Əsas Səhifə > Cəmiyyət > “BİZİM MİLLƏT MÜTİ OLMAĞA LAYİQ DEYİL”

“BİZİM MİLLƏT MÜTİ OLMAĞA LAYİQ DEYİL”


27-05-2012, 11:13
“BİZİM MİLLƏT MÜTİ OLMAĞA LAYİQ DEYİL”

“İQTİDAR DA, MÜXALİFƏT DƏ XALQ ONLARIN TƏRƏFİNDƏ OLANDA GÜCLƏNİR”

DİA.AZ: - Azərbaycandakı ictimai-siyasi durum və cəmiyyət olaraq qarşılaşdığımız problemlərlə bağlı Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə söhbətləşdik.

- Bir ziyalı olaraq ölkədəki vəziyyəti necə dəyərləndirərdiniz?
- Bir ziyalı olaraq mənim ölkədə cərəyan edən proskslərə münasibətim olduqca mənfidir. İqtisadi inkişafın paytaxtın simasında öz əksini tapmasına rəğmən əhalinin sosial-iqtisadi durumu çox pis vəziyyətdədir. »Eurovision» ərəfəsi şəhərin abadlaşdırılması çox yaxşıdır və mən də bir vətəndaş olaraq bundan razıyam. Amma bütün bunlar nəyin bahasınadır? Bu gün ən çox arzuolunan məsələ əhalinin rifahının düzəlməsidir. Çünki bu gün camaat sosial problemlər məngənəsində sıxılmaqdadır. Hamı bir tikə çörəyin hayındadır.

- Daha çox nədən narazısınız?
- Bu gün məni ən çox narahat edən odur ki, millət düşüncəsini itirib. Mənim yaşım çoxdur, sovet dövrünün çətin dönəmlərindən keçib bu günə gələnlərdən biriyəm. Necə ağır bir durum olsaydı belə özünü ziyalı sayan, ziyalı hesab olunan təbəqə xalqa öz fikirlərini çatdırmaq yollarını tapırdılar. Kimisi öz əsəri, kimisi hansısa formada öz addımı, kimiləri də bir başqa vasitələrlə xalqı ayıltmağın yollarını düşünürdü. Totalitarizmin höküm sürdüyü bir cəmiyyətdə Bəxtiyar Vahabzadə və onunla bir sırada duran yazarlarımız vardı ki, onlar öz əsərləri ilə camaatı oyatmağa çalışırdılar. Anarın özü həmçinin. Amma bu gün Anar susub. Sovet hökumətinə qarşı çıxan Anar bu gün ağzını açıb bir kəlmə söz deyə bilmir. Millətin aydınları da qabaqda getməsə, millətin aydınları da yol göstərməsə, onda millət manqurta çevrilir. Bu gün məni ən çox narahat edən də odur ki, millət manqurta çevrilməsin. Yəni bu gün bizim hər zamankından daha çox millətin öz sözünü deməyə gücünün çatmasına, öz haqlarını tələb etməyi bacarmasına ehtiyacımız var. Bizim millət müti olmağa layiq deyil. Çünki millətimiz heç zaman belə olmayıb. Bu gün isə millət çörək tapıb ailəsini doyuzdurmaq hayındadır.

- Deyirsiniz ki, xalqı düşdüyü vəziyyətdən xilas etmək üçün səfərbər edəcək ziyalılar ordusunun böyük əksəriyyəti susqunluğa qərq olub. Bu susqunluğun səbəbi nədir?
- Qorxu.

- Kimdən və nədən?
- Bilmirəm nədən. O ziyalılar ki, hərəsi öz sahəsində gücü çatan qədər sovet dövründə insanları ayıltmağa çalışırdılar, onların hərəsi bu gün bir kənara çəkilib, ancaq öz ilələrini, şaqlarını düşünürlər. Düzdür, bu gün də qabaqda olan aydınlarımız var. Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Eldar Namazov və digərləri yenə də öndədirdər. Amma onlar azdırlar. Sovet dönəmində ziyalılarda saf ruh vardı və onlar milləti şüurlu düşünməyə çağırırdılar.

- Azərbaycanda insan haqları qorunur və yaxud da əksinə, insan haqları kütləvi şəkildə kobudcasına pozulur?
- Şübhəsiz, Azərbaycanda insan haqları kütləvi şəkildə kobudcasına pozlur. Özü də məmurlar tərəfindən. Korrupsiya baş alıb gedir, məhkəmələr korrupsiyanın yuvasına çevriliblər. Biz bir çox məsələlərlə bağlı məhkəmə işlərində yaxından iştirak edirik. Həmin məhkəmə işlərinin əksəriyyəti də qadınlarla bağlı olur. Bir çox hallarda da biz həmin məhkəmələrdə uduruq. Bizim cəmiyyətimiz artıq neçə illərdir oturuşduğu üçün 10 məhkəmə işindən heç olmasa beşini uduruq. Amma elə məhkəmə sədrləri, hakimləri var ki, onlar həqiqətən də özlərinin mantiyasını qürurla daşıya, haqqı, ədaləti qoruya bilərlər. Elələri də var ki, onlar ağa qara deyib dururlar. Bir insana ki, küçəyə çıxıb »Azadlıq!» dediyi üçün 3 il həbs cəzası verilir, bu, hansı məntiqə, hansı ədalətə, hansı əxlaqa, hansı haqqa söykənir?

- İqtidarla müxalifət bir birini Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicini korlamaqda ittiham edir. Sizcə bu məsələdə daha çox kim haqlıdır?
- Əgər hakimiyyət ölkənin imicinin korlanmasını istəmirsə o zaman vicdan məhbuslarını azadlığa buraxsın. Görək ondan sonra hansısa müxalifət təmsilçisi küçəyə çıxacaq? Hakimiyyət belə bir addım atarsa, bütün beynəlxalq aləmdə Azərbaycanın imicinin yaxşıya doğru düzəlməsində böyük iş görmüş olar. Baxmayaraq ki, Rusiyada da siyasi məhbus məsələsi vardı, amma orada »Eurovision» yarışması keçirildi. Ermənistanda da, Gürcüstanda da, Özbəkistanda və bütövlükdə əksər ölkələrdə siyasi məhbus məsələsi var, amma Azərbaycan onlardan fərqli ölkə olduğunu dünyaya bəyan etməlidir ki, daha da irəli getmiş olsun.

- Hakimiyyət müxalifəti radikallıqda, düşmən mövqeyindən çıxış etməkdə günahlandırır...
- Xeyr, əsla bu belə deyil. Mənim müxalifətdə təmsil olunanlarla yaxından məlumatım var. Müxalifət hər dəfə müəyyən vasitələrlə hakimiyyətə jest edir, güzəşdə gedir. Neçə dəfələrlə Müsavatın başqanı İsa Qəmbər »Eurovision» yarışmasını siyasiləşdirməyin əleyhinə olduğunu bildirib, çox vaxt aqressiv olmayıb da. Belə olan halda bunlar nə istəyir?

- Eyni zamanda müxalifətin xarici qüvvələrin əlində vasitə olduğu ittihamı var...
- Azərbaycan müxalifətində təmsil olnanlar ziyalı insanlardır və onlar ölkənin dağıntılara məruz qalmasını, bir nəfər də olsun kiminsə burnunun qanamasını istəməzlər. Əbülfəz Elçibəy məhz ona görə hakimiyyətdən də, paytaxtdan da getdi ki, qardaş-qardaşı öldürə bilər. Azərbaycan müxalifəti digər ölkələrin müxalifətindən fərqli olaraq çox-çox yüksəkdə dayanır, heç vaxt da kiminsə əlində alət olmayıb. Eyni zamanda da Azərbaycan hakimiyyəti də kiminsə göstərişi ilə öz siyasətini müəyyənləşdirmir. Özü öz siyasətini müstəqil olaraq yürüdür. Xarici siyasətini də çox təmkinli, ehtiyyatlı aparır. Axı Azərbaycan müxalifəti nə edib ki, kiminsə əlində ələtə çevrilməkdə təqsirləndirilir, haranı dağıdıb ki, dağıdıcılıqda ittiham olunur? Müxalifət nə deyir ki? Müxalifət deyir ki, imzaladığınız beynəlxalq konvensiyaların şərtlərinə, götürdüyünüz öhdəliklərə əməl edin. Heydər Əliyevin son çıxışlarının lent yazısını izlədim. O, müxalifətlə danışıqlar aparılmasının, bir massa arxasında oturmağın, müxalifətə əl uzatmağın zəruriliyindən danışırdı. Axı bunları hakimiyyətdəkilərin böyüyü, liderləri deyib. Doğrudan da Heydər Əliyev müxalifətlə dil tapırdı, jurnalistlərin yanına gedirdi və mətbuat tərəfindən qəbul olunurdu da. 1993-98- kimi müxalifətdən çox adam həbs olundu. Amma sonra onların hamısı Heydər Əliyev tərəfindən azadlığa buraxıldı. O, jurnalistləri həbs etmirdi və onun vaxtında müxalifətin izdihamlı mitinqləri də keçirilirdi. Heydər Əliyev güclü insan idi, heç kimdən də qorxmurdu. Deməli, bu hakimiyyət qorxur ki, mitinqlərin keçirilməsinə də icazə vermir.

- Hakimiyyət nüfuz, yoxsa zor baxımından güclüdür? Hansı halda hakimiyyətlə müxalifəti bərabər müstəvidə görmək olar?
- Bir birinə bərabər olduqlarını deyə bilmərəm. Hesab edirəm ki, müxalifət də bir balaca gücsüzləşib, iqtidar da gücsüzdür ki, özünü belə aparır. Nüfuza gəlincə, xalqın nə iqtidarı, nə də müxalifəti sevdiyini görmürəm. Bu gün xalqı nə iqtidar, nə də müxalifət düşündürür, xalq yalnız bir tikə çörək tapmaq çabasındadır. İqtidar düşərgəsində də çox gözəl insanlar var və onlar bu vəziyyəti yaxşı başa düşürlər. Eyni zamanda müxalifətdə də çox gözəl insanlar var ki, biz onlarla dərdləşə bilirik. Yəni o tərəfdə də, bu tərəfdə də nüfuzlu insanlar kifayət qədərdir. Sadəcə olaraq yürüdülən siyasət pisdir. Bu gün müxalifətlə iqtidarın bir birinə qarşı real addım atması 13 siyasi məhbusun azadlıca buraxılması olardı. Hesab edirəm ki, bu hər iki tərəf üçün çox böyük addım olacaq.

- Hər iki cəbhənin bugünkü duruma düşməsinin səbəblərini kimdə və nədə axtarmaq lazım gəlir?
- Millətin biganəliyində. İqtidar da müxalifət də xalq onların tərəfində olanda güclənir. Xalq isə nə onun, nə də bunun tərəfindədir.

- Ölkədəki situasiyanın dəyişdirilməsində xarici faktorlarsız mümkün olmayacağı fikrinə şərik çıxırsınız?
- Beynəlxalq qurumlar Azərbaycanda nə edə bilərlər ki? Onlar burada heç nə eləyə bilməzlər, sadəcə olaraq vəziyyətlə bağlı hesabat hazırlaya, qüsurlarlar barədə fikirlərini səsləndirə bilərlər. Amma onlar Azərbaycanda inqilab etməyəcəklər. Əgər beynəlxalq təşkilatların gücü olsaydı, bu gün biz başqa mənzərənin şahidi olardıq. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı beynəlxalq təşkilatlar neçə-neçə qətnamələr qəbul ediblər. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağsız sərhədlərin pozulduğunu deyirlər. İşğal olunmuş ərazilərin qaytarılması barədə öz mövqelərini də açıqlayırlar. Bəs niyə ərazilərimizi geri qaytarmırlar? Bütün bunların hamısını Azərbaycan müxalifəti də yaxşı bilir.

- Qərb dünyası üçün Azərbaycanda dəyişikliyin olb olmamasının fərqi yoxdur, yoxsa, burada daha çox İran və rusiya faktorundan ehtiyatlılıq var?
- Azərbaycanın yerləşdiyi geopolitik durum elədir ki, Qərb dünyası ondan da ehtiyatlanırlar. Hızarkı durumda onlar üçün həm rusiya vacibdir, həm də İranda atom silahına malik olma prosesinin dayandırılması zəruridir. Belə bir vəziyyətdə beynəlxalq qurumlar da Azərbaycanda inqilabdan danışmağın yersiz olduğunu nəzərə alırlar. Bunu müxalifət də, iqtidar da bilir.

- Müsəlman ölkələrinin zəngin sərvətlərə malik olması faktının baş bəlasına çevrildiyi iddia olunur. Necə düşünürsünüz, zəngin milli sərvət, yoxsa ondan istifadə imkanlarının düzgün qiymətləndirilməməsi fəlakətlərə yol açır?
- Milli sərvətin baş bəlasına çevrilməsi fikri yanlış yanaşmadır. Norvec də zəngin təbii sərvətlərə malik ölkədir. Bu ölkə insanların ən çox məvacib aldığı dövlət kimi tanınır. Ən çox təqaüd alanlar da Norveçdədir və hər bir insanın adına nə qədər böyük miqdarda pul yazılır. Bəs niyə onlarda da rüşvət, korrupsiya faktlarına rast gəlinmir? Əgər hakimiyyət rüşvətin kökünü birdəfəlik kəsməkdə maraqlıdırsa, onda indiyə qədər yığılan rüşvətə toxunmadığını, amnistiya verdiyini, amma bundan sonra hər hansı formada belə bir fakt aşkarlanarsa, məsuliyyətdən qurtara bilməyəcəklərini açıq şəkildə bəyan etsin. Yəni Gürcüstan prezidenti Saakaşvilinin həyata keçirdiyi tədbirlər Azərbaycanda da reallaşdırılmalıdır. Belə bir istəq həqiqətən ortaya qoyularsa, görün ondan sonra rüşvətin kökü kəsiləcək, yoxsa yox.

- Azərbaycanda QHT rəhbərlərinin həbsi təcrübəsi də var…
- Bu yaxınlarda həbs olunan Oktay Gülalıyevin tutulması çox pis faktdır. Oktay Gülalıyevin həbsinə gəlincə, o hansısa qeyri-qanuni hərəkətlərə yol verməyib, sadəcə olaraq orada seminar keçirib, əhalinin haqlarını araşdırıb. Ona görə də onu azadlığa buraxmalıdırlar. Ucardan Xasməmmədov adlı hüquq müdafiəçisi vardı və o da həbs olunsa da adını çəkən yoxdur. »Qurdlar Vadisi» başlıqlı yazısına görə başı bəlalar çəkib. Eyni zamanda ucarlı jurnalist Fuad Hüseynovun həbsi barədə kimsə danışmır. Nə var, nə var o Ucarda bir polis rəisini öz yazısında tənqid edib. Neçə dəfə onu həbs ediblər, biz azadlığa buraxdırmışıq. Amma yenə də onu tutublar və üzünə də yalançı şahidlər qoyublar. Həmin insanlar Fuadın üzünə durmaqda, yalan ifadə verməkdə məcbur edildiklərini etiraf ediblər. Bilirsiniz, bizdə kim ki, üzdədir, kimin ki, proyekti vardı və ona görə pul almışdı onların adları çəkilir. Amma sadə insanlar heç kimin yadına düşmür. Minlərlə o insanlar bizim yanımıza gəlir ki, onların hüquqları hardasa müdafiə olunmayıb. Axı günahsız həbs olunanlar təkcə üzdə olan jurnalist, hüquq müdafiəçisi, siyasətçi deyil.

- Prezidentlə görüşmək üçün müraciət etmişdiniz. Nə yerdə qaldı həmin müraciət?
- Biz hələ ki, gözləyirik. Biz prezidentə monitorinq qrupu adından müraciət etmişik. İnsan haqları ilə bağlı Azərbaycandakı vəziyyətə dair dövlət başçısına sözümüzün oldğunu bildirmişik. Hətta bu vəziyyətdən çıxış yolları barədə təkliflərimizi də hazırlayıb hökumətə göndərmişik. Bu məsələdə Qubad İbadoğlu bizə köməklik göstərib və sosial problemlərdən xilas yollarını açıqlayıb. Amma buna cavab yoxdur. Təkcə paytaxtda deyil, bütövlükdə ölkənin hər yerində məmur özbaşınalığından bəhs edən sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib.


Geri qayıt