Əsas Səhifə > Gündəm, Manşet > LƏNKƏRAN ƏLİYEVƏ QARŞI YENİ İDDİA

LƏNKƏRAN ƏLİYEVƏ QARŞI YENİ İDDİA


21-05-2012, 12:56
LƏNKƏRAN ƏLİYEVƏ QARŞI YENİ İDDİA

KEÇMİŞ ƏSGƏRLƏRİ GENERAL-MAYORU MƏHKƏMƏYƏ VERMƏYƏ HAZIRLAŞIR

DİA.AZ: - Neçə müddətdir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının əməkdaşı general-mayor Lənkəran Əliyevlə Müdafiə Nazirliyinin rəhbərliyi arasında «soyuq müharibə» mühiti hökm sürməkdədir. İlk əvvəl mənzil davası ilə başlayan bu gərginlik sonradan tərəflərin bir-birinə qarşı ağır ittihamları ilə müşaiyət olundu ki, bunun ardından da Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamalardan aydın oldu ki, artıq general-mayor Lənkəran Əliyevlə bağlı köhnə cinayət işləri yenidən qaldırılıb və iş artıq hərbi prokurorluqdadır.

Onu da xatırladaq ki, bəzi qaynaqlar Lənkəran Əliyevin Müdafiə Naziri Səfər Əbiyevə qarşı açdığı cəbhədə tək olmadığını, ona birbaşa olaraq Prezident Administrasiyasının rəhbərliyi tərəfindən dəstəyin verildiyini iddia etməklə yanaşı, eyni zamanda Lənkəran Əliyevə açıq dəstək verənlər arasında prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri Vahid Əliyevin olduğunu da bildirirlər. Qeyd edək ki, Vahid Əliyevlə MN rəhbərliyinin toqquşma təcrübəsi hələ çoxdan var və keçən ilin ortalarında prezidentin müşaviri hətta Milli Ordu rəhbərliyinə qarşı təftiş siyasətinə də baş vurdu ki, ayrı-ayrı hərbi hissələrdə aparılan yoxlamaların sonucunda ya bir şey əldə olunmadı, ya də əldə olunan faktların açıqlanmasına icazə verilmədi. Bir sözlə, Vahid Əliyev çoxdan idi ki, Səfər Əbiyevə qarşı hərəkətə keçməsi üçün zamanını gözləməkdə idi. Onun bu düşmənçiliyinin kökündə isə prezidentin müşavirinin müdafiə naziri postunda gözünün olması ilə əlaqələndirilir.

Lənkəran Əliyevə bu yoll dəstək verən Vahid Əliyevin hətta bəzi dairələrdə general-mayora dəstək verdiyi, onu bir sıra təhlükələrdən qoruduğu da söylənilir. Bu barədə danışan məlumatlı mənbə DİA.AZ-a bildirib ki, amma buna rəğmən Lənkəran Əliyevi qorumaq çox çətin olacaq: «Hər halda, dövlət başçısı belə bir şəraitdə Səfər Əbiyevin hansısa hakimiyyətiçi qüvvənin maraqları fonunda sıradan çıxarılmasına imkan verməz. Əksinə, bu gün nazirə qarşı gedən qüvvələrin məğlub olacağı ən çox ehtima olunanıdır».

Bu arada mənbəmiz bir faktı da açıqladı ki, artıq keçmiş əsgərləri də Lənkəran Əliyevi məhkəməyə verməyə hazırlaşırlar. Bildirək ki, bu barədə hələ hadisələrin ilk günündəcə xəbər yayılmışdı və qeyd olunurdu ki, Lənkəran Əliyevin komandanlığı altında hərbi xidmət keçmiş bir qrup vətəndaş məhz həmin dönəmlərdə ağır xəstəliklər tapdığını iddia edərək məhkəməyə baş vurmağa hazırlaşırlar.

Mənbəmiz bildirir ki, Lənkəran Əliyevin təxminən 20-yə yaxın keçmiş əsgəri həkimdən aldıqları arayışları və xəstəlik kağızları ilə hərbi tribunala müraciət edəcəklər: «Onların əksəriyyəti bu gün ata ola bilmirlər ki, sağlamlıqlarını da məhz Lənkəran Əliyevin komandanlığı altında hərbi xidmət keçdikləri zaman itiriblər».


Geri qayıt