Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN XİN-DƏN TEHRANA İSMARIC

AZƏRBAYCAN XİN-DƏN TEHRANA İSMARIC


23-05-2012, 12:29
AZƏRBAYCAN XİN-DƏN TEHRANA İSMARIC

“AZƏRBAYCAN MÜSTƏQİL BİR ÖLKƏDİR”

İranın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirini dəvət edərək bu ölkənin Azərbaycandakı səfirinin yalnız məsləhətləşmələr xatirinə Tehrana çağırıldığını və hər hansı problemin olmadığını bildirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Turan-a müsahibəsində bildirib.

O, təəssüflə qeyd edib ki, digər tərəfdən də müxtəlif dairələr bunu böyüdərək hansısa bir reaksiya kimi göstərməyə cəhd edir. “Mənə elə gəlir ki, hər bir şəxs, o cümlədən İrandakı o qüvvələr də bilməlidir ki, Azərbaycan müstəqil bir ölkədir. Azərbaycanla bağlı hər hansı bir basqı, hər hansı bir təzyiq, Azərbaycanın siyasətini dəyişdirməyə cəhd faydasızdır və bunu Azərbaycan dövləti heç zaman yaxına buraxmaz və qəbul etməz”, - o vurğulayıb.

Mətbuat katibinin fikrincə, Azərbaycan dünyaya açıq, müasirliyə, modernləşməyə meylli bir ölkədir:“Azərbaycan dünya sivilizasiyasına öz töhfəsini vermiş, zəngin mədəniyyətə və tarixə malik bir ölkədir. Biz heç bir zaman ölkəmizin hansısa ölkə tərəfindən istiqamətləndirilməsinə yol vermərik. Bu baxımdan Azərbaycanın qonşu ölkələrlə yaxınlaşması çox aydın və konkretdir. Bizim yaxınlaşmamız qarşılıqlı hörmət və bir-birinin daxili işinə qarışmamaq prinsipinə söykənir”.

E.Abdullayev İranda Azərbaycan əleyhinə keçirilən etiraz aksiyalarında səslənən fikirləri qəbul etmir: “BuradaAzərbaycan dövlətçiliyi əleyhinə səsləndirilən ifadələr çox mənfi və qəbuledilməzdir. Təbii ki, buna qarşı mövqeyimiz birmənalıdır və adekvat reaksiyamızı da verdik. Bu cür şüarların səsləndirilməsinə heç zaman biganə qala bilmərik və mövqeyimizi də ortaya qoyduq”.

O, İranda “Eurovision” əleyhinə və guya Bakıda gey-paradın keçirilməsini pisləyən bəyanatları absurd hesab edir. “Biz dəfələrlə qeyd etmişik ki, belə paradlar Azərbaycanda keçirilməyəcək və ümumiyyətlə keçirilməsi nəzərdə tutulmur”, - o bildirib.

“Eurovision” mahnı müsabiqəsinə gəlincə, o deyib ki, bu, Avropa səviyyəsində möhtəşəm bir musiqi müsabiqəsidir. Azərbaycan qalib ölkə kimi bu müsabiqəyə ev sahibliyi edir. Müəyyən dairələrin və ya şəxslərin Azərbaycana qarşı ifadələrinə gəlincə, bunu qısqanclıq kimi qəbul etmək olar. Bunu Azərbaycanın inkişafını, dünyaya inteqrasiyasını həzm etməmək kimi qəbul etmək olar. Azərbaycan bu gün bir çox ölkələrə inkişaf, açıqlıq, çoxmədəniyyətlilik, dünyəvilik baxımından nümunədir.

E.Abdullayevin dediklərinə görə, Azərbaycan hər zaman qonşuları ilə münasibətlərinə çox böyük əhəmiyyət verib və qonşu ölkələrə ehtiram nümayiş etdirərək onlarla münasibətlərinin inkişafına çox ədalətli mövqedən yanaşıb. “Biz qonşu ölkələrlə münasibətlərin inkişafında hər zaman maraqlı olmuşuq və onların daxili işlərinə heç bir zaman qarışmamışıq. Onların da bizim daxili işlərimizə qarışmamasını tələb etmişik. Azərbaycan qonşu ölkələrlə hər zaman bərabərhüquqlu, eyni səviyyəli münasibətlərin davam etdirilməsində maraqlı olub. Əminik ki, münasibətlərimiz bu cür də davam edəcək. Bir daha qeyd etmək istəyirəm ki, kiminsə daxili işlərimizə qarışmasına heç zaman imkan verməyəcəyik”, - o bildirib.

E.Abdullayev “Azərbaycan İranla bağlı siyasətinə yenidən baxa bilərmi?” sualının cavabında deyib ki, rəsmi Bakı hər hansı bir ölkə ilə münasibətlərini davam etdirərək ilk növbədə ölkənin, xalqın, dövlətin milli maraqlarını rəhbər tutur: “Bu milli maraqlar baxımından ölkələrlə münasibətlərimizi davam və inkişaf etdiririk. Bu baxımdan Azərbaycanın yanaşması çox aydındır. Biz müstəqil xarici siyasət həyata keçiririk. Bu müstəqil siyasətdə isə önəmli yer alan xalqımızın milli marağıdır”.


Geri qayıt