlıq mühiti içərisindədir. Nazir isə bu durumu nisbətən yumşaltmaq üçün hərbi qulluqçuların maddi durumunu yaxşılaşdırmaq üçün səylərə başlayıb. Bu məqsədlə də onların maaşlarının 30 faiz artırılacağı söhbətini gündəmə gətirib" - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, ordu rəhbərliyi 30 faizlik maaş artımı ilə bağlı ötən ayın sonlarında hökumətə rəsmi müraciət də edib. Amma müzakirələrdən sonra müdafiə nazirinə rədd cavabı verilib. Səfər Əbiyev isə hərbi qulluqçuların maaşlarının artırılmasında israr edir və heç olmasa, 10 faizlik artım barədə qərarın qəbuluna nail olmağa çalışır.

Adının çəkilməsini istəməyən hərbi ekspert də müdafiə naziri Səfər Əbiyevin hərbi qulluqçuların maaşlarının artırılması üçün hökumətə müraciətini təsdiqləyib. "Amma indidən artımın məbləği barədə demək çətindir. İyun ayının əvvəllərinə qədər artımın dəqiq miqdarı bəlli olacaq", - deyə ekspert sözlərinə əlavə edib. Onun sözlərinə görə, hərbi qulluqçulara ərzaq əvəzinə verilən kompensasiyanın və "rütbə pulu"nun miqdarının da artırılması müzakirə mövzusudur.

"Bəs siz özünüz necə, 30 faizlik artım olacağını real sayırsınızmı" sualına hərbi ekspert belə cavab verib: "Bu, Səfər Əbiyevin arzusudur. O, bununla ordu daxilində özünə qarşı get-gedə güclənən müxalifəti qismən də olsa zəiflətməyə, susdurmağa çalışır. Amma mən hesab etmirəm ki, müdafiə nazirinin 30 faizlik maaş artımı istəyi reallaşsın. Hökumətdə Əbiyevə qarşı münasibət mənfiyə doğru xeyli dəyişib, onun əvəzlənməsi üçün münbit zəmin hazırlanır. Belədə nazirin mövqelərini gücləndirə biləcək ciddi məbləğdə maaş artımının mümkünlüyü ağlabatan deyil".


Geri qayıt